Xəbər verildiyi kimi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərə start verilib.
Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 28 iyun 2024-cü il tarixli sərəncamı ilə “Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 iyun tarixli 176 nömrəli Sərəncamı rəhbər tutularaq və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 1-ci bəndinə əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.
Dünən Əjdər Əliyevin sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.
Ali Məclisə seçkilərlə əlaqədar qanunvericilikdə nəzərdə tutulan tədbirlərin sistemli, ardıcıl və keyfiyyətlə gerçəkləşdirilməsi, habelə seçki iştirakçılarına metodiki kömək göstərilməsi və onların fəaliyyətlərinin daha da sadələşdirilməsi məqsədilə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı komissiya üzvləri tərəfindən müzakirə olunaraq təsdiq edilib.
Daha sonra Naxçıvan Muxtar Respublikasının inzibati ərazi vahidinin hüdudları daxilində 45 seçki dairəsinin yaradılması, onların sxemi, qrafik təsviri və hüdudlarının müəyyən olunması üzrə komissiyanın təklifləri müzakirə edilib. MSK sədrinin müavini, seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyanın sədri Xatirə İbrahimli muxtar respublika üzrə yaradılması nəzərdə tutulan 45 seçki dairəsinin hüdudlarına dair hazırladıqları təkliflər, hər bir seçki dairəsinin mərkəzi və seçicilərinin sayı barədə komissiya üzvlərini məlumatlandırıb.
İclasda qarşıdan gələn seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması, eləcə də vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə MSK nəzdində ekspert qrupunun yaradılmasına dair məsələyə də baxılıb və 5 nəfərdən ibarət tərkibdə ekspert qrupunun yaradılmasına qərar verilib. Seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq dairə seçki komissiyaları nəzdində 3 nəfərdən ibarət ekspert qruplarının yaradılması isə seçki dairələrinin dairə seçki komissiyalarına həvalə olunub.
XQ