Qayaların alay-alay
Dolayların dolay-dolay, Ağsu!
Suyun gəlir Baba dağdan,
Qol götürür min irmaqdan.
Çöldə nemət, evdə ruzu, Ağsu!
Babaların su arzusu, Ağsu!
Xəlil Rza Ulutürk
“Ağsu” deyiləndə, yəqin ki, gözləriniz önünə ürək sərinlədən su, sürücülərin o qədər də sevmədiyi aşırımlar, göylərə yüksələn çinarlar gəlir və yadımıza şair Zülali Şirvaninin bu misraları düşür:
Qürbətdə deyirdin ki, Zülali, Vətənim var,
Ensin gözünə qarə su, Ağsu Vətən oldu!
Tələbə dostlarım, iş yoldaşlarım da bu misraları dəfələrlə mənə xatırladıb, gülümsəyiblər. Hazırda Avstraliyada yaşayan dostum, gözəl jurnalist, Azərbaycan sevdalısı, yurdumuzun çox guşəsini gəzib-görmüş Süleyman Ünal bəy də mənə zəng edən zaman arabir bu qoşa misranı və Ağsunu yaddan çıxarmadığını isbatlayır.
Ağsunu görməmisizsə, gözləriniz önünə dağların ətəyində, geniş düzün yamaclara qovuşduğu xoş mənzərəli ərazidə qərar tutan bir şəhər gətirin. Mənbəyini uca zirvələrdən götürən çay şəhəri ikiyə bölür. Hər fəsildə gözəl olan rayonun ərazisində uca dağlar, gözəl meşələr, buz sulu bulaqlarla yanaşı, göz işlədikcə uzanıb gedən düzlər və hər cür nemət yetişən bağlar, əkin sahələri, sözün qısası, gəzib-görməli, zövq almalı yerlər var. Məmləkətimizdə təbiəti belə rəngarəng, zəngin məkan azdır.
Məktəb illərimi xatırlayanda o çağın Ağsunu köhnəlmiş kino lenti kimi xəyalımda canlanır. Hər zaman mənə mayak kimi görünən məktəbimiz, Nikolay vaxtında yeddi yumurtaya tikilən dəmir körpü (bu barədə bir rəvayət var), əbrişimlərə dolanan tənəklərin Günəşdən qızarmış iri salxımları, həftəsonu qələbəlik olan bazar və bir gecədə yanıb kül olan yeganə univermaq (indiki bələdiyyə binasının yerində), arxiv və digər binalar, qaratikan çəpərlər, bir də payız-qış aylarında sel sularının Ağsuçayın sərhədlərini aşdığı vahiməli günlər yaddaşımdan silinməyib.
O da yadımda qalıb ki, biz beşinci sinifdə oxuyanda ağsulular sovetin gur-gur guruldadığı bir vaxtda qiyam qaldırmışdılar (Çox guman ki, yeni nəsil bundan xəbərsizdi.)
Məlumat üçün deyək ki, Ağsu rayonu 1943-cü ildə təşkil edilib. 1963-cü ildə rayon ləğv edilərək onun ərazisi Kürdəmirə birləşdirilib. Əhali rayon mərkəzinə gedib-gəlmək, problemini həll etmək üçün bəzən bir neçə gün vaxt itirməli olub. Buna görə də ağsulular yuxarılara çox şikayət ediblər ki, Ağsunu Kürdəmirdən ayırın. Amma mərkəzdə şikayətlərə məhəl qoyulmayıb. Nəticədə əhali ayağa qalxıb, Ağsuya girən və oradan çıxan yollar bağlanıb, Ağsuçayın üstündən keçən magistral avtomobil yolunda hərəkət dayanıb. Aləm qarışıb...
Üsyanın səsi Moskvaya çatıb. Mərkəzdən gələn nümayəndələr ağsululara istəklərinin müsbət həll olunacağını bildiriblər...Nəhayət, 1965-ci ildə Ağsu yenidən müstəqil rayona çevrilib.
“Ağsu” toponimi haqqında dəqiq fikir yoxdur. Bəzi tədqiqatçılar “Ağsu” sözünün qədim “su” türk tayfalarının adı ilə bağlılığını, digərləri “böyük su”, “saf su” anlamında olduğunu söyləyirlər.
