“YAŞAT” Fondu həkim rəyi əsasında ağır yaralı olan qazilərin və şəhid ailəsi üzvlərinin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsini təmin edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, şəhid Asəf Ağayevin atası Abid Ağayev İsrəfil oğlu müalicəsini tamamlayaraq Vətənə qayıdıb. Fond göndərilən şəxslərin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayır.
Xatırladaq ki, bu günədək Fond tərəfindən 178-i ağır yaralı, 8-i şəhid ailəsi üzvü olmaqla, ümumilikdə 186 şəxs müalicə məqsədilə Türkiyəyə göndərilib. Onların müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Həmin şəxslərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin olunur.
“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.
Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.