“Sahibsiz uşaqlara kömək” İctimai Birliyi bu ilin iyunundan QeyriHökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Uşaqların narkomaniyadan qorunması” adlı layihənin icrasına start verib. 2 aylıq layihə çərçivəsində təşkilatın əsas məqsədi hüquq-mühafizə orqanlarının nümayəndələri ilə birgə orta məktəblərdə və digər ictimai yerlərdə əhalini, xüsusilə, uşaqları narkomaniyanın fəsadları, bu bəlanın dəhşətləri barədə maarifləndirməkdir.
İctimai birliyin sədri Məlahət Abbasova XQ-yə bildirdi:
– Narkomaniya hər zaman olduğu kimi, müasir dövrdə də cəmiyyətin ağrılı problemi olaraq qalır. Ailədə uşaq dünyaya gəlir, valideyn min bir əziyyətlə onu böyüdüb cəmiyyətə yararlı bir vətəndaş etmək istəyir. Lakin bir qrup cinayətkar öz mənafeləri üçün uşaqların, yeniyetmələrin, gənclərin həyatını yarıda qırırlar.
Təşkilatımız diqqəti yenə də uşaqlara, yeniyetmələrə və onları himayə edən insanlara yönəltmək istəyir. Uzun illərdən bəri küçə uşaqları ilə işlədiyimiz üçün onlara daha çox qayğı göstərilməsinin vacibliyini hamıya xatırlatmaq istəyirik. Ümumiyyətlə, layihədə əsas hədəf qrupları uçaqlar və yeniyetmələrdir.
2000-ci ildən indiyədək küçə uşaqları ilə işlədiyini vurğulayan təşkilat sədri daha sonra dedi:
– Ötən illərdə dəfələrlə yapışqan iyləyən, diş pastasından istifadə edən, digər zərərli vərdişlərə qurşanan, taleyi uçurum kənarında olan uşaqlarla, onların himayədarları ilə görüşüb lazımi yardım etmişik. Bəzi hallarda belə uşaqlar aylarla təşkilatın sığınacağında yaşayıblar.
Bugünlərdə təşkilatımız Suraxanı rayonundakı Milli qəhrəman A.Aqarunov adına 154 nömrəli tam orta məktəbdə uşaqların narkomaniya bəlası ilə bağlı maarifləndirilməsi aksiyası həyata keçirmişik. Tədbirdə Suraxanı Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları Əfqan Ağayev və Əzizağa Rzayev iştirak ediblər.
Srağagün Bakı şəhərinin Binəqədi rayonunda yerləşən 18 saylı peşə liseyində də maarifləndirici söhbət aparmışıq. Görüşdə Binəqədi Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları Ramil Quliyev və Tural Bayramov da iştirak edib, uşaqları zərərli vərdişlərin acı nəticələri ilə bilgiləndiriblər. Belə aksiyaların həyata keçirilməsində bizə Daxili İşlər Nazirliyinin, Təhsil Nazirliyinin, KİV əməkdaşları da yardım etmişlər.
Əvvəlki layihələr çərçivəsində biz Qəbələ, Oğuz, aqatala, Beyləqan, ənkəran, Masallı rayonlarında hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə orta və peşə ixtisas məktəblərində, universitetlərdə maarifləndirici tədbirlər aparmışıq. Bukletlər, flayerlər, plakatlar paylamış, maarifləndirmə tədbirləri həyata keçirmişik. Qeyd edək ki, layihə şərçivəsində biz 40-dan çox tam orta məktəbdə, 4 orta ixtisas və 3 ali məktəbdə görüşlər təşkil etmişik.
Narkomaniya əleyhinə növbəti layihəni Bakı şəhərində, Quba, Qusar və Xaçmaz rayonlarında polis əməkdaşları ilə birgə həyata keçirəcəyik. Əhaliyə narkomaniya problemi və ona qarşı mübarizə ilə bağlı maarifləndirici bukletlər paylanacaq.
Zərifə HÜSEYNOVA
XQ