Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən həyata keçirilən “Yaşıl Könüllülər” layihəsinə yekun vurulub.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilən və üç ay davam edən layihənin məqsədi gənclər arasında ekoloji maarifləndirmə işini genişləndirmək, gəncləri ekologiya sahəsində məlumat daşıyıcısı kimi formalaşdırmaqla yanaşı, fəaliyyətə həvəsləndirmək, onları ətraf mühitin qayğısına qalmağa təşviq etməklə asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmaqdan ibarət olub.
İctimai Birliyin mətbuat katibliyindən verilən məlumata görə, layihənin açılış mərasimində Azərbaycan Könüllülər İctimai Birliyinin prezidenti İmaməddin Quliyev, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov və BMT Könüllülərinin Azərbaycan üzrə koordinatoru Nahid Quliyev çıxış ediblər. Qonaqlar çıxışlarında layihə ilə bağlı fikirlərini bildirərək, bu istiqamətdə təcrübələrini bölüşüblər.
Layihə çərçivəsində Bakı şəhərində dörd gün ərzində 50 nəfərə yaxın iştirakçıya ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənovun “COP29, Ətraf mühitin mühafizəsi sahəsində görülən işlər və imkanlar”, BMT Könüllülərinin Azərbaycan üzrə koordinatoru Nahid Quliyevin “İqlim dəyişikliyinə və cəmiyyətin davamlılığına könüllülüyün töhfəsi”, “AZGREEN Mühəndislik və Ətraf Mühit Xidmətləri” şirkətinin layihələr üzrə meneceri Pərvanə Xıdırovanın “Gənclərin plastik tullantılara qarşı mübarizədə rolu”, ekspert Günel Əmrahovanın “Planet yoxsa Plastik” və “Təmiz şəhər” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Orxan Cabbarovun “Ətraf mühitin mühafizəsi və tullantıların düzgün idarə edilməsi zamanı üzərimizə düşən öhdəliklər, təkrar emal, “EKO sahibkarlıq imkanları” mövzularında məruzələri dinlənilib, iştirakçıların sualları cavablandırılıb. Görüşlərdə iştirakçılar komanda işinə cəlb olunaraq öz ideyalarını və layihələrini təqdim ediblər. Ən yaxşı layihə təqdimatına ekspertlər tərəfindən hədiyyələr təqdim olunub.
Layihənin sonuncu günü “Yaşıl Könüllülər” layihəsinin iştirakçıları üçün “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində yerləşən "Tullantıdan sənətə” muzeyinə infotur təşkil olunub. İştirakçılar məişət tullantıları və lazımsız əşyalardan istifadə edilməklə hazırlanmış sənət əsərlərinin təqdim edildiyi əl işləri ilə tanış olublar.
Bağlanış mərasimində layihə çərçivəsində hazırlanan “Yaşıl Könüllü” videoçarxı iştirakçılara təqdim olunub. Videoçarxda bir pianoçunun barmaqlarının toxunuşu ilə insanlara musiqi zövqü yaşatdığı kimi hər kəsin də ətraf mühitə qayğı ilə yanaşıb estetik zövq yaşatmalarını istəməsindən bəhs edilir.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunaraq xatirə şəkili çəkdirilib.