Məcid Behbudov – gerçək “Arşın malçı”

post-img

Bu il aprelin 18-də görkəmli muğam ustası, Xalq artisti, dünya şöhrətli Rəşid Behbudovun atası Məcid Behbudalı oğlu Behbudovun 151 yaşı tamam olur. Öz dövrünün məşhur xanəndəsi olmuş Məcid Behbudov 18 aprel 1873-cü ildə Şuşada anadan olub, 6 sentyabr 1945-ci ildə Qazaxda vəfat edib. 

Bununla bağlı Rəşid Behbudovun qızı Rəşi­də xanım “Fasebook” sosial şəbəkəsində xatır­latma edib. Rəşidə Behbudova babasını bu söz­lərlə yada salıb: “Klassik muğamlarımızın, xalq mahnılarımızın mahir bilicisi və təkrarsız ifaçısı Məcid Behbudovun musiqi mədəniyyətimizin qo­runub saxlanmasında və günümüzə qədər gəlib çıxmasında xidmətləri ölçüyəgəlməzdir. 

İngiltərənin məşhur THE GRAMOPHONE CO. LTD. şirkəti 1906-1920 illər ərzində böyük sənətkarın səsi ilə 40-dan artıq val buraxaraq dünyaya yaymışdı. Bu gün Böyük Britaniyanın Kral kitabxanasında Məcid Behbudovon səsi ya­zılmış 40 val qorunur.

Fransanın “Pate” şirkəti də Məcid Behbudovun səsi yazılmış onlarla val buraxmış və bunlar dün­yada geniş yayılmışdır. Şirkətin buraxdığı valların nüsxələri isə Fransa Milli kitabxanasında qorunur”.

Nəhayət, musiqi tarixçilərinin qənaətinə görə, böyük Üzeyir Hacıbəylinin dünyaşöhrətli “Arşın malçı”sının prototipi də Məcid Behbudov olub.

XQ

Sosial həyat