Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmiş Azərbaycan diviziyaları

post-img

9 may 1945-ci il faşizm üzərində qələbə ilə günü postsovet ölkələri və II dünya müharibəsində iştirak etmiş digər dövlətlərdə qeyd olunur. İkinci dünya müharibəsində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. 1941–1945-ci illərdə 700 mindən çox igid oğul və qızımız cəbhəyə yollanmışdır. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Belə ki, təqribən 130 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri isə “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Həmvətənlətimizdən 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur.

İkinci dünya müharibəsində Azərbaycan neftçilərinin əməyi əvəzsiz olmuşdur. Tarixi mənbəıərə əsasən deyə bilərik ki, Azərbaycandan olan hərbçilərin və neftçilərin, ümumilikdə Azərbaycan xalqıın qəhrəmanlığı və qorxmazlığı faşizm üzərində qələbədə mühüm rol oynamışdır. Nəticədə bütün dünya Azərbaycan xalqının cəsarətinin və qəhrəmanlığının şahidi olmuşdur. Belə ki, hətta Sovet İttifaqı Marşalı Georgi Jukov da bunu etiraf edərək qeyd etmişdir ki: "Bakı neftçiləri Vətənimizin müdafiəsinə, onun düşmən üzərində qələbəsinə nə qədər lazımdırsa, o qədər də yanacaq verirdi". Bütün bunlar neftçilərimizin əməyinə və zəhmətinə verilmiş yüksək qiymətdir.

1993-cü ildə ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının istək və tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə yüksəlişə doğru dönüşün əsasını qoydu. Ümummilli liderin hakimiyyətə dönüşündən sonra 9 May - Qələbə Gününün rəsmi dövlət bayramı səviyyəsində qeyd edilməsi, müharibə veteranlarına diqqət və qayğının artırılması vətəndaşlarda vətənpərvərlik hisslərinin daha da artmasında əsaslı rol oynayırdı. Qeyd edək ki, ulu öndər Heydər Əliyev hər il müharibə veteranları ilə görüşər, onların qayğıları ilə maraqlanar, problemlərinin yoluna qoyulması üçün tapşırıq və göstərişlərini verərdi. Bu siyasət bu gün də Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilir.

Həmvətənlərimizin İkinci dünya müharibəsində göstərdikləri qəhrəmanlıq gənc nəslə vətənpərvərlik nümunəsidir. İkinci dünya müharibəsinin iştirakçısı olan insanlara bu gün göstərilən böyük diqqət və qayğı isə Prezident İlham Əliyevin mənəvi dəyərlərimizə bağlılığının, öz xalqının qəhrəmanlıq salnaməsinə dərin ehtiramının və ulu öndərin ideyalarını yaşatmasının bariz təcəssümüdür. Dövlətimizin başçısı İlham Əliyevin 1941-1945-ci illər müharibəsi haqqında söylədiyi fikirlər bunları deməyə əsas verir. Belə ki, Prezident öz çıxışlarında dəfələrlə vurğulayıb ki, biz tarixdə bu əlamətdar günə qayğı ilə yanaşır, döyüş meydanında və arxa cəbhədə qələbəyə töhfə verənlərin xatirəsini ehtiramla yad edir, öz həyatları bahasına dünyanı faşizmdən xilas etmiş zabit və əsgərlərin igidliklərinə hörmətimizi bildiririk.

Azərbaycanda 1941-ci ildə hərbi səfərbərlik ümumxalq hərəkatına çevrilmişdir və Azərbaycan xalqı İkinci Dünya müharibəsində böyük şücaətlərə imza atmışdır. Eyni zamanda, 44 günlük Vətən müharibəsində qazanılan qələbəni xalqımızın həyatında ən mühüm qələbə kimi səciyyələndirmək olar. Gənclərimiz İkinci Qarabağ müharibəsindəki igidlikləri ilə Vətəni, torpağı necə qorumaq lazım gəldiyini göstərdilər. Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində düşmən üzərindəki qələbəsi bunun ən gözəl örnəyidir. Hazırda Azərbaycan dünyada öz qətiyyəti və qüdrəti ilə seçilən bir dövlətdir. Azərbaycan xalqı qalib xalq kimi adını dünya tarixinə əbədi həkk etdirdi.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

 



Sosial həyat