Türkiyədən olan şəhid övladları: Azərbaycanlı qardaş-bacılarımızla bir arada olmaqdan çox məmnunuq

post-img

YAŞAT” Fondu Naxçıvanda Azərbaycan və Türkiyədən olan şəhid övladları üçün "Yay düşərgəsi" təşkil edib. Düşərgədə 44 şəhid övladı iştirak edir ki, onlardan 9-u Türkiyədən dəvət olunub. Qardaş ölkədən gələnlər arasında şəhid Şükrü Çakarın qızı Nehir Çakar və şəhid Yusuf Arslanın oğlu Burak Arslan da var.

AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşı onlarla söhbət edib, ilkin təəssüratlarını öyrənib.

Naxçıvanda təşkil olunan “Yay düşərgəsi”nə Türkiyənin Antalya şəhərindən qatılan Nehir və Burak deyirlər ki, hava limanına enəndən bəri azərbaycanlı qardaş-bacıları onları böyük qonaqpərvərliklər qarşılayıblar. Elə ilk andan dostluğumuzun, qardaşlığımızın necə möhkəm olduğunu hiss ediblər.

Şəhid övladları Naxçıvana ilk dəfədir gəlirlər və azərbaycanlı qardaş-bacıları ilə bir arada olmaqdan çox məmnundurlar. “Bu düşərgədə iştirak edənlərin hər birinin atası Vətənin azadlığı, bütövlüyü uğrunda şəhid olub. Valideynimizin dünyadan köçməsi ağır olsa da, şəhid övladı olmaq çox qürurvericidir. Düşərgə vasitəsilə azərbaycanlı həmyaşıdlarımızla tanış olmaq fürsətimiz yaranıb, bir-birimizə atalarımızın döyüş yolundan, qəhrəmanlığından söhbət açacağıq. Buna görə çox gözəl duyğu içərisindəyik. Azərbaycanlı dostlarımız eyni candan, eyni qandan olduğumuzu bizə hiss etdirirlər. Yeni dostluqlar qazanırıq. Buna görə çox şadıq. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik”, - deyə Nehir əlavə edib.

“Türkiyə və Azərbaycan olaraq Ulu Öndərlərimiz Mustafa Kamal Atatürk və Heydər Əliyevin yolu ilə gedirik”, - deyən Burak isə bildirib ki, “Yay düşərgəsi” həm də dostluq, qardaşlıq nümunəsidir.

Sosial həyat