Qəbələ rayonunun Zarağan kəndi ərazisində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən sahibkarların bilik və bacarıqlarının artırılması, onlara məsləhət xidmətlərinin göstərilməsi, müvafiq sahələrdə xidmət göstərən sahibkarlar arasında əlaqələrin qurulması, həmçinin onların üzləşdikləri çətinliklərin dinlənilməsi və təkliflərin müzakirəsi məqsədilə açıq havada görüş keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, KOBİA-nın Şəki-Zaqatala regional koordinatorluğunun, rayon icra hakimiyyətinin, Dövlət Məşğulluq Agentliyinin nümayəndələrinin və müvafiq sahibkarlıq subyektlərinin iştirak etdiyi tədbirdə sahibkarların qarşılaşdıqları çətinliklərin operativ həlli, ehtiyaclarının düzgün müəyyənləşdirilməsi və təmin olunması istiqamətində geniş fikir mübadiləsi aparılıb.