Cari ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 21,5 milyard manatlıq, o cümlədən 12,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 faiz, qeyri-ərzaq malları üzrə 5,2 faiz artıb. Hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,4 faizi ərzaq məhsullarının, 4,9 faizi içkilər və tütün məmulatlarının, 13,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8 faizi avtomobil benzini və dizel yanacağının, 4,5 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,3 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil edib. 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə 2024-cü ilin yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 10,3 faiz, fərdi sahibkarlar üzrə 0,2 faiz, bazar və yarmarkalarda 1,2 faiz artıb. Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 421,3 manatlıq, o cümlədən 237,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 184,2 manatlıq qeyri-ərzaq malları alıb.