Avqustun 30-da Kot-d'İvuarın paytaxtı Abicanda işə başlayan və sentyabrın 2-dək davam edəcək Afrikada İqlim Dəyişikliyi və İnkişaf üzrə 12-ci Konfransda (CCDA-XII) Bakıda keçiriləcək edəcəyi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində iqlim dəyişikliyinin yaratdığı təcili çağırışlarla mübarizə aparmaq üçün əsas maraqlı tərəflərin koalisiyası bir araya gəlib.
AZƏRTAC BMT-nin Afrika İqtisadi Komissiyasının (ECA) saytına istinadla xəbər verir ki, Bakıda keçiriləcək COP29 konfransından əvvəl Afrika Ətraf Mühit Nazirləri Konfransı (AMCEN) ilə yanaşı keçirilən CCDA-XII innovativ həlləri araşdırmaq, ən yaxşı təcrübələri bölüşmək və strateji tərəfdaşlıq qurmaq üçün liderləri, siyasətçiləri, ekspertləri və müdafiəçiləri birləşdirmək, Afrikanın aşağı karbonlu, iqlimə davamlı gələcəyə keçidini sürətləndirmək məqsədi daşıyır.
Kot-d'İvuarın Ətraf Mühit Naziri Jak Assahor Konan açılış nitqində iqlim böhranının qlobal istixana qazı emissiyalarının 4 faizindən azına malik olan, lakin iqlimlə bağlı nəticələrin əsas ağırlığını daşıyan Afrikaya qeyri-mütənasib təsirini vurğulayib. COP29 iqlim konfransında bu məsələnin diqqət mərkəzində olacağını qeyd edən nazir bildirib: “Bu mənfi təsirlərə uyğunlaşmaq Afrika üçün böyük narahatlıq doğurur və adekvat maliyyələşdirmənin təmin edilməsi əsas məsələdir. Bu konfransın “Afrikada iqlimə uyğunlaşma və dayanıqlığın maliyyələşdirilməsi” mövzusu və burada toplanan təcrübə Azərbaycanda keçiləcək COP29 konfransında qitə üçün ümid işığı təklif edir”.
ECA-nın icraçı katibinin müavini və baş iqtisadçı Hanan Morsi iqlim maliyyəsində kritik çatışmazlığı vurğulayıb: “2009-cu ildə illik 100 milyard dollar vəd edilməsinə baxmayaraq, qlobal iqlimə davamlılığı dəstəkləmək üçün lazım olan təxminən 1,3 trilyon dolların yalnız bir hissəsi səfərbər edilib. Uyğunlaşma üçün qlobal iqlim maliyyəsinin 2025-ci ilə qədər gözlənilən ikiqat artımdan daha çox azalması iqtisadiyyat üçün ciddi təhlükə yaradır”.
Afrika Birliyi Komissiyasının kənd təsərrüfatı, yaşıl iqtisadiyyat və davamlı ətraf mühit (ARBE) üzrə komissarı Cosefa Korreya Sako isə bildirib ki, Afrikanın iqlim öhdəlikləri üçün böyük maliyyə vəsaiti tələb olunur. O əlavə edib: “Afrika ölkələrinin bu vəzifələri tam şəkildə həyata keçirilməsi üçün təxminən 3 trilyon ABŞ dollarına ehtiyacı olacaq. Bununla belə, iqlim fəaliyyəti üçün adekvat maliyyənin təmin edilməsi mühüm problem olaraq qalır. COP28-in nəticələri və cari ilin noyabrında Bakıda, Azərbaycanda keçiriləcək COP29-da aparılacaq müzakirələr bu baxımdan dönüş nöqtəsi ola bilər. Hamımız COP 29-a hazırlaşarkən vahid mövqedən çıxış etməli, diqqətimizi Afrika üçün geniş miqyasda iqlim maliyyəsini səfərbər etməyə yönəltməliyik”.
Afrika İnkişaf Bankının iqlim dəyişikliyi və yaşıl inkişaf üzrə direktoru Entoni Nyonq isə bildirib ki, qitə ölkələri COP29 iqlim konfransında maliyyə məsələləri ilə yanaşı, qabaqcıl texnologiyaların təmin edilməsinə, yaşıl enerji mənbələri və karbonsuzlaşdırma sahəsində inkişaf etmiş ölkələrin maksimum yardımına nail olmağa çalışmalıdır.
CCDA-XII iqlim maliyyəsi, yaşıl inkişaf, iqlim ədaləti və regional əməkdaşlıq kimi kritik mövzulara diqqət yetirir. Konfrans Afrika liderləri, siyasətçiləri və ekspertləri üçün qitəni davamlı və möhkəm gələcəyə doğru aparacaq strategiyalar üzərində əməkdaşlıq etmək üçün mühüm platforma təqdim edir.