Azərbaycanın ən güclü bodibildinqçilərindən olan, Avropa, ölkə və Zaqafqaziya çempionu, eləcə də Dünya mükafatçısı Vüqar Verdiyevlə bu idman növünün tarixindən tutmuş, bugünkü inkişafına qədər maraqlı söhbət etdik.
O dedi:
– Bu idman növünün tarixi bizim eramızın əvvəllərinə gedib çıxır. Bodibildinq Amerika idman növü kimi populyarlıq qazanıb. Daha sonra Avropaya yayılıb. Amerkalılar bodibildinq sözündəki “body” u bədən, “building”i isə qurmaq, yəni bədənini yenidən qurmaq mənasında başa düşürlər. Amma Avropada bu idman növünü kulturizm, yəni bədənin mədəniyyəti sözü ilə eyniləşdirirlər. Çünki xüsusi fiziki məşqlər hesabına əzələlər inkişaf edir, şişir. Bu idman növündə istədiyin formanı zaman-zaman əldə edirsən.
Azərbaycana isə bodibildinq 90-cı illərdə, SSRİ-nin dağılmasından sonra gəlib. Çünki sovet dövründə qadağan idi.
Vüqar Verdiyev bu idman növünə gəlməsi, bu sahədə özünü tapa bilməsi barədə də böyük şövqlə danışdı:
– 13 yaşımdan bodibildinq ilə məşğulam. 17 yaşımda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olandan sonra daha da peşəkar məşğul olmağa başladım. İlk dəfə səhnəyə Bakıda 1994-cü ildə çıxmışam. Artıq30 ildir ki, səhnədəyəm.
Müsahibimdən niyə məhz bodibildinqi seçməsinin səbəbini də soruşdum. O, bu sahəyə marağının böyük olduğunu dilə gətirdi. Söhbətimiz zamanı bəzən yarışlarda hakimlərin ədalətsiz olduğunu da gizlətmədi. Seçdiyi sahədən heç vaxt usanmayan 49 yaşlı müsahibim bodibildinqə böyük sevgi və şövqlə yanaşdığına diqqətimi çəkdi. Onu da bildirdi ki, bu sahəyə dövlət qayğısı da yüksəkdir:
– Azərbaycan Bodibildinq Federasiyası 1993-cü ildə yaranıb.1994-cü ildən Beynəlxalq Bodibildinq və Fitnes Federasiyasının (İFBB) tam hüquqlu və həqiqi üzvü olub. 2001-ci və 2007-ci illərdə Bakıda bodibildinq üzrə Avropa çempionatı, 2010-cu ildə Dünya çempionatı və Beynəlxalq Konqres keçirilib. Qalibiyyətimə dair bir çox medal və kuboklarım var. Bizim evə daxil olsanız, elə bilərsiniz ki, ora muzeydir, mükafatlarımla tamam bəzənib. Şüşəli stendlərdə yer alan medal və kuboklar ən böyük qazancım, təsəllim, uğurumdur.
Bu sahədə yeganə adamam ki, Əməkdar idman ustasıyam. 21 dəfə ölkə birinciliyini udmuşam, mütləq qalib olmuşam. Dünyada peşəkarlar arasında keçirilmiş oyunların qalibiyəm. Qələbədən sonra Azərbaycan bayrağının qaldırılmasının, dalğalanmasının sevinci, qüruru tamamilə fərqlidir, heç bir söz onu ifadə edə bilməz…
Yetirmələrinin çoxluğundan söz açan bodibildinqçi iftixarla bildirdi ki, Bakıda bu idman növü ilə məşğul olanların 80 faizi onun tələbəsidir.
Məni maraqlandıran bir məsələ də bu idman növü ilə məşğul olanların müxtəlif dərman və qida əlavəsi qəbul etməsi, habelə süni bədən forması almaları ilə bağlı idi. Bununla bağlı sualıma Vüqar bəy belə cavab verdi:
– Zalda məşqlə məşğul olanlara qida əlavəsi təklif edilir ki, bu da normaldır. Həmin qida əlavələrinin tərkibində proteinlər, amin turşuları, kreatinlər və digər xeyirli maddələr olur. Belə qida əlavələrini olimpiya idman növlərində də istifadə edirlər. Bu əlavələr qidaya köməkçidir. Sanki adi yeməkdə olmayan qidaları tamamlayır. Lakin bir sıra mənşəyi bilinməyən dərmanlara gəldikdə isə, onların qəbulu yolverilməzdir. Çünki ziyanlıdır. O dərmanların tərkibində dopinq var ki, bunun da bədənə yaxşı təsiri olmur. Hətta dopinqin dərəcəsini yoxlamaq üçün Azərbaycanda bir cəmiyyət var. Həmin cəmiyyət idmançını könüllü dopinq testindən keçirir. Bəzi hallarda bu test məcburi olur. Hansısa idmançı dopinq kontrola düşürsə, cərimələnir və 4 il müddətinə idmandan uzaqlaşdırılır. Federasiyamız bu kimi dərmanlara olduqca mənfi reaksiya göstərir.
Vüqar Verdiyev həm də bodibildinq növü üzrə Bədən Tərbiyəsi və İdman Akademiyasında ilk elmi iş yazan namizəddir. Söhbətimizin sonunda gəncləri bu idman növünə könül verməyə çağıran Vüqar Verdiyev onlara bir tövsiyə də verdi:
– Hansısa bir zala getməmişdən öncə zalla, sizinlə məşğul olacaq bodibildinqçinin bacarığı ilə yaxından maraqlanın. Çünki bəzi zallar standartlara uyğun deyil və bir sıra təlimçilər bu işi elə də yaxşı bacarmırlar. Bu idman növü ilə məşğul olanların çoxunun təhsili yoxdur, işin nəzəri tərəfindən xəbərsizdirlər. Sizi öyrədən bodibildinqçinin yaxşı təhsili olmalıdır.
Rizvan FİKRƏTOĞLU
XQ