İsti havalar ürəyi təntidir

post-img

Ürək xəstəlikləri olan insanlar isti, günəşli havalarda sağlamlıqlarına daha diqqətli olmalı, günün müəyyən saatlarında bayıra çıxmamalıdırlar. Çünki havanın temperaturu qalxdıqca, ürək problemi olanlarda təzyiqin artması, qan laxtalanması, infarkt və insult riskinin tez-tez rast gəlinməsi müşahidə edilir. Ona görə də belə insanlar isti havalarda ehtiyat tədbirlərinə əməl etməlidirlər.

Qanın tərkibi maye–plazmadan və digər qan komponentlərindən ibarətdir. İsti havanın təsirindən tər və tənəffüs vasitəsilə bədəndəki suyun bir hissəsi xaric olur.  Bədəndə suyun azalması qanın tərkibini dəyişdirir. Belə ki, maye itkisi qanın qatılaşmasına səbəb olur.  Bu da öz növbəsində tromb yaranmasına və lazımi tədbirlər görməyəndə infarkt və insulta şərait yaradır. 

Mütəxəssislərin fikrincə, isti havalarda çoxlu maye içmək, qoz-fındıq, meyvə-tərəvəz qəbulunu artırmaq lazımdır. Bu qidalar orqanizmdən maye ilə birlikdə xaric olunan kalium və maqneziumun bərpasına kömək edir.   

Z.HÜSEYNLİ 
XQ

 

Sosial həyat