“Mazellinin axtarışı”

post-img

Ötən əsrin 70-ci illəri idi. 9 May Qələbə Günü ərəfəsində televiziyada “Uzaq sahillər­də” filmi göstərilirdi. Xatırladım ki, rəhmətlik atam həmin filmə daha böyük həvəslə baxır­dı. Atam Mazelli rolunu oynayan aktyoru bir daha görəndə fikrini qətiləşdirdi: “Bu artist nemesdir! Onu haradan tapıblar?” ( 1941-45-ci illər müharibəsinin veteranı və əlili olan atam alman sözünü qətiyyən işlətmir­di). Dedim yox, titrlərə diqqətlə baxmışam, həmin aktyorun adı Andreydir. Andreydirsə, deməli rusdur. 

Sonralar mən İncəsənət İnstitunda oxumalı oldum. Qrup yoldaşlarımızdan birinin – rəhmətlik Nemət Rzayevin Kinos­tudiyada işlədiyini biləndə ( Nemət orada filmlərin sınaq çəkilişi zamanı aktyorların rolu necə oynayacağını foto lentlərə kö­çürürdü) Mazelli rolunu oynayan aktyor barədə soruşdum. Birmənalı olaraq dedi ki, rus deyil, xaricidir. Daha təfsilata var­madıq və mövzu unudulub getdi. 

***

Bir neçə gün əvvəl – mayın 9-da tele­kanallarımızdan biri həmin filmi yenə də göstərirdi. Mazellinin böyük ustalıqla nü­mayiş etdirdiyi jest, mizan və hərəkətləri­ni görəndə atamın, təxminən, 50 il əvvəlki sözü yadıma düşdü və xoşbəxtlikdən, bu dəfə əlimin altında kompüter var idi. Ona görə də, dərhal “Mazellinin axtarışı”na çıxdım. 

Məlum oldu ki, Andrey Fayt adlı bu aktyor 1903-cü ildə Rusiyanın Nijni No­vqorod şəhərində doğulsa da, milliyətcə almandır. O, 1812-ci ildə Rusiyaya köç­müş alman tacir ailəsinin üzvü olan hə­kim Andrey Faytın nəvəsidir. Rusiyada inqilabi vəziyyət yarananda – 1905-ci ildə onun atası öz pasiyentlərinin köməyi ilə Fransaya qaçıb. Sonra arvadı və iki oğlu da onun yanına gediblər. Paris yaxınlığın­dakı ruslar üçün olan düşərgədə yaşayıb­lar. Balaca Andrey orada liseydə oxuyub. Sonra Sergey Gerasimov adına Ümum­rusiya Dövlət Kinematoqrafiya İnstitutu­nu bitirib. Yəni, atamın dediyi “nemes”lik onun qanında var imiş. 

***

Qərəz, mən “Mazellinin axtarışına” “Uzaq sahillərdə” filmi haqqında olan mə­lumatlarla başladım. Həmin film haqqın­da formalaşdırılmış yazılı materialların “İstinadlar” bölməsində göstərilirdi ki, İt­tifaq Mirzəbəylinin 2015-ci ildə hazırlayıb “Xalq qəzeti”ndə verdiyi “Uzaq sahillər­də”ni başlayanda mənim 25, müəllimimin isə 37 yaşı vardı” adlı məqaləsindən də istifadə edilmişdir. 

Yadıma düşdü. Söhbət ondan gedir­di ki, mən böyük bəstəkarımız Qara Qa­rayevlə (Qara müəllim “Uzaq sahillərdə” filminin bəstəkarı idi) onun tələbəsi olmuş Tofiq Bakıxanovun (Tofiq müəllim isə “Uzaq sahillərdə” simfonik poemasının müəllifidir) bir fotosunun tarixçəsini öy­rənmək istəyəndə Tofiq müəllim maraqlı bir xatirə danışmışdı. Mən də həmin xa­tirəni qəzet yazısına çevirmişdim. 

Məlum olmuşdu ki, həmin foto Tofiq müəllimin öz ustadı, 60 il qabaq (xatirə 2015-ci ildə qələmə alınmışdır) Azərbay­can Dövlət Konservatoriyasında bəstə­karlıq fənni üzrə müəllimi olmuş dünyaca məşhur Qara Qarayevdən bir əsər barə­də xeyir-dua aldığı gün çəkilmişdir. 

