Bizim polisimiz bizi və dövlətçiliyimizi qoruyur

post-img

2 İyul Azərbaycan Polisi Günüdür

Yazıya başlayanda Rza və Məm­mədhüseyn Təhmasiblərin “Onu ba­ğışlamaq olarmı?” bədii filmini xa­tırladım. Düz 65 il əvvəl – 1959-cu ildə çəkilmiş bu maraqlı ekran əsəri cinayət axtarışı əməkdaşları və icti­mai asayiş keşikçilərinin çətin işləri haqqındadır. 

Uşaq vaxtı tam təsir altına düşərək oğrulara qoşulmuş Tərlan “iş başında” qarşılaşdığı şahid qızı aradan götür­mək istəyəndə onu şikəst edir. Gəncin doğru yola qayıtmasına inanan mayor Qaya Mürşüdov onu xilas etmək üçün müxtəlif fəndlərə əl atır. Cinayət başın­da yaxalanan gənc istintaqın humanist üsulu nəticəsində öz günahlarını etiraf edir, yenidən ətrafındakı adamların eti­barını qazanır və cəmiyyətdə öz yerini tapır. Film hüquq-mühafizə orqanlarının insanpərvərlik duyğuları ilə süslənib. Bu gün də qanun pozucularının islah olun­masına zəhmət sərf edən polis əməkdaş­ları çoxdur və onların nümunəsi cəmiyyət­də təqdir olunur. Peşə bayramı günündə Azərbaycan polisinin şərəfli xidməti fəa­liyyətinə nəzər salmaq istəyirik. 

Ulu öndər Heydər Əliyevin 24 may 1998-ci il tarixli Fərmanına əsasən, Azər­baycan Polisi Gününün əvvəlki tarixi (6 iyun) dəyişdirilərək, iyulun 2-nə keçirilib. Çünki 1918-ci ildə məhz həmin gün Azər­baycan Xalq Cümhuriyyəti (AXC) Daxili İşlər Nazirliyinin (DİN) tərkibində ilk polis orqanları təsis edilmişdir.

Bu gün polis deyəndə ilk növbədə Vətən uğunda döyüşlərdə canını fəda edən, ən çətin tapşırıqlara gedən, silahlı quldurların qarşısına çıxıb onları zərərsiz­ləşdirən, əhalinin təhlükəsizliyini qoruyan uca boylu igidlər yada düşür. Həmçinin yolu keçməkdə çətinlik çəkən piyadala­rın qolundan tutub ötürən, sərt dalğala­rın qoynuna atılaraq suda boğulanları ölümdən qurtaran, küçədə halı pisləşmiş vətəndaşları dərhal xəstəxanalara çatdı­ran, 8 Mart günü sürücü qadınları saxla­yaraq gül dəstəsi ilə təbrik edən mərdanə oğulların obrazları göz önündə canlanır. 

Artıq Azərbaycan polisinin 106 yaşı var. DİN əməkdaşları 1918–1920-ci il­lərdə böyük vətənpərvərliklə ilk müstəqil dövlətimizin milli maraqlarını müdafiə edib, sovet dövründə də bu sahədə yük­sək nəticələr qazanıblar. Ümummilli lider Heydər Əliyev böyük uzaqgörənliklə polis orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırıl­ması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edib. Şəxsi heyətin məhz milli ruhda formalaşması­nın nəticəsi idi ki, 1988-ci ildə milis, son­rakı illərdə Daxili Qoşun hissələri nizami qüvvə kimi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadət­lə dəf edib. Bu döyüşlərdə 1700-ə qədər polis əməkdaşı və hərbi qulluqçu şəhid­lik zirvəsinə ucalıb, təxminən bir o qədər polis isə yaralanıb. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər orden və medallara layiq görülüb.

Danılmaz faktdır ki, müstəqilliyimizin sonrakı illərində də daxili işlər orqanları­nın fəaliyyəti uğurlu olub. Cinayətkarlığa qarşı mübarizədə, qayda-qanunun qo­runması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 100 polis əməkdaşı və hərbi qulluqçu həlak olub, 2640 nəfər xəsarət alıb. 

Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmizdə yaradılan sabitlik isə gələcək uğurlara və yüksəlişə doğru inam­la irəliləyən müstəqil dövlətimizin rəmzinə çevrilib. Dövlət başçısının həyata keçirdi­yi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb. Ötən 21 ildə polisin xidməti fəaliyyətin cəmiyyətin maraqlarına tam cavab verməsi, qabaq­cıl beynəlxalq təcrübəyə uyğun qurulması məqsədilə müxtəlif fərman və sərəncamlar imzalanıb. O cümlədən nazirliyin struktu­runun və normativ-hüquqi bazasının tək­milləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial mü­dafiəsinin və demokratik cəmiyyətdə poli­sin rolu haqqında məlumatlandırma işinin gücləndirilməsi təmin edilib. 

Prezident, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev Daxili Qo­şunların döyüş hazırlığının yüksəldilmə­sini daim nəzarətdə saxlayıb, hərtərəf­li inkişafını ideal səviyyədə təmin edib. Məhz bu ali diqqətin nəticəsidir ki, Daxili Qoşunlar qarşıya qoyulan xidməti-döyüş vəzifələrini yüksək səviyyədə yerinə yetir­məyə qadir silahlı birləşməyə çevrilib.

Tarixi Zəfərin qazanıldığı 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan polisi öz şücaət və qəhrəmanlıqları ilə xüsusilə seçilib. Doğma Qarabağ və Şərqi Zəngəzurda torpaqlarımızın müda­fiəsinə qatılan, çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirən Daxili Qoşunların xüsusi təyinatlıları düşmənə sarsıdıcı zərbələr vurub. İkinci Qarabağ savaşın­da Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb. Doğma yurdumuzun işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşmüş yüzlərlə daxili qoşun əməkda­şı dövlət təltiflərinə, o cümlədən 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. 

Son illərdə peşə bayramı ərəfəsində Prezidentin sərəncamı ilə çoxsaylı DİN əməkdaşı orden və medallar alıb, şəxsi heyətin vəzifə maaşları artırılıb, müəyyən sayda ali rütbələr verilib. 12 Mart – Daxili Qoşunlar Günü də hər il bu nümunə­vi strukturun neçə-neçə qulluqçusunun “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” və “İgidliyə görə” medalları ilə təltif edil­məsi ilə əlamətdar olub. Əlbəttə, bütün bunlar şərəfli peşə sahiblərinə əlavə sti­mul verir. 

Elə işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikasının inzibati əra­zi bölgüsünə müvafiq olaraq yaradılan və hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların fəa­liyyətinin təşkilinin DİN-ə həvalə edilməsi Azərbaycan Polisinə göstərilən yüksək etimadın növbəti təzahürü oldu. Ölkəmi­zin bütün ərazilərində, o cümlədən işğal­dan azad olunan şəhər və rayonlarımızda peşəkarlığına güvənilən daxili işlər orqan­larının əməkdaşları etimadı doğrultmaq üçün gecə-gündüz uğurla xidmət edirlər.

Bu gün Azərbaycan polisi milli maraq­lar naminə dəqiq təşkil edilmiş sistemli və peşəkar kadr korpusu olan vahid mərkəz­ləşdirilmiş hüquq-mühafizə orqanıdır. Daxili işlər orqanları ölkədə cinayətkarlı­ğa, onun transmilli növlərinə qarşı müba­rizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda polis vətəndaşların qanu­ni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində vəzifələri peşəkar­lıqla yerinə yetirir və hər zaman şərəfli borcuna sadiq qalaraq inamı, etimadı doğruldur. 

Polis əhaliyə daha yaxın olan hüquq-mühafizə orqanıdır. Kənardan baxanda şıq libaslı polis əməkdaşları ra­hat görünə bilərlər. Amma onların həyatı və xidməti sınaq dolu çətin anlarla çox zəngindir. Həftədə 7 gün, gündə 24 saat bizim təhlükəsizliyimizi qoruyurlar. Bəzən də vəzifə borclarını yerinə yetirmək po­lislərin həyatı bahasına başa gəlir. Buna baxmayaraq, onlar qanunların və insan haqlarının qorunmasına qeyd-şərtsiz əməl edir, el yolunda fədakarlıqlarını əsir­gəmirlər. Adını unutduğum bir el şairi bu barədə yaxşı deyib:

Bilirsən, çətin anda, darda səni gəzirəm,

Vaxt olur ki, boranda, qarda səni gəzirəm.

Hər əzminə, cəhdinə artır qayğım, təlaşım,

Mənim polis qardaşım! 

Əli NƏCƏFXANLI
XQ



Sosial həyat