Formula 1 Azərbaycan Qran-Prisi: Yumşaq gücün tətbiqi və təsiri

post-img

Tarixi 1950-ci ilə qədər gedən və ilk dəfə İngiltərədə keçirilən Formula 1 beynəlxalq idman yarışları 2016-cı ildən etibarən Azərbaycanda təşkil olunur və ölkənin yumşaq güc strategiyasının mühüm bir hissəsinə çevrilmişdir. Formula 1 Azərbaycanın beynəlxalq səhnədə özünü göstərməsi, iqtisadi imkanlarını artırması və diplomatik əlaqələrini genişləndirməsi üçün təsirli bir vasitədir. 

Formula 1 kimi qlobal tədbirlər yalnız idman sahəsinin inkişafında deyil, həmçinin diplomatik fəaliyyətlərin və millətlərarası sərhədləri aşan tərəfdaşlıqların qurulmasında müsbət rol oynayır. Bu kimi qlobal yarışlar dünya liderləri, yüksək səviyyəli diplomatlar və nüfuzlu iş adamlarının qeyri-rəsmi görüşləri və dialoqları üçün mükəmməl bir mühit yaradır. Belə tədbirlər, yüksək səviyyəli təmsilçilər arasında sərbəst müzakirələrə, yeni əməkdaşlıq imkanlarının yaradılmasına və mövcud əlaqələrin daha da gücləndirilməsinə imkan verir və rəsmi diplomatiyanın xaricində baş verən və dövlətlər arasında yeni münasibətlər inşa edən qeyri-rəsmi diplomatiya üçün ideal platformalardır. Bu zaman dövlət başçıları və yüksək rütbəli məmurlar qeyri-rəsmi mühitdə bir araya gələrək daha açıq və səmimi müzakirələr aparmaq imkanı əldə edirlər. 

Formula 1 yarışlarının təşkil edilməsi, Azərbaycanda yumşaq güc amili kimi böyük təsirə malikdir. Yumşaq güc, bir ölkənin daha çox mədəniyyət, idman vasitəsilə beynəlxalq səviyyədə nüfuzunu və təsirini artırması deməkdir. Yarışın uğurla keçirilməsi, Azərbaycanın qonaqpərvərliyini, təşkilatçılıq bacarığını nümayiş etdirir. Bu, ölkənin beynəlxalq ictimaiyyət tərəfindən müsbət şəkildə tanınmasına və Azərbaycanın strateji əhəmiyyətini bir daha vurğulamasına kömək edir. Belə böyük bir qlobal tədbirin uğurla keçirilməsi, Azərbaycanın beynəlxalq səhnədəki nüfuzunu artırır və onun qlobal arenada daha güclü aktora çevrilməsinə şərait yaradır. 

Eyni zamanda, bu tədbirlərin təşkil edilməsi, Azərbaycanın qlobal siyasətdə və iqtisadiyyatda mühüm rol oynadığını və dünyanın diqqət mərkəzində olduğunu göstərir. Bu, Azərbaycanın xarici siyasətinə dəstək verir və ölkənin beynəlxalq əlaqələrini daha da gücləndirir.

Formula 1 yarışları qlobal auditoriyaya malikdir və yarışın media və sosial platformadakı təsiri sayəsində, ölkəyə dünya miqyasında maraq artır. Bakının möhtəşəm mənzərələri, müasir infrastrukturu və zəngin mədəniyyəti, qədim tarixi ənənələri Azərbaycanın turizm potensialını inkişaf etdirir. Yarış günlərində minlərlə turistin tarix və müasir memarlığın birləşdiyi Bakıya axını xidmət sahələrinin gəlirlərini artırır. Təkcə 2023-cü ildə keçirilən Formula 1 Azərbaycan Qran-Prisi zamanı, yarış həftəsində əvvəlki illərlə müqayisədə daha çox, təxminən 30.000-dən artıq xarici turist Bakıya gəlmişdir ki,  bu da şəhərin otellərində, restoranlarında və digər xidmət sahələrində əhəmiyyətli dərəcədə gəlir artımına səbəb olmuşdur. Yarışın Bakıda keçirilməsi nəticəsində turizm sektorunda canlanma müşahidə olunmuş və şəhərin iqtisadiyyatına müsbət təsir göstərmişdir.

Beləliklə, Formula 1 Azərbaycan Qran-Prisi vasitəsitə ölkəmiz dünya ilə daha yaxından əlaqə qurmaq, öz potensialını və imkanlarını tanıtmaq və beynəlxalq ictimaiyyət tərəfindən daha da tanınmaq imkanı əldə edir.

Şəbnəm Zeynalova

Siyasi elmlər üzrə fəlsəfə doktoru 

 

Sosial həyat