Qarabağ Dirçəliş Fondu beynəlxalq uyğunluq sertifikatına layiq görülüb

post-img

Qarabağ Dirçəliş Fondu (QDF) Keyfiyyəti İdarəetmə Sistemi üzrə ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülüb.

Qurumdan  verilən məlumata görə, “TÜV Austria GMBH” şirkəti tərəfindən aparılan audit nəticəsində verilən sertifikat 2025-ci il avqustun 4-dək qüvvədə olacaq.

Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev qeyd edib ki, ISO 9001:2015 sertifikatı QDF-in bütün əməliyyat və fəaliyyətində yüksək keyfiyyət standartlarını qorumaq niyyətini təsdiqləyərək, eyni zamanda, onun davamlı institusional inkişafını əks etdirir.

Sədr bildirib ki, sözügedən sertifikat, həmçinin QDF-in benefisiarları, tərəfdaşları, donorları və geniş ictimaiyyət daxil olmaqla müxtəlif steykholderlərin arasında inam və etibarı gücləndirəcək.

"Auditə hazırlıq bir neçə daxili audit, təlim proqramları və proseslərin təkmilləşdirilməsini əhatə edirdi. Biz bu uğura nail olan komandamızla hədsiz qürur duyuruq. Gələcəyə nəzər salsaq, bu sertifikatı yeniləməyə, eyni zamanda, ISO-nun digər müvafiq standartlarına uyğun olaraq işimizi təşkil edərək, başqa sertifikatlara da layiq görülməyə çalışacağıq. Fondun institusional inkişafı istiqamətində işlərimizi daimi davam etdirmək niyyətindəyik", - deyə R.Hacıyev bildirib.

Qeyd edək ki, ISO 9001:2015 beynəlxalq səviyyədə tanınmış keyfiyyət idarəetmə standartıdır. O, müxtəlif ölçü və sahələrdən olan təşkilatlara öz performansını yaxşılaşdırmaq, maraqlı tərəflərin gözləntilərini qarşılamaq və keyfiyyətə sadiq olduqlarını nümayiş etdirməyə kömək edir. Onun tələbləri keyfiyyət idarəetmə sisteminin yaradılması, tətbiq edilməsi, saxlanılması və davamlı olaraq təkmilləşdirilməsi prosedurunu müəyyən edir.

Xatırladaq ki, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilən Fondun Nizamnaməsinə uyğun olaraq, QDF öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq etməlidir.

Bundan əlavə, Müşahidə Şurası tərəfindən təsdiq edilən prioritetlərə uyğun olaraq, Fondun institusional inkişafı yaxın dövr üçün əsas diqqət sahələrindən biri kimi müəyyən edilib.

Sosial həyat