Ələ keçməmək üçün metamfetamini maye halında gətiriblər

post-img

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının paytaxt ərazisində keçirdikləri növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən, tranzit yükdaşıma fəaliyyəti ilə məşğul olan Sahil Cabbarov və əvvəllər məhkum olunmuş Səfadar Ağazadə tutulublar.

DİN mətbuat xidmətinin məlumatına görə, onlardan və S.Cabbarovun idarə etdiyi qoşqulu yük avtomobilindən ümumilikdə 19 litr həcmində 13 kiloqram maye halında olan psixotrop maddə metamfetamin və narkotiklərin dövriyyəsində istifadə edilən 3 ədəd bank kartı aşkarlanıb.

S.Cabbarov və S.Ağazadə izahatlarında metamfetamini şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından götürərək maddi qazanc qarşılığında qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirdiklərini bildiriblər.

Onlar şübhə oyatmamaq üçün metamfetamini maye halına salaraq ölkəyə gətiriblər. Burada isə onu kristal formaya qaytararaq satışını təşkil etməyi planlaşdırıblar. 

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Araşdırmalar davam etdirilir.

P.ƏMİRCANOV
XQ

Sosial həyat