Qida Təhlükəsizliyi Agentliyi daxil olan məlumat əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları ilə birgə Gəncə şəhərinin Ə.Nəcib küçəsində gizli fəaliyyət göstərən Zeynalov Vəlixan Azər oğluna məxsus sexdə reyd keçirib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı sexdə normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi müəyyən olunub. Müxtəlif əmtəə nişanlı şüşə butulkalar yuyulub təmizlənərək saxta üsullarla (“Banketnaya Yubiley” nişanlı 36 ədəd 0.7 litrlik, “Medalyon M” nişanlı 12 ədəd 0.250 litrlik, “Arxangels” nişanlı 1 ədəd 1 litrlik və 1 ədəd 0.5 litrlik, “Formula” nişanlı 2 ədəd 1 litrlik və 2 ədəd 0.7 litrlik, “Banketnaya Yaşıl” nişanlı 1 ədəd 0.7 litrlik, “Miraj” nişanlı 5 ədəd 0.7 litrlik) qablaşdırılmış içkilər, həmçinin etiketləri müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, 2 nerj materialdan olan çəlləkdə saxta alkoqollu içkilərin hazırlanmasında istifadə edilən 67 litr su-spirt qarışığı aşkarlanıb. Müayinələrin aparılması üçün hazır məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Eyni zamanda, qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.