Laçında daha 20 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

post-img

Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçın bu gün 20 ailəyə qucaq açıb, daha 68 laçınlının yurd həsrəti bitib.

Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara ANAMA əməkdaşları tərəfindən, mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara xəbər vermələri tövsiyə olunub.

Açarların təqdim edilməsi mərasimində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.

Ailələr sevinc hissi ilə açarları təhvil alıb və öz evlərində məskunlaşıblar.

Bununla da Laçın şəhərində 513 ailənin, yəni 1906 nəfərin daimi məskunlaşması təmin olunub.

Qeyd edək ki, köçürülən ailələrin Laçın şəhərində dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.







Sosial həyat