Yolunu azan Hayastan

post-img

Hindistanın Azərbaycan–Türkiyə–Pakistan  hərbi-siyasi ittifaqına qarşı “erməni qalxanı”

– Dünən Ermənistan və ABŞ arasında birgə hərbi təlimlər başlayıb. Erməni şərhçilər məmnunluqla qeyd ediblər ki, amerikalılar Gürcüstanla analoji manevr- ləri ləğv ediblər;

– Baş nazir Paşinyan Vaşinqtonla münasibətləri “strateji tərəfdaşlıq” səviyyəsinə qaldırmağın məqamı çatdığını bildirib;

– Erməni mediası İrəvanın Hindistandan 500 kilometr mənzilli “Pralay” operativ-taktiki raketlərinin alınması ilə bağlı danışıqlar apardığı və “BrahMos” səsdəniti raketlərinə (uçuş məsafəsi 1000 kilometr) maraq göstərdiyi barədə məlumatlar yayıb;

– Hindistan Ermənistanla hərbi-siyasi tərəfdaşlığı daha da dərinləşdirir.

***

Az qala, müharibə xronikasını xatırladan bu xəbərləri hay mediası gen-bol tirajlamaqla məşğuldur. Məqsədin Ermənistanın güclənən “hərbi qüdrətini”, eləcə də bu yöndə böyük güclərdən aldığı dəstəyi qonşularına nümayiş etdirmək olduğu məlumdur. Bəs rəsmi İrəvan bununla son nəticədə nəyə nail olmağa çalışır? Bu sualın daha məntiqi cavabını hindistanlı ekspertlər verirlər. Onların fikrincə, Dehli ilə İrəvan arasında hərbi-texniki əməkdaşlığı və Ermənistanın silahlandırılması Türkiyə, Pakistan və Azərbaycan arasında son illərdə möhkəmlənən müttəfiqlik münasibətləri ilə bağlıdır. Bu yeni “üçlük” Hindistanın maraqları üçün təhlükə hesab olunur və Dehli Ermənistana hərbi-texniki dəstək verməklə onu gücləndirməyə çalışır. Yəni, Hindistan Azərbaycanın Türkiyə və Pakistanla hərbi-siyasi ittifaqının genişlənməsinə qarşı “erməni strategiyası”nı işə salıb.  

“İndian Defence pdates”in məlumatına görə, Banqalor ştatında odlu silahların istehsalı üzrə ixtisaslaşan “SSS Defence” şirkəti Ermənistana 338 “Lapua Magnum” çaplı snayper tüfənglərinin tədarükü ilə bağlı müqaviləni nəinki bağlayıb, hətta onu yerinə yetirib. Hindistan silah tədarükü ilə yanaşı, müharibədə darmadağın edilmiş Ermənistan ordusunun bərpası ilə də məşğuldur. Bu ilin mayında Dehli rəsmiləri ilk dəfə Ermənistanla müdafiə məsələləri üzrə ikitərəfli məsləhətləşmələr aparıblar. Hindistan nümayəndə heyətinə bu ölkənin Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlıq üzrə katibi Vişveş Neqi, Ermənistan nümayəndə heyətinə isə nazirliyin müdafiə siyasəti və beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Levon Ayvazyan başçılıq ediblər. Məsləhətləşmələr zamanı Ermənistan və Hindistan arasında müdafiə sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri, o cümlədən şəxsi heyətin hərbi-texniki, hərbi-təhsil və döyüş hazırlığı, təcrübə mübadiləsi və digər mövzular müzakirə edilib. 

Hindistanın ekspert dairələri Dehli ilə İrəvan arasında hərbi-texniki əməkdaşlığı, Ermənistanın silahlandırılmasını Türkiyə, Pakistan və Azərbaycan arasında son illərdə möhkəmlənən hərbi müttəfiqlik münasibətləri ilə izah edirlər. Rəsmi Dehlinin fikrincə, bu ittifaq Hindistanın maraqlarına təhlükə hesab olunur.

