Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkə polisinin fəaliyyətini tənzimləmək üçün bu prinsipləri hədəf kimi müəyyənləşdirmişdi: intellektual səviyyəni yüksəltmək, peşəkarlığın dünya standartlarına çatdırılmasına nail olmaq, dünyanın qabaqcıl ölkələrinin müvafiq orqanlarının istifadə etdiyi ən müasir texnologiyalara yiyələnmək və Vətənə, dövlətə sadiq olmaq.
Bu gün Azərbaycan polisi bu hədəflərə doğru uğurla irəliləyir. Ali Baş Komandan İlham Əliyevin müasir çağırışlara uyğun müəyyənləşdirdiyi yeni vəzifələri dönmədən, hədəfdən yayınmadan, sadiqliklə icra edir. Təbii ki, bu taleyüklü məsələlərin həllində nazirliyin rəhbərliyinin və şəxsən nazirin yüksək dövləti məsuliyyəti, peşəkarlığı, dövlətə və dövlətçiliyə tam sədaqətlə xidməti həlledici amillərdəndir. Həlledici anlarda həlledici qərarların qəbulu və icrası isə zaman-zaman Azərbaycanı bir çox silkələnmələrdən xilas etdi. İndi onlar artıq tarixin səhifələridir. Ölkə polisi isə özünün keşməkeşli və şərəfli tarixinə yeni, parlaq səhifələr yazır. İyulun 2-də Azərbaycan polisinin 106 yaşı tamam olur. Bu gün sənin, mənim, onun, geniş ictimaiyyətin, milyonların sevə-sevə qeyd etdiyi bayramlardan biridir.
İtalyan ədibi Qarsionun “Əgər ədəbiyyat olmasaydı, dünyada çox şey dəyişməzdi, amma polis olmasa dünya dağılar” – deyimi obyektiv gerçəkliyi tam dolğunluğu ilə əks etdirir. Bir anlığa təsəvvür edin ki, polis fəaliyyətini dayandırıb. Elə həmin an siz özünüzü müdafiəsiz, təhlükə içində hiss edəcəksiniz. Çünkü sizi qoruyan, təhlükəsizliyinizi təmin edən, addımbaşı sizi yaxalaya biləcək cinayətkara qarşı mübarizə aparan, rahatlığınızı təmin edən gücdən məhrum olmusunuz. Yalnız öz mənimiz üçün yox, həm də xalqımızın və dövlətimizin yaşaması, inkişaf etməsi üçün biz öz polisimizi sevməliyik və sevirik. Polis isə vətəndaş məmnunluğu üçün çalışır, vuruşur, bəzən həyatını qurban verir, şər-böhtana da məruz qalır. Amma yolundan dönmur. Prezident İlham Əliyev DİN və onun strukturlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi, müasir standartlara cavab verməsi üçün daim yeni tədbirlər və proqramlar müəyyənləşdirir. Dövlət başçısının qayğısını Azərbaycan polisi daim hiss edir. Odur ki, bu qayğı və diqqətə görə o, müasir dövrün yeni çağırışlarına cavab olaraq özü-özünü daha da saflaşdırır, keçmişə ilişib qalmır, müvəffəqiyyətlərdən başı gicəllənmir, elmi-texniki nailiyyətləri daha tez əxz edir və fəaliyyətinə yönəldir.
Bu qeydləri statistik rəqəmlərlə yükləmək istəmirəm. Bu və ya digər sahədə Azərbaycan polisinin fəaliyyəti, habelə yol verilən nöqsanlar, onların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə hər kəs indi telefonundan istifadə etməklə belə istənilən faktı, rəqəmi dəqiqləşdirə bilər. DİN-in rəsmi saytı hər kəsin üzünə açıqdır. Polisin fəaliyyətində şəffaflığı tam şəkildə təmin etmək nazirliyin rəhbərliyinin ən ümdə vəzifələrindən biridir. İndi vətəndaşlar DİN-in Baş İdarə rəislərinin, digər bölmə və sahə rəhbərlərinin, nazir müavinlərinin, həm də nazirin qəbulunda olmaq üçün problem yaşamır.
Azərbaycan polisinin fəaliyyəti vətəndaş məmnunluğunun nisbəti ilə qiymətləndirilir. Fakt odur ki, özlərini demokratiyanın atası və ya anası kimi təqdim etməyə çalışan bir sıra Avropa ölkələri və Amerikada bu prinsipin yazıldığı vərəq çoxdan çevrilib. Etiraf edək ki, xarici ölkələrə səfər edənlərin 100-də 90-nın ən böyük qayğısı yerli polisin onlarla necə davranacağı ilə bağlıdır. Adi bir səhv, addım və ya hərəkət dəmir barmaqlıqlar arxasına apara bilər. Bəzi hallarda isə xüsusilə Fransa və Amerikada polis heç bir araşdırma aparmadan, əlini cibinə apardığına, yaxud avtomobilin göstərişə uyğun dərhal dayandırılmamasına görə atəş aça bilər.
Avropanın bir çox ölkələrində, ABŞ-da miqrantlara polis tərəfindən ağlasığmaz işgəncələr verilməsini ekranlarda hər kəs görür. Həmin ölkələrdə polisə getdikcə qədərindən daha çox səlahiyyətlər verilir və sonunda cəmiyyət polis zorakılığı ilə üzləşir. Xalqdan ayrı düşən, şəxsi ambisiyalarının qurbanına çevrilən, ikili standartları yürütdüyü siyasətin mərkəzinə qoyan dövlət başçılarının ölkələrində vəziyyət məhz belədir. Fransa tarixinin qara ləkəsi olan Makron öz dili ilə deyir ki, ölkə vətəndaş müharibəsi ərəfəsindədir. O, indi özünü qorumaq üçün az sayda olan öz polislərinə, bəli məhz öz polislərinə (əsasən, Afrika kökənli qaradərili polis əməkdaşlarına – S.A.) arxalanaraq ürkək halda kreslosuna ilişib qalıb.
