Şəhid və qazilərin qəhrəmanlıq məktəbi

post-img

Qısa müddətdə zəfər yolçularına aid 3 mindən çox eksponat toplanıb 

Əslində, Milli Azərbaycan Tarixi Muzeyinə bilavasitə bu yazını hazırlamaq üçün deyil, görkəmli bəstəkar Tofiq Bakıxanovun muzeyə bağışladığı şəxsi əşyalardan ibarət sərgiyə baxmaq və bu məzmunlu kataloqun təqdimatında iştirak etmək üçün getmişdik. Ancaq orada eşitdim ki, 2020-ci ilin noyabrındakı tarixi Zəfərimizdən sonra burada xüsusi fond yaradılmış, muzeyin eksponatları 3328 inventar artmışdır. Ona görə də bu mədəniyyət ocağının direktorundan xahiş etdim ki, yeni fond barədə yazı hazırlamaq üçün mənə kömək etsinlər. O da dərhal Vətən Müharibəsi Fondunun müdiri Şəfa Mövsümova tapşırıq verdi. Ertəsi günü Şəfa müəllim mənim elektron poçtuma əhatəli bir material göndərdi. 

Biz oxucularımıza həmin materialın hamısını verə bilməsək də, bəzi ixtisar­larla təqdim edirik: 

“44 günlük Vətən müharibəsinin or­dumuzun Qələbəsi ilə başa çatmasın­dan qısa müddət sonra, yəni 2021-ci ilin yanvar ayında Milli Azərbaycan Tarixi Muzeyində Vətən Müharibəsi Fondu tə­sis edildi. Biz bu fondun kolleksiyasını zənginləşdirmək üçün materialların top­lanmasına başladıq. Müxtəlif bölgələrdən olan şəhidlərimizə aid şəxsi əşyaların, hərbi geyimlərin, sənədlərin, fotoların və s. toplanması işi qısa müddətdə fondun yaranmasını təmin etdi. Fond materialları əsasında 2021-ci ilin mayından 2022-ci ilin fevralınadək “Anadır arzulara hər za­man Qarabağ” adlı sərgi təşkil edilmişdir. Həmin sərgidə ümumilikdə 205 şəhidin və 10 qazinin şəxsi əşyaları nümayiş et­dirilib. 30 vitrindən ibarət olan bu sərgidə eksponatlarla yanaşı, 12 informasiya pa­neli, 7 iriölçülü baner,ordumuz tərəfindən ermənilərdən ələ keçirilmiş 58 ədəd hərbi qənimət də yer almışdır.

Fondda, həmçinin Birinci Qarabağ müharibəsi, 2016-cı ilin Aprel döyüşləri, 2020-ci ilin Tovuz döyüşləri, 44 günlük Vətən müharibəsi və 30 noyabr 2021-ci ildə Qaraheybət təlim mərkəzində şəhid olmuş Dövlət Sərhəd Xidmətinin bir qrup əməkdaşlarına aid materiallar da yer al­mışdır.Yeri gəlmişkən, fondda Vətən mü­haribəsində xüsusi xidmətləri olan müva­fiq dövlət qurumlarına aid nümunələr də vardır.

Onu da vurğulayaq ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunla­rı, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Ərazilərinin Minalardan Təmizləmə Agentliyi (ANA­MA) və Müdafiə Sənayesi Nazirliyinin şəxsi heyətlərinin geyim növləri və ləva­zimatlarının nümunələri, tədris və ideoloji vəsaitləri də Vətən Müharibəsi Fondunda daimi mühafizə edilir.

Daha mühüm məqamlardan biri də ondan ibarətdir ki, muzeydəki digər fond­lar kimi yeni yaradılmış Vətən Müharibəsi Fondunun materialları da elmi-tədqiqat işlərinə cəlb ediləcək. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizə aid materiallar əsasında elmi məqalələr, kataloqlar, broşürlar, ki­tabçalar və s. yazılması üçün fond elmi resurslara malikdir. Fondun materialları hərb tarixi, hərbi jurnalistika və Qarabağ müharibəsinin tədqiqatı ilə məşğul olan­lar üçün qiymətlidir.

Azərbaycanın Milli Qəhrəmanların­dan 2016-cı ilin dekabrında şəhid olmuş Çingiz Qurbanov, 2020-ci ilin iyulunda Tovuz rayonu ərazisində qəhrəmanca­sına şəhid olmuş general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev, həmçinin 2020-ci ilin oktyabrında Vətən müharibəsində Qubadlı uğrunda şəhid olan polkovnik-leytenant Şükür Həmido­va aid materiallar da Vətən Müharibəsi Fondunda daimi mühafizədədir. Fond öz kolleksiyasını zənginləşdirmək üçün şə­hid və qazilərimizə aid materialların top­lanması işini davam etdirir.

İttifaq MİRZƏBƏYLİ

Sosial həyat