***

Aydındır ki, Hindistan və Ermənistan arasında intensiv hərbi əməkdaşlıq Bakının haqlı narazılığına səbəb olduğu kimi, Moskvada da qıcıq yaratmaya bilməz. Ermənistan guya Rusiyadan silah asılılığını aradan qaldırmaqla Qərblə yaxınlaşma sayasində daha çox manevr imkanları əldə edir. Ümumiyyətlə, Rusiya Cənubi Qafqazda Hindistan kimi böyük geosiyasi oyunçunu görməyi arzulamır. İntəhası, Moskva Hindistan–Ermənistan əlaqələrinə rəsmən reaksiya verməməyə çalışır. Amma İrəvanla Qərb arasında hərbi əməkdaşlığın hər hansı təzahürünə, xüsusən Ermənistanın Fransadan və digər NATO ölkələrindən silah almasına son dərəcə qısqanc yanaşır. Pakistanla dostluq və qardaşlıq münasibətlərinə görə Azərbaycana arxa çevirən Hindistan nəinki xaricə silah ixrac edir, həm də bir çox silah növlərini Rusiyadan alır. Dehli Ermənistanı silahlandırmaqla, dolayısı ilə, kollektiv Qərbin “Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq” strategiyasını dəstəkləyir. Hindistanın hərbi sənaye kompleksi əsasən sovet və rus hərbi texnologiyalarına əsaslanır. Çin və Pakistan kimi güclü düşmənləri olan Hindistanın hava qüvvələrini və hava hücumundan müdafiə sistemlərini gücləndirmək üçün Rusiyanın köməyinə ehtiyacı var. Bu məsələ Baş nazir Narendra Modinin Moskvaya son səfəri zamanı vurğulanıb. Rusiya sorğuya baxacağına söz versə də, dəqiq müddəti göstərməyib. 

Bir yandan Rusiyaya arxa çevirən, ABŞ ilə birgə hərbi təlimlər keçirən, NATO ilə münasibətlərini “istiləşdirməyə” çalışan Ermənistan, digər tərəfdən Şimali Atlantika Alyansına əks qütbdə yer alan ölkələrlə hərbi əməkdaşlıq edir. İrəvanda bu “taktika” Ermənistanın Qərbdən dəstək alması, hətta onu Qafqazdakı əsas tərəfdaşına çevirməsi istiqamətində atılan addım kimi qəbul edilir. Əslində isə bu, xəyalpərəst düşüncələrdən xilas ola bilməməyin fəsadlarıdır. Reallıq isə ondan ibarətdir ki, Qərbin Ermənistana marağı, əsasən, ondan Rusiya ilə qarşıdurmada istifadə etməkdən irəli gəlir.  NATO-nun Vaşinqton Sammitinin nümayiş etdirdiyi kimi, dünyada kollektiv Qərbin imkanları və ambisiyaları getdikcə daralmaqdadır. 

Keçən həftə Azərbaycan XİN başçısının da iştirak etdiyi NATO Sammiti bu alyansın Avropadan və Asiya–Sakit okean hövzəsindən kənarda ciddi müdaxilə üçün resurslarının olmamasından xəbər verirdi. Qafqazla ikibaşlı oyun oynayan alyansçılar və Qərb düşərgəsi indi daha çox öz gələcəyindən narahatdırlar. Gündəmdə NATO-nun qurucusu və lideri kimi ABŞ-nin parçalanması və zəifləməsi məsələsi durur. 

Bəs Paşinyan Azərbaycanla sülhə gəlmək, qonşu ölkələrlə münasibətləri normallaşdırmaq əvəzinə NATO və ABŞ ilə hərbi əməkdaşlığı inkişaf etdirməyə güvənərək nəyə ümid edir? Təəssüf ki, o, onun komandası hələ də tipik Şərqi Avropa liberal siyasətçilərinin problemlərini təkbaşına həll etməyə qadir olan qüdrətli Qərb haqqında utopik fikirlərin əsiridir. Onlar anlamaq istəmirlər ki, “o Qərb” artıq yoxdur və ya, bəlkə də, heç vaxt olmayıb.

***

Bu həftənin sonu, iyulun 22-də Aİ ölkələrinin xarici işlər nazirləri büdcədənkənar “Avropa Sülh Fondu”ndan (ASF) Ermənistana on milyon avro vəsaitin ayrılması prosedurunu tamamlayacaqlar. Erməni isteblişmentindəki revanşist ünsürlər bunun yalnız “birinci” tranş olduğunu deyirlər. Fəqət, gələcəkdə bu “ianənin” artacağı ehtimalı azdır. ASF-nin pulu, yəqin ki, Fransanın Paşinyana verdiyi “hədiyyələr”ə görə kompensasiyaya gedəcək. Ümumiyyətlə, cəmi on milyon avro Ermənistanın Qərbin siyasi palitrasındakı yerini aydın şəkildə göstərir. Nəzəri cəhətdən, Aİ Cənubi Qafqazda daha “aktiv siyasətə” başlaya bilər. Belə kiçik məbləğlər isə bəlkə, erməni eks pansionizmini canlandırmaq üçün kifayət edər. Qərb yolunu azmış Hayastanın ideoloji ehtiyacını ödəyə bilər. Ona bu işdə erməni diasporunun yaxından kömək edəcəyi şübhəsizdir.

Yolunu azmışın siyasətinin gec-tez iflasa uğrayacağı aksiomdur. Onu yanlış səmtə yönəldən Aİ-nin timsalında həmin Qərbin də sonda Azərbaycanın ayağına gələcəyi heç kəsdə şübhə doğurmamalıdır. Çünki obyektiv ehtiyacın ödənməsinə məhəl qoyulmaması mümkünsüzdür. İqtisadiyyat onu Azərbaycan, Türkiyə, eləcə də Gürcüstanla əməkdaşlığa məcbur edəcək.