Ölkəmizdə bənzər faktların hər hansı biri haqqında danışmaq olar? Təbii ki, biz araqarışdıranların, ağı həmişə qara rəngdə görməyə gözü alışanların, vətəndaş olmaq əvəzinə Vətənimizə daş atanların ətəyindən tutub yad ölkələrin küçələrində sürünənlərin dediklərini, onların şər-böhtan xarakterli sayıqlamalarını da eşidirik. Ancaq yel qayadan nə aparacaq ki? DİN icra hakimiyyəti orqanı olaraq fəaliyyəti Konstitusiya və qanunlarla tənzimlənən hərbiləşdirilmiş strukturdur. O, üç-beş özünü bilməzin, cinayətə meylli ünsürlərin, qatarı çoxdan qaçırıb arxasınca baxan psevdo siyasətçilərin dediyi ilə oturub durmur. O, Ulu öndərin müəyyənləşdirdiyi xəttlə, Prezident İlham Əliyevin həyata keçirdiyi strategiya ilə dövlətin ən mühüm strukturlarından və sütunlarından biri kimi öz vəzifə borcunu müvəffəqiyyətlə yerinə yetirir.
Mən uzun illər Azərbaycan polisinin fəaliyyətini araşdıran, bu mövzuda çoxsaylı yazıların müəllifi olan jurnalist kimi bu güc strukturunda mövcud olan bəzi nöqsanlardan da yazmışam və yazıram. Polisin fəaliyyətini ideallaşdırmaq kimi məqsədim də yoxdur. Statistikaya baxanda hər il nə qədər polis əməkdaşı və zabitinin işdə yol verdiyi nöqsanlara, səlahiyyət həddini aşdığına, vətəndaşların hüquq və azadlıqlarını qorumalı olduğu halda onu heçə saymağa meyilli olduğuna, vətəndaşlarla kobud davranışına görə daxili işlər orqanları sıralarından uzaqlaşdırılanların siyahısını müəyyənləşdirmək olar. Onların sayı kifayət qədərdir və DİN-in təmizləmə mexanizmi dayanmadan çalışır. Keçilən yola baxanda buraxılan nöqsanlar qazanılan uğurların kölgəsində görünməz olur. Bu məsələ müqayisə belə edilə bilməz. Dövlət başçısı daxili işlər orqanlarının fəaliyyətini belə qiymətləndirir: “Qanunun keşiyində duran, daim Azərbaycan vətəndaşlarının yanında olan Azərbaycan polisi öz vəzifə borcunu ləyaqətlə yerinə yetirir.”
Biz xəyali dünyada yox, real həyatda yaşayırıq. Dünya yaranandan cinayət də olub, cinayətkar da. Bu gün də belədir. Cinayətə meyilli adamlar, cinayətkar qruplar, həyatın az qala bir sahəsinə öz şəxsi maraqlarına uyğun müdaxilə etmək istəyən qüvvələr, qanunsuz silahlı birləşmələr ən güclü dövlətlərdə belə boy göstərir. Onlar bəzən dövlətlə üzbəüz gəlirlər. Azərbaycanda tarixin elə qara səhifəsi təxminən 30 il əvvəl bir daha açılmamaqla arxivə göndərilib. İndi ölkəmiz dünyanın ən təhlükəsiz, davamlı inkişafda olan, həm də cinayətkarlığa qarsa barışmaz mübarizə aparan, demokratik dəyərlərə sadiq dövlətlərdən biri kimi tanınır və qəbul olunur. Bu uğurlarda Azərbaycan polisinin payı kifayət qədər sanballıdır.
Bu gün Azərbaycan polisi Qarabağın hər bir guşəsində, vaxtı ilə işğal olunmuş rayonlarımızın hər yerində xidmət edir. Onların ataları, əmiləri, dayıları zamanında erməni-daşnak seperatizminə, işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı ön cəbhədə vuruşublar. O vaxt düşmənə qarşı sipər olan, xalqın ümid yeri elə Azərbaycan polisi olub. Daxili işlər orqanları əməkdaşlarının Birinci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıq və şücaəti onların xələfləri 44 günlük Zəfər savaşında artıqlaması ilə nümayiş etdirdilər. Şübhəsiz, Azərbaycan polisinin ad günündə Şuşada, Xankəndində, Xocalıda, Ağdərədə və işğaldan azad edilən bütün yaşayış məntəqələrində xidməti borcunu yerinə yetirən polis əməkdaşları ata və babalarının şəhid ruhuna dualar oxuyacaq, müqəddəs məkanları ziyarət edəcəklər. Bayramı doğma Qarabağda, Ermənistanla bütün sərhədboyu ərazilərdə qeyd etməyin ayrı bir şərəfi, ayrı bir qüruru var. Bu qürur və şərəfə Azərbaycan polisi layiqdir. Bayramı ən yüksək səviyyədə, böyük ruh yüksəkliyi ilə qeyd etmək Azərbaycan polisinin halal haqqıdır. Bu həm də ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş Azərbaycanın bayramıdır.
Bayramınız mübarək olsun!
Səyyad AĞBABALI,
araşdırmaçı jurnalist