Sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin mətni, forması, sayı və hazırlanması qaydası təsdiq edilib.
Bu barədə MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib. O deyib ki, seçicilərin məlumatlandırılması vacib məsələdir. Buna görə MSK 6 milyon 300 mindən çox seçicinin hər birinə müvafiq bildirişlərin çatdırılması üçün vacib addımlar atacaq. Hər hansı seçici bu bildirişi almasa, qaynar xəttə müraciət edə bilər. Bildirişlər mətbəə üsulu ilə müxtəlif rənglərdə hazırlanır və üzərində səsvermə haqqında bütün vacib məlumatlar müfəssəl şəkildə izah edilir”.
R.Qasımovun sözlərinə görə, ötən prezident seçkilərində işğaldan azad edilən ərazilərdəki seçicilər üçün fərqli bildirişlər hazırlanmışdı. Bu dəfə də həmin ərazidə səs verəcək seçicilər üçün fərqli forma və rəngdə bildirişlər hazırlanacaq. Ümumilikdə, MSK tərəfindən 6 milyon 516 min 567 bildiriş çap ediləcək.