Ərdoğan: Malazgirt zəfəri Anadolunun yolunu açıb

post-img

Türklərin Malazgirt zəfəri müsəlmanların Qüdsü fəthinə yol açıb. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Muş vilayətində Malazgirt qələbəsinin 953-cü ildönümü münasibətilə təşkil olunan tədbirdə çıxışı zamanı deyib. Məlumatı “Anadolu” verib. 

“İstanbulun fəthi prosesində ən mühüm addım Malazgirtdə atıldı. Malazgirt qələbəsi həm də Qüdsün fəthinə yol açan strateji dönüş nöqtəsi oldu. Xüsusilə vurğulamaq lazımdır ki, Malazgirt təkcə türklərin deyil, bütün müsəlmanların zəfəridir”, - deyə Türkiyə lideri bildirib.

Dövlət başçısı onu da vurğulayıb ki, Türkiyə hər zaman məzlumların yanında olacaq: “Biz məzlumlara ümid, gələcək nəsillər üçün işıq şüası olmağa çalışırıq. Bizim missiyamız həqiqətlə yalanın mübarizəsində hər zaman haqqın tərəfində olmaqdır”.

Qeyd edək ki, Xorasan hakimi Çağrı bəy Türkmənin oğlu Sultan Alparslan hakimiyyəti əmisi Toğrul bəydən miras alaraq Səlcuq dövlətinin ikinci sultanı olub. Alparslan 42 yaşında bölgədə tarixin gedişatını dəyişdirən bir qələbə qazanıb. 1071-ci il avqustun 26-da Sultan Alparslanın ordusu Malazgirtdə Bizans imperatoru IV Roman Diogenin üstün qüvvələrini məğlub edib. Malazgirt zəfəri türklərin Anadoluya yolunu açıb.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya