İndiyədək vətəndaşlara elektron qaydada verilmiş tibbi arayışların sayı açıqlanıb

post-img

“Vətəndaşlara elektron sağlamlıq kartı üzrə məlumatların verilməsi” elektron xidmətinə 2023-cü ildə 10 min 477, cari ilin iki rübündə isə 5 min 540 vətəndaş müraciət edib.

Bu barədə Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən məlumat verilib. Bildirilib ki, “Vətəndaşlara elektron sağlamlıq kartı üzrə məlumatın verilməsi” elektron xidməti Elektron Səhiyyə portalı üzərindən vətəndaşlara təqdim edilir.

“Vətəndaşlar xidmətə müraciət etmək üçün www.e-health.gov.az portalı və ya Elektron Səhiyyə mobil tətbiqindən “ASAN Login” vasitəsilə daxil olduqdan sonra müvafiq xidmətə keçid edirlər. Bu elektron xidmət üzrə vətəndaşlar elektron formada təqdim edilən analizlər, peyvəndlər, dispanser müşahidələr, tibb müəssisələrinə gəlişlər, reseptlər barədə tibbi məlumatlarını izləyə bilirlər.

Hazırda digər qurumlar tərəfindən işlənilən məlumatların sistemə inteqrasiyası prosesi davam edir. Bu səbəbdən də məlumatların bir qismi sistemdə tam şəkildə əks olunmur. Eləcə də, reseptlər bölməsində indiki mərhələdə yalnız imtiyazlı pasiyentlərə yazılan reseptlər əks olunur. İnteqrasiya prosesi tam başa çatdıqdan sonra vətəndaşların istər özəl, istərsə də dövlət tibb müəssisələri tərəfindən hazırlanan məlumatları müvafiq elektron xidmət vasitəsilə əlçatan olacaq”, - deyə məlumatda qeyd edilib.

Həmçinin bildirilib ki, vətəndaşlara tibbi arayışlar müvafiq qurumlar tərəfindən təqdim edildikdən sonra elektron qaydada sistemdə əks olunur. Tibbi arayış xidmətinin tətbiq olunduğu 2015-2016-cı ildən bu günədək 506 min 910 nəfərə 965 min 721 “Forma 88”, 311 min 955 nəfərə 344 min 005 “Forma 86”, 918 min 939 nəfərə 1 milyon 58 min 35 “Forma 83”, 1 milyon 920 min 528 nəfərə “Forma 103” (doğum haqqında tibbi şəhadətnamə), 294 min 816 nəfər üçün “Forma 106” (ölüm haqında tibbi şəhadətnamə), 19 min 967 nəfər üçün “Forma 106/2” (perinatal ölüm) tibbi arayışları təqdim edilib.

Sosial həyat