Naxçıvan qalaları

post-img

Qədim Naxçıvanın köksündə özünə əbədi yurd-yuva salmış tarixi abidələr bu diyarın minillər boyu ulu tarixə şahidliyinin nəticəsidir. Müxtəlif dövrlərdə bu və ya digər səbəblərdən dolayı bu tarixi abidələr dağıdılsa da, onları tarixin və təbiətin qoynundan silib atmağa heç bir qüvvənin gücü çatmayıb. Belə abidələrin içərisində qalaların özünəməxsus yeri var. 

İndiyədək aparılmış tədqiqatlar göstə­rir ki, Naxçıvan çoxsaylı qalatipli yaşayış yerləri ilə zəngindir. AMEA Naxçıvan Böl­məsinin sədri, akademik İsmayıl Hacıyev yazır ki, Naxçıvanda qalatipli yaşayış yerləri eramızdan əvvəl III minillikdə ya­ranıb, sonrakı dövrlərdə bu tip yaşayış yerlərindən geniş istifadə edilib. Orta əsr­lərdə qalatipli yaşayış yerləri Azərbaycan xalqının işğalçılara qarşı mübarizəsində mühüm istinad nöqtələrindən olub, yerli əhali özünü qorumaq üçün müdafiə qa­laları yaradıb.

Belə qalalar, adətən, təbii qayalar üzərində qurulub. Bunlara misal olaraq Əlincəqala, Oğlanqala, Çalxanqala, Ber­diqala, Qalacıq, Qazançıqala, Vayxırqa­la, Nəhəcir qalası, Ordubad qalası və başqalarını göstərmək olar. Aparılan tədqiqatlara görə, Naxçıvan ərazisində 80-ə yaxın qala müəyyənləşdirilib. Əra­zisi o qədər də böyük olmayan muxtar respublikada bu tarixi qalalar yadelli hü­cumlardan qorunmaq üçün inşa olunsa da, sadəcə, özünümüdafiə xüsusiyyəti daşımayıb. Qalalar, ilk növbədə, ilkin ya­şayış məskənlərinin göstəricisidir. Digər tərəfdən, bu kimi tarixi abidələr xalqın öz daxili tələbatının, hərbi və iqtisadi qüd­rətinin nəticəsi olaraq meydana çıxıbdır. Tarixi mənbələr göstərir ki, Naxçıvan qa­laları uzaq keçmişdən burada yaşayan əcdadlarımızın həyat tərzini, dini inancla­rını, dövlətçilik ənənələrini, mədəniyyətini və memarlıq sənətini özündə yaşadaraq müasir dövrümüzədək gəlib çatıb. 

Muxtar respublikada qalatipli yaşayış yerlərində ən çox diqqətçəkən amillərdən biri də ərazidə qala-şəhərlərin mövcud­luğudur. Arxeoloji tədqiqatlar göstərir ki, qala-şəhərlərin formalaşması beş min il bundan əvvələ gedib çıxır və bu cür ti­kililər, əsasən çay vadilərində, ticarət və sənətkarlığın daha sıx yerləşdiyi ərazilər­də salınıb. Bu fakt özülüyündə dünya, o cümlədən Şərq sivilizasiyasının əsas ocaqlarından biri kimi Naxçıvan torpağı­nın möhtəşəm keçmişindən xəbər verir. II Kültəpə, Naxçıvan, Şahtaxtı, Qızqala, Qızılburun, Qazançıqala kimi qədim qa­la-şəhərlərin mövcudluğu haqqında tu­tarlı faktlar var. 

Bu faktlar isə Azərbaycanın, ümu­milikdə isə Cənubi Qafqazın və yaxın Şərqin tarixi-mədəni keçmişinə işıq tut­maqda əvəzolunmaz rol oynayır. Daha çox öyrənilmə və təbliğ olunma nöqte­yi-nəzərindən bu kimi abidələr Naxçıva­nın turizm potensialında müstəsna əhə­miyyətə malikdir. Mədəni turizmin inkişafı da dünyada məhz bu cür zəngin potensi­ala malik regionlara xasdır.

