Onun da aləmdə səsi, sözü qaldı

post-img

Bu gün Xalq yazıçısı, görkəmli alim və pedaqoq Əzizə Cəfərzadənin anım günüdür

Nədənsə hərdən insanları illərə bənzədirəm. Ömür kitabımızda hər ilin öz yeri olduğu kimi, əzizlərimizin, müəllimlərimizin, dost və tanışlarımızın da öz səhifəsi var. O səhifələr ömrümüzün ən mənalı illəri kimi, özü-özlüyündə sıralanıb. Elə il var ki, lap yaxın dövrdə yaşasaq da, unudulmuş kimidir və o ilin ömür kitabımızda neçənci səhifədə olduğunu xatırlaya bilmirik. Onu da bilmirik ki, o ili necə yaşamışıq. İl də var ki, həmişə təzə-tər kimidi, elə bil yeni yaşamışıq, elə bil dünən olub – çox günləri şirin, unudulmaz xatirələrlə dolu. İnsanlar da belədir. Eləsi var ki, həmişə bizimlə yoldaş kimidir. Sanki, hər gün bizimlə oturub-durur, söhbət edir, dərdimizə ortaq olur, sevincini bölüşür, məsləhətləri ilə bizə dayaq olur. Halbuki o insanların bəziləri artıq dünyasını dəyişib. Amma onlar yaxın və uzaq olmasından, kimliyindən asılı olmayaraq bizim o gözəgörünməz kitabımızın ilk səhifələrində həmişəlik yer alıblar. O insanlar bir nur topası kimidirlər. Onların fikirləri, düşüncələri, ziyaları həmişə ətrafında olanların qəlbinə xeyirxahlıq toxumu səpir, insanları yaxşılığa, düzlüyə, gözəl əməllərə səsləyir. Təəssüf ki, biz çox zaman yaxşılarımızın qədir-qiymətini nəinki sağlığında, heç dünyasını dəyişəndən sonra da bilmirik. Doğrudur, adlarına kitab da bağlayırıq, abidə də qoyuruq, amma tezliklə unuduruq...

Tez-tez xatırladığım, ürəyimdə səsi, sözü, işığı yaşayan insanlardan biri də Xalq yazıçısı, zəhmətkeş alim, gözəl pedaqoq Əzizə xanım Cəfərzadədir. Əzizə xanım Azərbaycan Dövlət Universitetində mənə cəmi bir neçə ay müharizə oxuyub. İnanıram ki, o beş-altı aylıq mühazirələrin şirinliyi təkcə mənim yox, digər tələbə yoldaşlarımın da qəlbində qızıl lent kimi yaşayır.

Təzadlı ömür yaşamış bu insan alim, yazıçı, içtimai xadım olmaqla bərabər, əsl Azərbaycan qadınına xas olan xüsusiyyətləri öz simasında cəmləşdirmişdi. O, milli adət-ənənələrimizin, şifahi söz yaradıcılığımızın dərin bilicisi idi və bildiklərini öz tələbələrinə, eyni zamanda, hər kəsə öyrətməyə, çatdırmağa çalışırdı. Bir qədər mübaliğə ilə desək, Əzizə xanım mühazirə deyəndə auditoriyada heç kəs nəfəs almaq istəmirdi. Onun dedikləri bir işıq kimi ürəyimizə dolurdu – biz sevinirdik, qəlbimizdə müşkül ümidlərimiz göyərirdi, bəzən də kövrəlirdik. Əzizə xanım məşhur insanlarımızın həyat və yaradıcılığından, günümüzün dərdlərindən danışdıqca bəzən özü də göynəyirdi. Bu göynərti, ağrı onun seçdiyi ifadələrdə, səsinin ahəngində aydın duyulurdu. O, sanki hansı səbəbdənsə oğul itirmiş bir ananı, gözü yollarda qalmış atanı, qardaşı, bacını ovutmaq istəyirdi. Onun dilində bayatılar, laylalar daha təsirli səslənirdi. O, özü belə bayatıların neçəsini ürəyinin istisi ilə yoğurmuş, xalqına ərməğan etmişdi. Bəzən elə danışırdı ki, sanki, min illərdi tariximizlə baş-başa yol gəlir, neçə-neçə döyüşdən keçib. Tarixi romanlarını oxuyanda da bu xanımın qəlbinin üfüqlərinin genişliyinə, zənginliyinə heyran olmaya bilmirsən. Fikirləşirsən ki, bir qadın ürəyi nə boyda yükün daşıyıcısı olarmış, ilahi...

Əzizə xanım həyatda çox çətinlik və ədalətsizliklə üzləşmişdi. Buna baxmayaraq, mətanəti, zəhməti və vüqarı sayəsində hər cür səddi aşa bilmişdi. Tələbəlikdən sonra bilmişdim ki, Əzizə xanım faşizmə qarşı müharibə illərində bizim Ağsu rayonunun Çaparlı kəndində müəllim işləyib, məktəb direktoru olub. Ancaq o yalnız müəllimlik eləməyib, həm də ərini, oğlunu, nişanlısını cəbhəyə yola salan, gündüzlər tarlada kətmən vuran, taxıl biçən qadınlara həyan olub. Onların ürək sözlərini, arzularını üçkünc məktublara tökərək əsgərlərə yola salıb. Öz aylıq əmək haqqından cəbhədə olanların uşaqlarına, qadınlarına ərzaq, geyim alıb. Axşamlar şirin söhbətləri ilə qız-gəlinin ümid və arzularını göyərdib.