***

Beləliklə, hər şeydən göründüyü kimi, kollektiv Qərb diqqəti Çin və Rusiyaya yönəltmək, digər istiqamətlərə mü daxilələri azaltmaq üçün özünün strateji planlarına yenidən baxır. Bu zaman, təbii ki, Qərbin bəzi dövlətləri və birlikləri tərəfindən Cənubi Qafqazda münasibətlərin normallaşması, əməkdaşlığın bərpası prosesinə problemlərin yaradılmasını istisna etmək olmaz. Fəqət, son dörd ilin təcrübəsi göstərdi ki, bu cür təxribatçı-dağıdıcı cəhdlər uğursuzluğa məhkumdur. Ən azı, ona görə ki, həmin kollektiv Qərbin Cənubi Qafqaza əvvəlki müdaxilə imkanları daha yoxdur. Üstəlik, mövcud reallıq, eləcə də Aİ-yə üzv ölkələrin özəl maraqları onları regionda yeni tərəfdaşlar və rollar axtarışına çıxmağa sövq edir. Bu zaman üzlərini hansı səmtə çevrilsələr də, onların önündə qarşılıqlı faydalı tərəfdaşlığa açıq olan Azərbaycan duracaq. Söhbət təkcə Bakının qazandığı siyasi nüfuzdan, malik oldyuğu iqtisadi və strateji resurslardan getmir. Axı Aİ ölkələrinin regiondakı maraqlarına Rusiya və İranın nəzarətində olan alternativ marşrutların bağlanması fonunda Azərbaycan Xəzərin və Mərkəzi Asiyanın resurslarının tranzit marşrutlarına malikdir. Azərbaycan bölgədə məhz bu cür çıxışı təmin edən əsas ölkədir və onun alternativi yoxdur.

İmran BƏDİRXANLI

XQ

 

Ekspert rəyi

Fikrət SADIXOV, 

Qərbi Kaspi Universitetinin professoru, politoloq:

– Görünən odur ki, Dehli Pakistanın Qafqaz regionunda güclənməsindən narahatdır. Eyni zamanda Azərbaycan–TürkiyəPakistan alyansının yaranmasının bu narahatlığı artırdığı şübhəsizdir. Amma onu qeyd etməliyik ki, Azərbaycanın da daxil olduğu “üçlük” heç kəsə, xüsusilə də, Hindistana qarşı deyil. Biz sülh istiqamətində öz təkliflərimizi irəli sürmüşük. Hərbi cəhətdən ona görə güclənirik ki, torpaqlarımız otuz il ərzində işğal altında qalmışdı. Bu müddətdə heç bir dövlət bizə kömək əlini uzatmadı. Doğrudur, beynəlxalq təşkilatlar bizim xeyrimizə, işğalçıya qarşı bir neçə qətnamə çıxardı, amma real və konkret addımlar atılmırdı. Problemi özümüz həll etdik, tarixi ədalət bərpa olundu və bununla da bizim missiyamız bitdi. 

İndi Ermənistan aldığı silahları kimə qarşı istifadə etmək barədə düşünür? Azərbaycana qarşı? Belə məlum olur ki, özünü “sülh göyərçini” cildində göstərməyə çalışan Nikol Paşinyan yenə silahlanır və Azərbaycana ərazi iddiaları irəli sürür. Yəni müharibəyə hazırlaşır. Yaxud da həmin revanşist qüvvələrin tələb və maraqlarına cavab verən addımlar atır. Bu, rəsmi İrəvan üçün olduqca təhlükəli bir siyasətdir. Ernmənistan başa düşməlidir ki, paralel olaraq, Azərbaycan da silahlanır. Bizim əldə etdiyimiz müasir silahlar texnoloji baxımdan onların aldıqlarından daha üstündür. Bu amili də yadlarından çıxarmasınlar. Heç nəyə də nail ola bilməyəcəklər. 

Konstitusiyasında qonşulara ərazi iddiaları olan müddəaları aradan qaldırmayan, sülahlanan Ermənistan rəhbərliyini revanşistlərin yönəltdiyini ehtimal etmək olar. Təbii ki, biz bütün təhlükə və risklərə hazır olmalıyıq. Bu mənada Azərbaycan zəruri tədbirlərini görür və adekvat addımları da atır.  