Mədəni turizm, əsasən, intellektual insanların maraq dairəsini özündə cəm­ləşdirən bir istiqamətdir. Digər kütləvi tu­rizm növlərindən fərqli olaraq, bu sahəyə maraq göstərən turistlər üçün tarixi ki­tablarda yox, reallıqda hiss etmək daha maraqlı sayılır. Hazırda dünya turizminin 10 faizini dağ və piyada turizmi tutur. Bu turizm növləri müəyyən mənada mədəni turizmlə (əsasən tarixi abidələrlə) ox­şarlıq təşkil etsə də, ikincidə intellektual kütlə və yaxud bu sahəyə həvəsi olanlar daha çoxluq təşkil edir. Hətta hazırda dünyanın bir çox antik mədəni abidələri olan ölkələrdə elmi konfrans və simpozi­umların həmin bölgələrdə təşkil olunması turist axınına xeyli imkanlar açır. 

Belə səyahətlərdə qədim sivilizasiya­ya yaxın olmaq, “keçmişlə fotoşəkil çək­dirmək” turistləri daha çox məmnun edən məqamlardandır. Məhz Naxçıvan ərazi­sində müxtəlif qala-şəhərlərin mövcud­luğu da muxtar respublikada bu sahədə turizm potensialının yüksək olduğundan xəbər verir. Xüsusilə, son illərdə I və II Kültəpə, Xarabagilan, Oğlanqala yaşayış yerlərində aparılan tədqiqatlar bu zən­ginliyin üzə çıxarılmasında mühüm rol oynayır. 

Ən qədim qala tikililərinə xas olan Oğlanqala, Naxçıvanqala, Qalacıq, Azad Kiran kimi ərazilər Azərbaycanın əsas si­yasi və mədəni mərkəzləri olmaqla yana­şı, həm də dövlətçilik ənənələrinin forma­laşdığı yerlər olub. O yerdə ki, dövlətçilik ənənələri olub, demək ki, həmin ərazilər sivilizasiyanın əsas hədəfi olub. Məhz belə zəngin tarixi potensialı qorumaq və təbliğ etməyin ən əlverişli yolu bu tipli obyektlərin turizmlə əlaqələndirilməsidir. Son illərdə Naxçıvanqalada təşkil olu­nan müxtəlif mədəni tədbirlər, festivallar, ictimai-iaşə xidmətlərinin təşkil edilməsi Naxçıvana gələn turistlərin bu ünvandan yolunu salmasına imkan verib. 

Tarixi turizm həvəskarları üçün bəlli ünvanlardan biri də Culfa rayonu ərazi­sində yerləşən Əlincəqaladır. Orta əsrlər Azərbaycan tarixinin ən mühüm siyasi hadisələrinə şahidlik etmiş, xalqımızın mübarizlik simvoluna çevrilmiş Əlincəqa­la dövlətçilik ideyalarının qorunduğu, hərbi-strateji və iqtisadi-siyasi mövqeyi ilə seçilən qala abidələrdəndir. İki min ildən artıq tarixə malik Əlincəqala bu gün öz qapılarını turistlərin üzünə açıb. İndi bura üz tutan turistlər təkcə məğrur qala divarları ilə deyil, həm də xalqımızın qəhrəmanlıq ruhu, bu ruhdan güc alaraq torpağa, yurda bağlılıq sevgisi ilə qarşı­laşırlar. 

Əlincə qalası bu gün ədəbiyyatçılar üçün qəhrəmanlıq dastanı, rəssamlar üçün möhtəşəm təbiət mənzərəsi, tarix­çilər üçünsə sirri tam açılmayan əbədi keçmişdir. Məhz bu keçmişin öyrənilmə­sinə marağı olan çoxsaylı turistlər, sə­yahətçilər, elm və mədəniyyət insanları var. 

Şübhəsiz, Naxçıvandakı digər qala abidələri də yaxın gələcəkdə yeri və xa­rici turistlərin ziyarət edəcəyi məkanlara çeviriləcək. Bu, həm də muxtar respub­likada arxeoloji turizmin inkişafına təkan verə bilər. 

Səbuhi HƏSƏNOV

XQ

Naxçıvan



Sosial həyat