Bəstəkar demişdi: Tanrı insanı elə yaradıb ki, hamı yaşa dolduqca xa­tirələrə daha çox meyilli olur. Həyatı boyu çoxsaylı görkəmli və dahi sənət­karlarla ünsiyyətdə olmuş adamın xa­tirə boğçası isə çözələndikcə qurtarmır. Bu baxımdan mənim bəxtim çox gətirib. Ən dəruni xatirələrim isə dahi bəstəka­rımız Qara Qarayevlə bağlıdır. Ulu ön­dər Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövrdə SSRİ-nin ən nüfuzlu mükafatlarından olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş sənət adamlarının önündə məhz mənim müəllimim, Milli Elmlər Akademiyamızın akademiki, müharibədən sonrakı dövr Azərbaycan mədəniyyətinin ən görkəm­li nümayəndələrindən biri — bəstəkar Qara Qarayev dayanırdı. Qara müəllim cismən aramızda olduğu illərdə də, çox­milyonlu sənət xiridarlarının xatirəsin­də və qəlbində yaşadığı son 33 ildə də daim sevilib və ehtiramla qəbul edilib. Yeri gəlmişkən, cənab Prezident İlham Əliyev də ulu öndərimizin yaradıcı ziyalı­lara göstərdiyi qayğı və diqqət ənənəsini sədaqətlə davam etdirir və biz yaradıcı insanlar daim onun diqqətindəyik.

Bu fotoşəkil isə 1955-ci ildə, mərhum müəllimimdən xeyir-dua aldığım günlər­dən birində, bilavasitə onun indiki Şeyx Şamil (o zamankı Buynakski) küçəsin­dəki evində çəkilib. Onda Qara müəllimin 37, mənim isə 25 yaşım vardı. Onu da deyim ki, Üzeyir bəy Hacıbəylinin və­fatından sonra 30 yaşlı Qara Qarayev Azərbaycan Dövlət Konservatoriyasına rektor təyin olunmuşdu. O, eyni zaman­da, konservatoriyada bəstəkarlıq ka­fedrasının müdiri, Bəstəkarlar İttifaqının birinci katibi, SSRİ Ali Sovetinin deputatı, Azərbaycan Kommunist Partiyası Mərkə­zi Komitəsinin üzvü kimi məsul vəzifələr daşıyırdı. Üstəlik, gərgin yaradıcılıqla da məşğul olurdu. Onun ən böyük vəzifəsi isə sadə Azərbaycan ziyalısı olması idi. Mən ömrümdə onun qədər sadə və səmi­mi insan görməmişəm.

Bu qədər məsul vəzifələri olan Qara müəllimin dərsi heç zaman boş keçməzdi. Mən onun bəstəkarlıq kursunda oxuyur­dum. Əgər hansısa rəsmi tədbir — qu­rultay, plenum və ya sessiya səbəbindən dərsə gələ bilməsəydi, xəbər göndərirdi ki, həmin dərs axşam bizim evdə olacaq. Biz yığışıb onun evinə gedirdik və heç bir dərsimizin boş keçməsinə imkan vermirdi. Həmin evdə dərs keçdiyimiz günlərdən bi­rində məndən soruşdu ki, yay tətili zamanı hansı əsər üzərində işləmək isəyirsən? O, bütün tələbələrin gündəlik və perspektiv yaradıcılığı ilə daim maraqlanırdı. Soruşdu və mən də bir neçə ay ürəyimdə götür-qoy etdiyim məsələ barədə danışdım.

O zaman bilirdim ki, Qara müəllim əf­sanəvi qəhrəmanımız Mehdi Hüseynza­dənin döyüş yolundan bəhs edən “Uzaq sahillərdə” filminin musiqisini yazır. Film 1958-ci ildə ekranlara çıxmalı idi və çıx­dı da. Mən Qara müəllimə danışdım ki, Mehdi Hüseynzadə bizim qonşuluqda ya­şayırdı. Onun bacısı mənim atam Əhməd Bakıxanovun tar sinfinin tələbəsi idi. Yəni, Mehdinin surəti də, ölüm xəbərindən sonra onun ailəsinin keçirdiyi üzüntülər də mənim gözümün qabağındadır. Ona görə də ustada dedim ki, aylarla haqqın­da düşündüyüm “Uzaq sahillərdə” sim­fonik poemasını işləyib başa çatdırmaq istəyirəm. Gülümsündü və səmimiyyətlə xeyir-dua verdi. Bəlkə də onun əvəzinə başqa bir bəstəkar olsaydı, deyərdi ki, o barədə artıq mən yazmışam. Qara müəllim isə həmin filmin musiqisini yaz­dığını qətiyyən yada salmadı və mən öz müəllimi ilə eyni dövrdə, eyni mövzuda əsər yazmış tələbə bəstəkar kimi tarixə düşdüm.

İttifaq MİRZƏBƏYLİ

Sosial həyat