DOST Agentliyinin yaradılmasından 6 il ötür

post-img

BMT tərəfindən “İnnovativ ictimai xidmət həlləri” statusunda tanınan DOST təcrübəsini öyrənərək tətbiq etməyə maraq göstərən ölkələrin sırası getdikcə genişlənir

Bu gün Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin 6 yaşı tamam olur. Agentliyin missiyası əhalinin əmək, məşğulluq və sosial müdafiə xidmətlərinə DOST mərkəzləri şəbəkəsi vasitəsilə müasir, operativ və elektron xidmətlərin tətbiqi ilə rahat çıxışını təmin etməkdir.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası Azərbaycanda son illər aparılan sosial islahatların mühüm nailiyyətlərindən biridir. Bu konsepsiya əmək, məşğulluq, əlillik, reabilitasiya, sosial müdafiə və sosial təminat sahələrinə dair 15 istiqamət üzrə 160 sosial xidmətin “bir pəncərə”dən, müasir və çevik, tam şəffaf mexanizmlər üzərindən, vətəndaş məmnunluğuna uyğun təqdim olunmasını təmin edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, indiyədək Bakı şəhəri, Abşeron və Bərdə rayonlarında olmaqla 7 DOST Mərkəzi, həmçinin Zəngilanın Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsi, Şuşa şəhərində isə Qarabağ Regional DOST Mərkəzinin filialı istifadəyə verilib.

DOST mərkəzlərində ötən dövrdə 2,8 milyondan çox vətəndaşa xidmət göstərilib. Xidmətlərdən vətəndaş məmnunluğu səviyyəsi 98,2 faiz təşkil edir. “DOST Çağrı Mərkəzi 142” tərəfindən isə ötən dövr ərzində 6 milyona yaxın vətəndaş müraciəti cavablandırılıb.

Hazırda Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda DOST xidmətləri şəbəkəsinin qurulması üçün layihə, təmir-tikinti işləri aparılır. Ümumilikdə 17 yeni Regional DOST Mərkəzinin, 55 DOST filialının yaradılması nəzərdə tutulur.

Azərbaycanın yeni brendi olan DOST konsepsiyası beynəlxalq səviyyədə də yüksək qiymət alaraq müasir dünyanın sosial innovasiyalar sahəsində qabaqcıl təcrübələri sırasına daxil edilib. DOST Agentliyi ötən dövrdə 30-dan çox beynəlxalq mükafat və sertifikatla təltif olunub. Həmin mükafatların sırasında Avropa Sosial Şəbəkəsinin, Beynəlxalq Sosial Təminat Assosiasiyasının, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının və s. xüsusi mükafatları yer alır.

“Aİ Biznes Mühiti Hesabatı 2021”də isə DOST mərkəzləri Azərbaycanın 3 təkmil islahatından biri kimi qiymətləndirilib. BMT tərəfindən “İnnovativ ictimai xidmət həlləri” statusunda tanınan DOST təcrübəsini öyrənərək tətbiq etməyə maraq göstərən ölkələrin sırası getdikcə genişlənir və bu sahədə həmin ölkələrlə təcrübə mübadiləsi aparılır.

DOST Agentliyinin “Könüllü DOST” proqramı isə ölkəmizdə könüllülük hərəkatının genişlənməsində mühüm rola malikdir. Proqrama ötən dövrdə 120 minə yaxın müraciət olub və 5,2 mindən çox şəxs bu proqrama cəlb edilib. “Könüllü DOST” proqramı da bir sıra beynəlxalq mükafatlara layiq görülüb, həmçinin “Global HR Summit 2023” beynəlxalq müsabiqəsinin qalibi olub.









Sosial həyat