Dünən “Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı” mövzusunda konfrans keçirilib.
Birliyin sədri Sevinc Alızadə bildirib ki, qardaş Şimali Kipr Türk Cümhuriyyətindən ilk dəfə şəhid ailələrinin Azərbaycana səfəri iki ölkə arasında uğurla inkişaf edən əlaqələrdə mühüm körpüdür. O, layihəyə dəstək verdiyi üçün Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkür edib.
ŞKTC-nin “Şəhid Ailələri və Qazilər Dərnəyi”nin sədri Gürsel Benan, Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı Ofeliya Salmanova, ŞKTC-nin Bakı Nümayəndəliyinin rəhbəri Ufuk Turganer, Azərbaycan–ŞKTR Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu və başqaları çıxış edərək layihənin əhəmiyyətini vurğulayıblar.
Sonda “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə İstanbul Texniki Universitetinin Şimali Kipr filialı və “Amerika Girne Universiteti” arasında əməkdaşlıq protokolları imzalanıb.
Razılaşmaya əsasən, Azərbaycandan 10 nəfər şəhid övladının İstanbul Texnik Universitetinin Şimali Kipr filialında, 20 nəfərin isə “Amerikan Girne Universiteti”ndə 14 gün müddətində yay məktəblərində iştirak edəcəklər. Xərcləri həmin ali məktəblər ödəyəcək.
R.QURBANLI
XQ