Dünən Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı, “Bakı Abadlıq Xidməti” MMC-nin dəstəyi ilə Laçın Şəhəri Günü növbəti dəfə təntənə ilə qeyd olundu. Laçın şəhərinin işğaldan azad edilib dirçəldilməsinin ikinci ildönümü münasibətilə gün ərzində rəngarəng bayram tədbirləri keçirildi.
Xatırladaq ki, ötən ildən Azərbaycanın əlamətdar günləri təqviminə el şənliyi kimi daxil olan 26 Avqust Laçın Şəhəri Günü Qarabağ fatehi Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 2023-cü il 31 iyul tarixli sərəncamı ilə təsis olunub.
Builki Laçın günü “Lacinema” kinoteatrında “Laçınım mənim” rəsm sərgisi və “Zamanın qanadlarında – Laçın” fotosərgisinə baxışla start götürdü. Sonra “azad şəhərin sakinləri və bayramda iştirak edən qonaqlar “Şuşa, sən azadsan!” sənədli filminə baxdılar.
Kinoteatrdakı toplantıda bildirildi ki, indiyədək Laçın şəhərinə 2100-ə yaxın sakin köçürülüb, 700-dən çox tikili bərpa olunub. Burada bütün ümumi infrastrukturun qurulması - yolların tikintisi, sosial, mədəni, əyləncə, istirahət, turizm zonalarının bərpası, abadlaşdırma işləri kompleks şəkildə aparılır. Ölkədə çoxları arzulayır ki, Laçının gözəlliyini, deyilənlərin həqiqətən doğru olub-olmadığını görmək üçün bu dağlar yurduna gəlsin.
Bu gün Laçın arzular, sevinclər şəhərinə çevrilib. Gün ərzində bir-birini əvəz edən və gecədən xeyli keçənədək davam edən şənliklər bu gerçəkliyin nümayişinə çevrildi, hamıya yüksək coşğu və unudulmaz bir təntənə yaşatdı.
Tanınmış laçınlı şair-tədqiqatçı İlham Qəhrəmanın yeni nəşr olunan "Laçın - 100" ədəbi antologiyası kitabının təqdimatından sonra yerli laçınlı şairlərin və musiqiçilərinin çıxışlarından ibarət "Poeziya dəqiqələri” keçirildi.
“Lacinema” kinoteatrında “Oğurlanmış bahar”, “Tıq-tıq və dostları möcüzələr axtarışında” və “Mənim balaca Şahzadəm” animasiya filmlərinin nümayişi isə balaca laçınlılara xoş əhval gətirdi.
Şəhərin fərqli məkanlarında keçirilən tədbirlərin bir çoxunda baş rolda Laçının balaca sakinləri olan uşaqlara meydan verildi. Onların ifa etdikləri vətənpərvərlik ruhlu mahnılar azad dağların qoynunda xoşbəxtlik simfoniyası kimi yayıldı.
“Seyrangah”da müstəqil “Oyuq” uşaq teatrı milli nağıl qəhrəmanlarımızı canlandıran səhnəciklər göstərdilər. Azərbaycanın uşaq kinematoqrafik nümunələrindən ibarət konsert proqramı isə böyüklərin də marağına səbəb oldu. Şuşa Dövlət Musiqili Dram Teatrının təqdimatında “Qırmızı papaq” tamaşası laçınlılara bayram töhfəsi oldu.
Laçın günü Həkəri çayının sahilində qurulmuş əsas səhnədə şəhər böyük bayram konserti ilə davam etdi. Əvvəlcə Prezident İlham Əliyevin Laçın şəhərinə səfəri və şəhər sakinləri ilə görüşünün videoxronikası nümayiş etdirildi. Musiqi proqramında Xalq artisti Faiq Ağayev, Əməkdar artistlər Ehtiram Hüseynov, Lalə Məmmədova, İlkin Əhmədov, Rəşad İlyasov, Elza Seyidcahan, Günel Şeyxova, ifaçılar Aşıq Ramin, Araz Hümbətli, Kamilə Nəbiyeva, Fuad Musayev, Könül Məmmədli, Vüsal Hacıyev, Murad Arif, həmçinin “Amarok” qrupu, Fikrət Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və “Laçın” muğam qrupu çıxış etdilər.
Bütün günü çal-çağırla süslənmiş, yurd sevgisi ilə aşılanmış şənliklər Laçının yeni xoşbəxt günlərinə yüksək bir təntənə gətirdi.
Şəhər günü ulduzlu səma altında atəşfəşanlıqla sona çatdı.
Tahir AYDINOĞLU
XQ