Ombudsman: Azərbaycanda insan hüquqlarının müdafiəsi prinsipinin səmərəli tətbiqi davam etdirilir

post-img

Bu gün dünyanı əhatə edən qloballaşma və onun təzahürü kimi kütləvi insan yerdəyişmələri proseslərinin müxtəlif səbəbləri vardır. Silahlı münaqişələr, müharibələr, siyasi və iqtisadi böhranlar, təbii fəlakətlər, ərzaq və içməli su çatışmazlığı, keyfiyyətsiz tibbi və sosial xidmətlər mütəxəssislər tərəfindən məcburi yerdəyişmənin əsas səbəbləri kimi göstərilməkdədir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva avqustun 29-da keçirilən “Şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi” mövzusunda seminarda çıxışı zamanı deyib.

O bildirib ki, son illər miqrasiya axınlarının intensivləşməsi, coğrafi xəritənin genişlənməsi ölkələrin demoqrafik və iqtisadi vəziyyətinə öz müsbət təsirini göstərməklə yanaşı, bu proses iştirakçılarının sosial adaptasiyası, yerli əhali və dövlət orqanları ilə münasibətlərin formalaşması fonunda insan hüquqlarının təmini məsələlərinə də təsirsiz ötüşmür.

“Azərbaycan Respublikasının da getdikcə artan iqtisadi, beynəlxalq əhəmiyyəti, əlverişli coğrafiyası ölkəmizi müxtəlif ölkələrin nümayəndələri üçün cəlbedici ünvana çevirməkdədir. Bu inkişaf tendensiyaları fonunda ölkəmizdə insan hüquqlarının müdafiəsi prinsipinin səmərəli tətbiqi davam etdirilməkdədir. Milli insan hüquqları təsisatı olaraq əhalinin müxtəlif təbəqələrindən olan şəxslərin hüquqlarının müdafiəsi, səmərəli həyata keçirilməsi və təşviqi üzrə geniş tədbirlər həyata keçirilməkdədir” , - deyə ombudsman vurğulayıb.

Sosial həyat