Söz xiridarı, redaktə sərrafı

post-img

İyirmi dörd il – 1995-in payızından 2019-cu ilədək “Xalq qəzeti”nin hu­manitar siyasət redaksiyasının əməkdaşı olarkən, ilk iki-üç il istisna olmaqla, daim həmin redaksiyanın rəhbəri, avqustun əvvəlində qəfil ölümlə üzləşib, həyatı və çox sevdiyi ədəbiyyat, incəsənət, idman aləmini həmişəlik tərk etmiş İlham Əli oğlu Abbasovla eyni otaqda çalışmışdıq. Əvvəlcə 5-ci mərtəbədə bö­yük idman salonunu xatırladan 19-cu otaqda, sonra da təmir işləri ilə əlaqə­dar bizi qəbul edənədək redaksiyanın kitabxanası olmuş 3-cü mərtəbədəki 26-cı otaqda.

Həmin illərdə mükəmməl hərtərəfli biliyi sayəsində maraqlı söhbətləri ilə kol­lektivin və tez-tez redaksiyamıza gələrək, İlham müəllimdən öz işləri, yaradıcılığı ilə bağlı məsləhətlər alan keçmiş tələbə yol­daşlarının və dostlarının ona necə böyük hörmət və ehtiramla yanaşdıqlarının şahi­di olmuşam. Daim xeyirxahlıq nümunəsi kimi xatırlayacağımız həmkarımdan gör­düyüm yaxşılığı mən də unutmayacağam. 

Haqqında söhbət açacağım üç məqam yaxşı yadımdadır. Əsasən “Xalq qəzeti” redaksiyasının divarları arasında ərsəyə gətirdiyim iki kitabın hazırlanıb, işıq üzü görməsində İlham Abbasovun da xidməti az olmayıb. Həmin kitabların yaranma ta­rixçəsini qısaca xatırlatmaq istərdim. 

İki yüz nüsxə tirajla çap edilmiş bi­rinci kitab 2010-cu ildə nəşr olunmuşdur. İyirminci əsrdə Azərbaycan idmanının yetirdiyi ən görkəmli şəxsiyyətlərdən biri, yunan-Roma güləşi üzrə məşhur mütəxəs­sis, Azərbaycan və SSRİ-nin Əməkdar məşqçisi Ehsan Kərimovun güləşdə keç­diyi zəngin yoldan bəhs edən “İdmanda yaşanan şərəfli ömür” kitabını mərhum məşqçinin övladları, o illərdə istefada olan polis kapitanı Qafurun və Azərbay­can Dövlət İqtisad Universitetində “Bank işi” kafedrasının dosenti, iqtisad elmləri namizədi Atiq müəllimin bizə təqdim et­dikləri materiallar və fotolar əsasında çap etdirmişdik. Materialların işlənib-hazırlan­masında, fotoların səliqə-səhmana salınıb, səhifələrə paylanmasında və digər məqam­larda İ.Abbasovun tövsiyə və təklifləri köməyimə gəlmişdi.

“Heydər Əliyev və Azərbaycan şah­matının zəfər salnaməsi” adlı ikinci kitab 2018-ci ildə işıq üzü görmüşdür. “Xalq qə­zeti”nin nəşri olan və redaksiyanın vəsaiti hesabına çap edilmiş 300 nüsxə tirajdan ibarət kitabın məsləhətçisi həmin illərdə qəzetin baş redaktoru, Əməkdar jurnalist Həsən Həsənov, redaktoru İlham Abbasov, rəyçiləri Azərbaycan Şahmat Federasiya­sının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənov və Əməkdar jurnalist Qabil Mehdiyevdir. 

Kitabda Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində respublikamızda idma­nın, o cümlədən şahmatın inkişafına bö­yük qayğı və diqqət göstərmiş ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı sərəncamlardan sonra ölkəmizdə şahma­tın daha geniş vüsətlə inkişaf etməsindən, məşhur Azərbaycan şahmatçılarının bey­nəlxalq yarışlarda qazandıqları zəfərlər­dən, kişilərdən ibarət milli komandamız – üçqat Avropa çempionunun dünyanın ən nüfuzlu kollektivlərindən biri kimi əldə et­diyi uğurlardan bəhs olunur. 

Azərbaycanda Beynəlxalq Futbol Fe­derasiyasının hakimlər korpusunun Tofiq Bəhramovdan sonra ikinci səlahiyyətli nümayəndəsi olmuş Eldar Əzimzadənin 1998-ci ildə işıq üzü görmüş “Məhəbbətim mənim—futbol” kitabı mənim redaktorlu­ğum ilə çapa hazırlansa da, onun da nəşrin­də İlham müəllimin köməyi danılmazdır. Yadımdadır, o vaxtlar tez-tez redaksiyamı­za baş çəkən E.Əzimzadə özü haqqında ya­zılmış onlarla məqaləni, neçə-neçə fotonu bizə göstərər, sonra da idarə etdiyi oyunlar haqqında həvəslə şirin söhbətlər açardı. Belə görüşlərdən birində kitab hazırlamaq fikrinə düşdük. Eldar müəllimin sonralar 500 nüsxə tirajla çap etdirdiyi kitabdan fərəh hissi keçirdiyini, əsl zövq aldığını da gördük. Kitab həm də İlham müəllimin dəyərli məsləhətlərinin, söhbətlərdə fəal iştirakının bəhrəsi idi. 

