Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) ABŞ-ın aparıcı qiymətləndirmə proqramlarından olan nüfuzlu “Global Recognition Awards” beynəlxalq müsabiqəsində uğur qazanıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Böyük Britaniya, ABŞ, Almaniya, Macarıstan, Kanada, İspaniya, Mərakeş, Avstraliya, Yunanıstan və digər ölkələrin dövlət və özəl qurumlarının, nüfuzlu beynəlxalq təşkilatların iştirak etdiyi müsabiqədə DSMF-nin müsabiqə işini münsiflər ən yüksək balla qiymətləndiriblər.
Sahibkarlıq, innovasiya və korporativ məsuliyyət sahəsində ən yaxşı nailiyyətləri tanıdan bu müsabiqənin qalibi seçilən Fond “Global Recognition Award 2024” mükafatına layiq görülüb.
Həmin mükafat müstəsna nailiyyətlərinə, rifah səviyyəsinə verdiyi töhfələrə görə fərqlənən, rəqəmsal texnologiyaları, innovativ yanaşmaları geniş tətbiq və təşviq edən təşkilatlara verilir.
Qeyd edək ki, bu mükafat DSMF 2024-cü il ərzində layiq görüldüyü 19-cu, 2021-2024-cü illər ərzində 42-ci beynəlxalq mükafatdır.