Ağsunun adı ilə bağlı xalq arasında yayılmış rəvayət də ikinci fikirlə bağlıdır. Danışırlar ki, yayın qaynar günlərinin birində cənubdan üzü dağlara sarı bir karvan gəlir. Günəşin qovurduğu geniş düzdə nə bir göl, nə də bir çaya rast gəlməyən karvandakılar tezliklə sərin bulaq suyu içmək arzusu ilə tez-tez ilğım kimi görünən dağlara doğru baxırlar. Gün əyiləndə karvan dağın ətəyinə yetişir. Karvanbaşı burada gecələyəcəklərini söyləyir və bir neçə nəfərə ətrafı gəzib su tapmağı tapşırır. Onlardan biri bir qədər getdikdən sonra dağın ətəyindəki kolluqdan su şıriltısı eşidir. Oraya yüyürür və görür ki, dağın sinəsindən qaynayan sərin çeşmə xırda daşların üstü ilə axıb dərəyə tökülür...O, sevinclə: “ax, su, su!: (bəlkə də, “ağ su”) – deyə qışqırır... O vaxtdan bu yoldan ötənlər həmin yerə “Axsu” yaxud “Ağsu” deyirlər. (Bilmirəm “həna”nın yeridir, ya yox, ancaq deyim ki, bu gün Ağsu əhalisi şirin suya həsrət kimidir. Çünki səhv etmirəmsə, yeddi-səkkiz il əvvəl “bəh-bəh”lə rayon mərkəzinə gətirilən su şordur, içməyə yararlı deyil...)
Ağsunun varlığı əsrləri ötür. Bunu Orta əsrin tarixi mənbələri də sübut edir. Əbu Bəkir əl Qütbi əl-Əhəri “Tarix-e Üveys” adlı əsərində yazır: “1265-ci ildə noqay Bərgə xanın qoşunu Şirvana yeridi və Ağsuya kimi gəldi”.
Ağsu şəhərinin üç-dörd kilometrliyində “Xaraba şəhər” adlanan, təxminən 34 hektarlıq bir ərazi var. Bura, belə demək olarsa, zamanın sınaqları ilə üz-üzə qalmış Orta əsrlərin Ağsu – Yeni Şamaxı şəhəri olub.
Tarixçilər yazır ki, 1734 -cü ildə Nadirqulu xan Şamaxıya hücum edir və onu çətinliklə ələ keçirib dağıdır, yerli əhalini isə şah qoşunlarına ciddi müqavimət göstərdiyinə görə Ağsuya köçürür. Yeni Şamaxının da o vaxt salındığı bildilir. (Bəzi məlumatlara görə, həmin şəhər 100–150 il əvvəl də şəhər kimi mövcud olub. Ola bilsin ki, Nadir şah orada geniş tikinti-abadlıq işləri apartdırıb...Hər halda, bu da tarixçilərin işidir). O vaxtdan Ağsu Yeni Şamaxı adlanıb.
9 il sonra Şirvanda İran əsarətinə qarşı üsyan baş verir. Üsyanın mərkəzlərindən biri Ağsu olduğuna görə şəhər dağıdılır. Ağa Məhəmməd şah Qacarın Azərbaycana hücumu zamanı da Ağsu şəhəri alt-üst edilir. Bundan sonra şəhərin tənəzzül dövrü başlanır...Beləliklə, Orta əsr Ağsu şəhəri getdikcə “Xaraba şəhər”ə çevrilir.
2010–2012-ci illərdə “Xaraba şəhər” ərazisində qazıntı işləri aparılıb. Qazıntı-axtarış zamanı şəhərin qala divarları, yaşayış evləri, Cümə məscidi, hamam, buzxana, su anbarları, su və kanalizasiya və s. aşkar olunub. 5 qazıntı sahəsindən 8 mindən çox qiymətli eksponat götürülüb. 2013 -cü ildə 3 qazıntı sahəsinin üstü örtülərək, içərisində sərgilər qurulub. 2019-cu il oktyabrın 23-də ölkə rəhbərinin sərəncamı ilə Orta əsr Ağsu şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib. Ötən ilin martında jurnalist və sənətşünas dostlarımla tarix-mədəniyyət qoruğunu gəzdik. Orada gördüklərim mənə zəhmətkeş və qəhrəman babalarımızın bu torpağın qorunması, yüksəlişi naminə necə böyük fədakarlıq göstərdiklərini aydınlatdı. Orta Əsr Ağsu şəhərindən qürur hissilə ayrıldım.
Hər dəfə dolaylardan enəndə bir qədər dayanıb, ilbəil böyüyən, sərhədlərini genişləndirən doğma Ağsumu seyr edirəm. Şəhəri ikiyə bölən Ağsuçaya, şəhərin yaşıl qolları uca əbrişimlərə, günəşin şəfəqləri altında müxtəlif rəngə çalan nar, üzüm və badam bağlarına, məktəbimizin binasına, müasir şirə zavodlarına, rayonun kəndlərinə uzanan asfalt yollara baxıram. Xəyalımdan keçir ki, Ağsunun ağ günləri başlanır...
Səməd MƏLİKZADƏ