İ.Abbasovun redaktorluğu ilə çox say­da kitab çap olunub. O, düz 53 il ərsində “Kommunist” – “Xalq qəzeti”ndə, sözün əsl mənasında, külüng çalmış, bu müddə­tin də 40 ildən çoxunu eyni bir vəzifədə, həm də qəzet üçün çox məsul olan vəzifə­də çalışıb, siyasət şöbəsinə rəhbərlik etmiş hörmətli Telman Heydərovun 232 səhifə­lik “Geriyə boylananda” xatirələr kitabı­nın nəşrinə də bir redaktor kimi ürəkdən, yüksək məsuliyyət hissi ilə yanaşmışdır. Bunu İlham müəllimin yazdığı “Ağsaqqal ləyaqəti” başlıqlı ön sözdə qələmə aldığı qeydlər də tam təsdiq edir.

“Xalq qəzeti”nin mədəniyyət şöbə­sində çalışmış rəhmətlik Mehdi Mükər­rəmoğlunun “Ömrün çarpaz rakursları” kitabının da ilk oxucusu İ.Abbasov ol­muşdur. Müəllifin 2007-ci ildə çap etdir­diyi kitabda ömür-günlərini kino sənətinə bağlayan insanlar haqqında, rejissorlar, operatorlar, aktyorların sənət yolu, ya­radıcılıq axtarışları barədə materiallar toplanmışdır. Burada onun müasir kine­matoqrafla bağlı düşüncələri və iki bədii ssenarisi də yer almışdır. İ. Abbasov məs­ləhətləri və redaktəsi ilə bu kitaba da öz töhfəsini vermişdir.

Daha iki kitabı xatırlayaq. “Mənim bir dostum vardı…” 2008-ci ildə buraxılmış bu kitabın redaktoru və tərtibçisi İ.Abba­sovdur. Kitab ədəbi mühitə yaxşı tanış olan mərhum Məmməd Nazimoğlunun qələ­mindən çıxan çox dəyərli, ibrətamiz ya­zılardan və həmkarlarının onun haqqında xatirə qeydlərindən ibarətdir. Redaktor ön sözündə 1990-cı illərin ikinci yarısında və 2000-ci illərin əvvəlində “Xalq qəzeti”ndə baş redaktorun birinci müavini kimi fəaliy­yət göstərmiş Məmməd müəllim – təkcə yüksək yaradıcılıq bacarığı, iti qələmi ilə deyil, həm də nəcib insani keyfiyyətləri ilə hamının rəğbətini qazanmış tələbə yoldaşı, həmkarı haqqında sanballı kitabı yüksək peşəkarlıqla ərsəyə gətirmişdir. Təkcə ön sözün birinci abzasına diqqət edək: “ Məm­məd Nazimoğlu dünyadan dördəlli yapış­saydı, həkimlərin dediklərinə qaydasınca əməl etsəydi, sonun belə yaxında oldu­ğunu əvvəlcədən duya bilsəydi, dünyanın pisliklərini içinə salmasaydı, dərd-sərini bir az üzə çıxarsaydı, həyat enerjisini ət­rafa xərclədiyi qədər də özünə saxlasaydı, hamı kimi yaşamağı bacarsaydı, yaşamaq istəsəydi,… yaşayacaqdı”. 

İ.Abbasov bir müəllim kimi Azər­baycan Dövlət Pedaqoji Universitetində həmkarı olmuş yaxın dostu Mətləb Nağı­nın “Yaşamaq istəyirdim…” kitabının da tərtibçisi və redaktoru olub. Bu iki istedad sahibinin tez-tez bizim redaksiyada bir­gə fəaliyyətinin, maraqlı müzakirəsinin, çılğın mübahisələrinin dəfələrlə şahidi olmuşdum. Dünyadan vaxtsız köçmüş görkəmli şair və ədəbiyyatşünas alim M.Nağının unudulmaz xatirəsinə həsr edilən kitabda toplanmış lirik və satirik şeirlər, tərcümələr, elmi məqalə və müsa­hibələr, onun poeziyasının müxtəlif cəhət­lərini əks etdirən araşdırmalar, haqqında yazılmış xatirələr, həyatının müxtəlif an­larını əbədiləşdirən fotoşəkillər müəllifin zəngin və çoxcəhətli yaradıcılığı, qısa, amma mənalı ömür yolu haqqında dolğun təsəvvür yaradır.

Xatırladığımız kitablar xatirələrdə ta­nınmış ədəbiyyatşünas-publisist kimi ya­şayacaq İlham Abbasovun redaktor, bəzi hallarda isə tərtibçi-redaktor kimi ərsəyə gətirdiyi kitabların yalnız kiçik bir qismi­dir. Onun təmənnasız köməkliyi və redak­torluğu ilə nəşr olunmuş kitabların sayı kifayət qədərdir. Bu isə yüksək istedadla yanaşı, həm də xeyirxahlıq nümunəsidir. 

Ruhu şad olsun!

İlham Abbasovun 25 ildən də artıq müddətdə əməkdaşı olduğu “Xalq qəze­ti”nin 105 yaşının tamam olduğu ildə və ayda, avqustda qələmi yerə qoyub əbədiy­yətə qovuşması, görünür, taleyin hökmü və ya alın yazısıdır…

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

Sosial həyat