Gəncədə sürətli və kəsintisiz internet xidməti yaradılıb

post-img

“Aztelekom” MMC “Onlayn Azərbaycan” layihəsi çərçivəsində telekommunikasiya infrastrukturunun yenilənməsi və müasir beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində işləri davam etdirir. Növbəti mərhələdə Gəncə şəhərində sürətli və kəsintisiz internet xidməti göstərən fiber-optik GPON (Gigabit Passive Optical Networks) şəbəkəsinin tikintisi ilə əlaqədar zəruri avadanlıqlar quraşdırılaraq istifadəyə verilib və həmin texnologiya əsasında layihələndirmə işləri həyata keçirilib.

Gəncə şəhərinin 90 faizdən dən çox hissəsi yüksəksürətli internetlə əhatə olunub. Hazırda şəhər ərazisində 20 minədək ev təsərrüfatı və biznes subyekti xidmətlərdən yararlanır. Yeni qoşulmalar davam etdirilir.

GPON texnologiyasının tətbiqi bir çox üstünlüklərə malikdir. Abunəçilərə daha yüksək sürətli (30 Mbit/s-dən 100 Mbit/s-dək) internet paketləri (internet, internet + telefoniya, internet + televiziya, internet + telefoniya + televiziya) təklif olunur. 

Vətəndaşların bu xidmətlərə qoşulması da xeyli asanlaşdırılıb. Sadəcə “Aztelekom”un “170” Çağrı Mərkəzinə zəng etməklə ərazi üzrə xidmət göstərən təşkilat sifarişi dərhal həll edə bilir.

“Aztelekom” MMC-nin Qərb Regional filialının rəhbəri Gündüz Abışov deyir:

-Müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin bölgələrində, o cümlədən Qərb regionunda yüksək sürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir. Məlumat üçün bildirim ki, 2021-ci ildən reallaşdırılan “Onlayn Azərbaycan” layihəsinin icra müddətində genişzolaqlı internetə çıxış imkanı yaradılan təsərrüfatların sayı ölkədə 2.49 milyona çatdırılıb. Tezliklə bu sahədə daha yüksək göstəricilər əldə ediləcək.

                   Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri, Gəncə.









Sosial həyat