Xristian türklər: qaqauzlar

post-img

II yazı 

Qaqauz Moldovanın tərkibində muxtar respublikadır. Qaqauzlar oğuz mənşəli türk xalqıdır. “Qaqauz” sözünün etimoloji mənası isə “gök-oğuz” deməkdir. 

Bizans mənbələrinə görə, qaqa­uzlar Balkanlara və indiki Ukrayna bölgəsinə, təxminən, XI əsrdə Asiya­dan köç edən oğuz tayfalarındandır. Türkdilli xalqların oğuz qrupuna aid olan qaqauzlar peçeneqlər və qıp­çaqlarla da qarışmışdır. 

Keçmiş postsovet məkanında 300 mindən çox qaqauz yaşayır. Onların əksəriyyəti Moldovanın cə­nubunda yerləşən Bucak bölgəsin­də məskunlaşıb. Qaqauz kəndləri Rumıniya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Kabardin-Balkarda, eləcə də Ukraynanın Odessa və Zaporojye quberniyalarında yerləşir. Moldovadakı Qaqauz muxtariyyətin­dən əlavə, Kişinyovda 8000, Bender­də 1600, Dnestr çayının şimal sahi­lində 3300, Balkanlarda, Bolqarıstan və Yunanıstanda isə təxminən 20 min qaqauz yaşayır.

Qaqauzlar dini inanc etibarı ilə xristianlığın pravoslav qoluna aid­dirlər. XI əsrdə Balkanlara köç edən qaqauzlar pravoslav xristianlığı qə­bul etmiş, daha sonra isə Osmanlı imperiyasının tərkibində yaşamışlar. XVIII-XIX əsrlərdə bolqarların təz­yiqinə tab gətirə bilməyən qaqauz­lar 1750-1846-cı illərdə Dunay çayı (Tuna çayı) vasitəsilə Rusiyaya tərəf hərəkət edərək Dunay bölgələrin­də, həmçinin Bessarabiyada (1801-1812) məskunlaşmışlar. Hazırda Moldovada yaşayan qaqauzların bir hissəsi XIX əsrin əvvəllərində türk-rus müharibələri zamanı Bolqarıstan­dan Moldova ərazisinə köç etmişlər. Qaqauzlar müxtəlif tarixi dönəmlər­də Osmanlı imperiyasının, çar Ru­siyasının, Rumıniyanın və keçmiş SSRİ-nin tərkibində yaşayıblar. 

Qaqauz hazırda Moldovanın tərki­bində muxtar respublika statusundadır. 

Folklor, dil, inanc, adət-ənənələr 

“Bozqurd adına and olsun!” – bu ifadə qaqauzların ən qutsal, ən sərt andıdır. Heç də təsadüfi deyil ki, qaqauz xalqının totemi canavardır. Onların qədim inancına görə, qaqauz xalqı boz qurddan törəyib. Boz qurd­la bağlı inanclar, çoxlu deyimlər və rəvayətlər qaqauz folklorunda geniş yer almaqdadır. Qaqauz ulusunda canavar öldürülə bilməz. Qurdun adı ehtiram əlaməti olaraq, astadan, ya­vaş səslə deyilir. Canavar dişi qaqa­uz kişilərinin ən sevimli amuletidir. 

Payız fəslində qaqauzlar cana­var bayramları keçirirlər. Bu törənlər “Qurd həftəsi” kimi də tanınır. “Qurd həftəsi”ndə qadınlar gündəlik işlərə, yun əyirmə, toxuculuq, tikiş və digər məşğuliyyətlərinə ara verirlər. Kişilər vacib olmadıqda evdən çıxmamağa çalışırlar. Qədimdə qurd törəni günlə­rində insanlar biri-biri ilə bayramlaş­maq, bayram payı göndərmək üçün evlərin bacalarını örtmürdülər. 

Qaqauzlar qədim türk inancların­dan başqa xristianlıqdan gələn dini ritualları da qeyd edirlər. Məsələn, Müqəddəs Andrey Günündə kilsədə dualar edir, “pis ruhlar”dan qorunmaq üçün qapılara sarımsaq və ya ətirli otlar sürtürlər. 

Qaqauz toylarına möhtəşəm el şənliyi də demək olar. Adətə görə gəlin toyda yaşıl paltar geyinir. Tül və örtük əvəzinə gəlinin saçlarına mə­sumluq rəmzi kimi ətirşah gülü toxu­yurlar. Toylar bir qayda olaraq, üç gün davam edir və böyükdən-kiçiyə hamı orada şənlənir. 

Qaqauzların “mani” adlandırdığı dörd misralı folklor şeir nümunələ­ri Azərbaycan bayatıları ilə çox yaxın, hətta bəzən əkizdir. Bir çox türk xalqlarında olduğu kimi, qaqa­uzlarda da “Koroğlu”, “Aşıq Qərib”, “Əsli-Kərəm”, “Arza-Qəmbər” das­tanları, eləcə də Nəsrəddin lətifələri dillər əzbəridir. Bunlarla bərabər on­ların başqa türk xalqlarında olmayan folklor nümunələri də mövcuddur. Bunlardan “Sevastopol türküsü”nü, 1877-1878-ci illərin Osmanlı–Rusiya müharibəsinə aid dastanları, 1828-ci il Vama müharibəsinə həsr olunmuş dastanı və Türkiyədə də populyar olan “Yəmən türküləri”ni göstərmək olar. 

Qaqauz dilinin özəlliklərinə gəl­dikdə isə, bir neçə məqamı qeyd etmək istərdik. Qaqauz türkcəsində bəzən bizdə işlənən eyni sözdəki “h” səsi düşür. Məsələn, onlar “hava” sö­zünü “ava”, “haçan” sözünü “açan”, “həm” sözünü “əm” kimi səsləndi­rirlər. Saitlə başlayan bəzi sözlərdə isə, əksinə, başlanğıca “h” səsi əlavə edərək, məsələn, anbar yox hanbar, ayaq yox hayaq deyirlər. Qaqauz­lar bir də “ğ” səsini, ümumiyyətlə, işlətmir, məsələn, “dağlar” yerinə “daalar”, “ağladım” yerinə “aaladım” deyirlər. Bəzən sözün əvvəlində və ortasında “y” səsi düşür. Məsələn: “yeddi” – “eddi”, “yemək” –“emək”, “yer” – “er”, “yemiş” – “emiş”. Ümu­miyyətlə, qaqauz türkcəsi Azərbay­can türkcəsinə daha yaxındır. On­larda da bəzən “lar”, “lər” kimi cəm şəkilçilərinin yerinə “nar”, “nər” işlə­nir. Məsələn, insanlar yox insannar, onlar yox onnar, fincanlar yox fincan­nar və sair. 

Tarixən digər türk xalqlarında olduğu kimi, qaqauzlarda da mo­noqam ailə tipi (birərlilik, birarvadlı­lıq) mövcud olub. Qaqauz kişisi və qadınları ailəsinə sadiq, xalqına və adət-ənənələrinə bağlı insanlardır. Qurd törəsi qaqauzların yaşam tər­zinə, ailə və icma qaydalarına birba­şa təsir edib. 

Beləliklə, bu qədim türk xalqı əsrlər boyu öz kimliyini, milli, mədəni varlığını günəşli Moldova torpaqla­rında qoruyub saxlamaqdadır. 

Murad KÖHNƏQALA



Sosial həyat