Səsvermədə iştirak etmək vətəndaşlıq borcumuzdur

post-img

“Növbədənkənar parlament seçkilərinə maraq çox böyükdür. Bunu deputat mandatı uğrunda mübarizənin getdikcə gərginləşdiyi də təsdiqləyir. Namizədliyini irəli sürmək istəyənlərdən başqa seçki dairəsinə və məntəqələrə müraciət edənlərin sayı gündən-günə artır. Hətta yaşlı insanlar da müraciət edərək səsvermədə şəxsən iştirak edəcəklərini, istədikləri namizədə səs verəcəklərini bildirirlər. Təbii ki, onlara heç bir problem yaradıla bilməz. Əksinə, biz seçicilərin daha çox olması marağındayıq. Elə seçki məntəqələrimiz var ki, həmin ərazidə yaşı 90-dan çox olan xeyli seçicimiz yaşayır. Onlara hörmət əlaməti olaraq evlərinə daşınan qutu göndərmək və səs vermələri üçün əlverişli şərait yaratmaq istəyirik. Ancaq onlar deyirlər ki, özlərini çox gümrah hiss edir və seçki məntəqəsinə gəlib orada səs verəcəklər. Hətta ötən seçkilərdə seçki məntəqəsindən uzaqda yaşayanların gəlib-getmələri üçün maşın da təşkil edilmişdi. Təki səsverməyə gələn seçicilərimizin sayı çox olsun və seçkilər mütəşəkkil keçsin”. 

Bu fikirləri redaksiyamıza növbə­dənkənar parlament seçkilərinə hazır­lıq işləri barədə məlumat verən 67 saylı Sabirabad seçki dairəsinin sədri Məstalı Nuriyev bildirdi.

Sədr dedi ki, hazırda seçki prosesi­nin ən qızğın mərhələsindəyik. Seçkilər­də namizəd olmaq istəyənlər çoxdur. Onların namizədliyinin təsdiq edilməsi, topladıqları imzaların etibarlı olub- olma­masını müəyyənləşdirmək, sonra təbli­ğat-təşviqatın aparılmasını təşkil etmək mürəkkəb prosesdir.: “Söz yox ki, biz bütün işlərimizi qanunvericiliyin tələbləri əsasında qurmuşuq. Təcrübəmə əsasla­naraq deyə bilərəm ki, müəyyən səbəblər üzündən namizədliyi qeydə alınmayanlar seçki dairəsini və ya ekspertləri günah­landırırlar. Onlara namizədliyinin təsdiq olunmamasının səbəbləri izah olunsa da, yuxarı inistansiyalara şikayət edir­lər. Bu, gərginliyi daha da artırır. Mən 20 ilə yaxındır ki, seçklərlə məşğulam. Bu sahədə kifayət qədər təcrübəm var. Hə­mişə də şahidi olmuşam ki, namizədliyi qeydə alınmayanların şikayəti əsassız çıxıb”.

M.Nuriyev məntəqə seçki komissi­yalarında aparılan hazırlıq işlərindən də danışdı. Dedi ki, DSK-nın dislokasiya­sında 49 seçki məntəqəsi var. Komissiya üzvləri də seçki prosesdində təçrübəsi olanlardır. Lakin buna baxmayaraq, onla­rın maarifəndirilməsi zəruridir. MSK tərə­findən təşkil olunan maarifləndirmə proq­ramlarında mütləq iştirak edirik. Bu vaxta qədər MSK dairə seçki komissiyaları, işçi qrupunun üzvləri və ekspertlər üçün seminar -müşavirələr keçirib. Bütün bun­lar seçki prosesində qarşıya çıxa biləcək problemlərin aradan qaldırılmasında mü­hüm rol oynayır. 

Aşağı seçki komissiyalarının üzvləri üçün təşkil olunan maarifləndirmə təd­birlərində seçki prosesində baş verən­lər-seçki qutularının açılmasından bağ­lanana qədər baş verənlər- bülletenlərin sayılması və yekun protokolun doldu­rulması bir daha əyani şəkildə nümayiş etdirlir. Bu, həm də komissiya üzvlərinin bilik və bacarıqlarının, işgüzar vərdişlə­rinin, həmçinin peşəkarlıq səviyyəsinin artırılmasında çox vacibdir. Hazırlıq iş­lərinin yüksək səviyyədə olması növbə­dənkənar seçkilərin azad, ədalətli və demokratik şəraitdə başa çatacağına əminlik yaradır.

Söhbətə 18 saylı Qalağayın kənd seçki məntəqəsinin sədri Telman Qurba­nov da qoşuluraraq dedi ki, seçicilər ara­sında yaşlı nəslin nümayəndələri də var. Onlardan 3 nəfəri yaşadıqları ünvana qutu aparılması üçün müraciət edib: “Se­çicilərimiz arasında yaşı 90-dan çox olan 3 nəfər var. Onlar səsvermədə mütləq iş­tirak edəcəklərini bildiriblər. İlk dəfə səs verəcək 13 nəfər gənclə görüş keçirməyi qərarlaşdırmışıq. Bundan əlavə, ərazimi­uzə yeni gələnlərin qeydiyyata alınması­nı da diqqətdə saxlamışıq. 

T.Qurbanovun köməyi ilə kəndin ən yaşlı sakinlərindən bir neçəsi ilə əlaqə saxladıq.

Sərfinaz Ağayeva: – Mənim 97 yaşım var. Özümü yaxşı hiss edirəm. Keçmişdə ictimai işlərdə həmişə fəal iş­tirak etmişəm. Əmək qabaqcılı olmuşam, rayonda keçirilən tədbirlərdə yaxından iştirak etmişəm. Seçkilərdə özüm səs vermişəm. Bu ilin əvvəlində keçirilən prezident seçkilərində Prezident İlham Əliyevə səs vermişəm. Evimiz seçki məntəqəsindən uzaqdır. Demişəm ki, evə qutu gətirsələr, özüm ürəyim istədiyi namizədə səs verəcəyəm.

Ələsgər Əsədov: – Doxsan dörd ya­şım var. Uzun müddət müəllim işləmişəm. Necə deyərlər, ziyalı təbəqəsindənəm. Seçkinin dövlətimiz, xalqımız üçün əhə­miyyətli olması barəsində uşaqlarıma, nəvələrimə məlumat verirəm və tövsiyə edirəm ki, onların hər biri səsvermədə mütləq iştirak etsin. 

Minə Həsənova: – Yaşım 90-ı adla­yıb. Ömür boyu pambıqçılıqla məşğul ol­muşam. Ona görə də sağlamam. Cavan­lığımda qabaqcıl pambıqçı kimi rayonda keçirilən bütün tədbirlərə dəvət olunmu­şam. Seçkilərdə həmişə iştirak etmişəm. İnşallah, budəfəki səsvermədə də iştirak edəcəyəm. Seçkilərdə iştirak etmək hər birimizin hüququdur. Bu, həm də bizim vətəndaşlıq borcumuzdur.

Əliqismət BƏDƏLOV
XQ







Sosial həyat