Bu günlərdə “TikTok”da yayılan video qısa zamanda böyük əks-səda doğurub. Orada belə bir maraqlı əhvalat nəql olunur:
“Bir gün bir uşağın əlində 2 alma olur.
Anası ondan xahiş edir:
– Oğlum, olarmı, almanın birini sən yeyəsən, digərini mənə verəsən?
Uşaq bunu eşidən kimi, əvvəlcə sağ, sonra sol əlindəki almanı dişləyir. Bu vəziyyəti görən ana məyus olur, uşaqdan inciyir.
Çox keçmir ki, uşaq sol əlindəki almanı anasına uzadıb deyir:
– Anacan, bu alma daha şirindir, sən bunu ye!
Ana bu gözlənilməz hərəkətin sevincindən heyrətə gəlir. Bir qədər sakitləşəndən sonra oğlunu bərk-bərk bağrına basır...”
Hörmətli oxucu! Bu hekayətdən doğan hikmət budur ki, səbirli olun, heç vaxt heç kimi mühakimə etməyə tələsməyin. Qarşınızdakılara fikirlərini tam izah etməyə fürsət verin. Hər gördüyünüzə, eşitdiyinizə dərhal inanmayın. Axı həyat sürprizlərlə doludur!
Rizvan FİKRƏTOĞLU
XQ