Mina qurbanları ilə bağlı fotolayihənin icrası davam edir

post-img

«Gilavar Foto Klubu» ictimai birliyi mina qurbanları ilə bağlı «Təhlükənin kulMİNAsiya nöqtəsi» adlı fotolayihənin icrasını davam etdirir. Layihənin əsas məqsədi cəmiyyəti mina təhlükəsi ilə bağlı maarifləndirmək, insanları mina hadisələrindən sığortalamaq, cəmiyyətə və bütün dünyaya mesaj ötürməkdir.

Layihə mina hadisələrinin ən çox baş verdiyi bölgələrdə və keçmiş cəbhəyanı ərazilərdə həyata keçirilir. Layihənin çəkiliş heyəti tərəfindən həmin rayonlara, kəndlərə səfərlər edilir, müxtəlif dövrlərdə mina partlayışları nəticəsində zərərməkmiş insanlarla görüşlər keçirilir. Peşəkar fotoqraflar tərəfindən onların düşdüyü vəziyyətlər fotolar vasitəsilə qeydə alınır, acı həyat hekayələri yazıya köçürülür.

Yekunda çəkilən fotoşəkillərdən ibarət elektron fotokitabın hazırlanması, Azərbaycanda və xarici ölkələrdə fotosərgilənin təşkili və maarifləndirici videoçarxların hazırlanması nəzərdə tutulur.

Fotolayihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. «Gilavar Foto Klubu» ictimai birliyi Agentliyin 2024-cü il üçün elan etdiyi böyük qrant müsabiqəsinin «İtkin düşmüş, əsir və girov götürülmüş şəxslərin hüquqlarının müdafiəsi, mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə və onunla mübarizə» mövzusu üzrə qaliblərindən biridir.









Sosial həyat