Təəssüf ki, tələbə olduğu illərdə düşüncələri, oxuduğu və yazdıqları nə qədər mütərəqqi olsa da belə, ictimai mühitdə xoş qarşılanmayıb. Birinci kursda oxuyarkən türk yazıçısının ərəb əlifbası ilə çap olunmuş romanını oxuduğuna görə Əzizə xanımı universitetdən xaric ediblər. Bundan əlavə,1948-ci ildə nəşr edilən ilk kitabını satışa vermədən yandırıblar. Əzizə xanım deyirdi ki, özüm ilk kitabımın üzünü görə bilmədim, hamısını yandırdılar. Çünki məni o zaman “Axmatovşina”da, adını bilmədiyim “salon lirikası” tərənnümündə günahlandırırdılar.

Təxminən on beş il onun kitabı nəşr edilməyib. Buna baxmayaraq, o, ürəyinin diqtəsi ilə məhsuldar işləyib.”Natəvan haqqında hekayələr”, “Aləmdə səsim var mənim”, “Vətənə qayıt”, “Yad et məni”, “Baki-1501”, “Cəlaliyyə”, “Sabir”, “Eldən elə” , “Bir səsin faciəsi”, “Zərrintac-Tahirə”, “İsıga doğru”, “Bəla”, “Rübabə-sultanım”, “Xəzərin göz yasları” və s. əsərlərini qələmə alıb.

Yaradıcılığını ardıcıl izləyənlər bilirlər ki, Əzizə xanımın “Eşq sultanı” adlı (2003-cü il) son tarixi romanı dahi Füzulinin həyatından bəhs edir. Yazıçı-alim Vaqif Sultanlı yazır ki, Füzuli mövzusu Əzizə Cəfərzadə yaradıcılığı üçün gözlənilməz deyildir. O, uzun illər bu mövzu ilə bağlı maraqlanmış, nə zamansa yazacağını düşündüyü roman üçün fakt və materialları daha erkən illərdən toplamağa baslamışdı. Yazıçının Füzuliyə həsr olunmuş elmi tədqiqatları da diqqətəlayiqdir. Habelə, xatırlatmağa ehtiyac vardır ki, Şamaxı rayonunda yerləşən xaraba Bayat kəndində abidə qoyulması təsəbbüsü də Əzizə xanıma məxsusdur. Təsadüfi deyil ki, romanda yazıçı Füzulinin Şirvandan köçüb getməsi, əslən Şamaxının qədim Bayat kəndindən olması versiyasını əsas götürmüş və hadisələri bu məcrada təsvir etmişdir. Ona görə də roman boyu Füzulinin yaşadığı vətən həsrəti, qürbət duyğuları qabarıq ifadəsini tapmışdır.

Yaradıcılığı bir yana, həyat Əzizə xanımı dünyanın haralarına aparmayıb. 1921-ci il dekabrın 29-da Bakıda doğulan böyük sənətkar yəqin buna görə söhbətlərinin birində deyirdi ki, mən bir ömürdə on insanın həyatını yaşamışam.

Təyinatla Şamaxı rayon qəzetində işlədiyim illərdə Əzizə xanım tez-tez doğma elinə gəlirdi. Kəndlərində müəllim işləyən qardaşı, ­filologiya elmləri doktoru Əhməd Cəfərzadə arabir ədəbi ­axtarışları ilə bağlı qəzetə maraqlı yazılar gətirərdi. Onu da deyim ki, Əzizə xanım o illərdə ­kitablarına görə nəşriyyatlardan aldığı pulla öz kəndlərində – Tağılıda məktəb, sonra klub binası tikdirmişdi. Onun bu xeyriyyəçiliyi, nədənsə, çoxlarına qəribə gəlirdi.

Bir dəfə rayon üzümçülərinin əmək qələbəsi ilə bağlı qəzetin xüsusi sayına Əzizə xanımın təbrik məktubunu hazırlamalı idim. Onda Əzizə Cəfərzadə Respublika Qadınlar Şurasının sədri idi. Bakıya hansı nömrəyə zəng elədimsə, Əzizə xanımla danışa bilmədim. Əlacsız qalıb redaktordan gizlin Əzizə xanımın adından geniş bir təbrik-teleqram (o illərdə belə təbriklər dəbdə idi) yazdım. Təbrik qəzetin birinci səhifəsində çap olundu. Bir müddət sonra rayonda məhsul bayramı keçirilirdi. Əzizə xanım da dəvət olunmuşdu. Onun gəlişini bilən kimi yanına getdim, qəzeti ona göstərdim və ondan xəbərsiz təbrik yazduğıma görə üzr istədim. Dedi: “Qoy oxuyum, sonra “. Adından yazılmış təbriki oxuyub gülümsədi və lap yaxşı yazmısan, elə bil ürəyimi oxumusan, – dedi. Bu sözlərdən sonra sakitləşdim.

Bakıda müxtəlif qəzetlərdə işlədiyim illərdə də bəzən Əzizə xanıma zəng edib milli adətlərimizlə bağlı nəyisə dəqiqləşdirmək üçün, bəzən də Novruz çərşənbələri barədə bilgilər alırdım. Bir dəfə də, səhv etmirəmsə, iyunun sonları idi. Müsahibə almaq istədim. Əzizə xanım dedi ki, qoy istilər qurtarsın, evimə gələrsən.. Heç nə deyə bilmədim. Amma o müsahibə baş tutmadı. Əzizə xanım sentyabrın 4-də vəfat etdi...

Bu yazını yazdıqca sanki Əzizə xanımın kövrək, yanğılı səsinə qulaq asdım. “Xalqlar dostluğu”, “Şöhrət” ordenləri ilə təltif edilən zəhmətkeş alim və yazıçı ömrünü vərəqlədim, aləmə səs salan işıqlı əsərlərini oxudum. 21 il əvvəl dünyasını dəyişən Əzizə xanımın ruhu əbədi şad olsun.

Səməd Məlikzadə

 



Sosial həyat