Arzu NAĞIYEV,

Milli Məclisin deputatı:

– İyulun 15-dən 24-dək Ermənistanda ABŞ ilə birgə hərbi təlimlər başlayıb. Bundan məqsəd Ermənistan ordusunun müəyyən bölükləri ilə Birləşmiş Ştatlar Silahlı Qüvvələrinin müvafiq qoşun növlərinin birgə manevrlər keçirmələridir. Həmin təlimlərdə Ermənistanın sülhməramlı briqadaları və ABŞnin Avropa və Afrikada dislokasiya olunmuş quru qoşunlarının və Kanzasın  Milli Qvardiyasının hərbçilərinin iştirakı nəzərdə tutulub. Burada məqsədin, guya, münaqişə tərəfləri arasında toqquşmaların qarşısının alınmasında beynəlxalq təcrübənin öyrədilməsidir. 

Amma diqqətlə baxanda məlum olur ki, bu hərbi təlimlərin əsas məqsədi nəyin bahasına olursa-olsun Ermənistan ərazisindəki Rusiya hərbi kontingentinin nüfuzunu aşağı salmaqdır. Bundan başqa, dünyaya nümayiş etdirilir ki, Ermənistan KTMT-dan çıxmaq istədikdən sonra məhz ABŞ-nin və Qərb dövlətlərinin orduları ilə birgə təlimlərə başlayırlar. Əlbəttə ki, buna Rusiya çox kəskin reaksiya verdi. Bildirdi ki, bu təlimlər sülhə deyil, əksinə, hansısa geosiyasi platformanın, hərbi platsdarmın yaradılmasına xidmət edir. Bu isə Cənubi Qafqazda sülhün bərqərar olmasına yalnız ziyan vura bilər. 

Birgə təlimlər həm Rusiyanın, həm də İranın əleyhinədir. Bölgə ölkələrinin təhlükəsizliyinə təhdid də ola bilər. Azərbaycan da bu mümkün təhdidləri nəzərə alır və zərurət yaranacağı təqdirdə, adekvat tədbirlər görməyə hər cür imkanı var. 

Ermənistanın Fransadan, indi də Hindistandan silahlar alması sönmüş münaqişə ocağının körüklənməsi kimi başa düşülməlidir. Qərb odla oynayır. Vasitəçisiz, birbaşa dialoqla sülhə gəlməyə çalışan tərəflərə öz varlığını məhz bu kimi yollarla göstərməyə çalışır. Kollektiv Qərb və ABŞ bu cəhdlərin hansı nəticələrə səbəb ola biləcəyini unutmamalıdır.   

Şair RAMALDANOV,

ehtiyatda olan polkovnik, hərbi ekspert:

– Hazırda Ermənistan və Azərbaycan müharibə vəziyyətindədirlər. Bu şəraitdə işğalçı qonşunun silahlanması, hərbi təlimləri, manevrləri Bakının diqqətindən yayına bilməz. Ermənistanın yürütdüyü Qərbyönlü siyasətini bölgə üçün potensial təhlükə saymaq olar. Çünki Ermənistan ərazisində Rusiya hərbi kontingenti var. Əgər buraya digər dövlətlərin müdaxiləsini geosiyasi baxımdan dəyərləndirsək, kənar qüvvələrin anti-Rusiya koalisiyasının öz maraqlarını genişləndirmək cəhdlərini görə bilərik. Kollektiv Qərb bölgədə öz maraqlarını Rusiyanın hesabına reallaşdırmaq məqsədini güdür. Moskva Avropa İttifaqının mülki missiyasının Ermənistanda yerləşməsinə özünün mənfi münasibətini bildirib. 

Aydın məsələdir ki, ABŞ–Ermənistan birgə hərbi təlimləri də Rusiya tərəfindən müsbət qarşılanmayacaq. Bu isə regionda hadisələrin gərginliyə doğru inkişaf edəcəyini, təhlükəsizliyə təhdid yaradacağını söyləməyə əsas verir. Təlimlərin özünə gəldikdə isə bu zaman kəşfiyyat fəaliyyətinin aparılmasından danışa bilərik. Buraya İranın da narahatlığı əlavə olunmalıdır. 

Heç kəsə sirr deyil ki, Ermənistan ordusunda orta komandir heyəti məhz Rusiyada təhsil alanlardır. Düşünürük ki, təlimlərin bir məqsədi də bu kontingenti etibarlılıq testindən keçirməkdir. Hindistana gəldikdə isə, bu dövlət bölgənin silah bazarındakı boşluqdan istifadə edərək, burada yer tutmağa çalışır. Amma onun istehsal etdiyi məhsullar beynəlxalq silah bazarında yüksək standartlara cavab vermir. Dehli snayper tüfənglərini ilk dəfədir ki, xaricə satır. Hindistanın Pakistanla strateji müttəfiq olan ölkələrə soyuq münasibət bəsləyənlərin yanında olması təbiidir. Yeni silahlar əldə edən Ermənistanın yerli mütəxəssislər üçün hərbi təlim və məşğələlər keçirməsi isə təəccüb doğurmamalıdır.

 

 

 







Siyasət