Ölkənin inkişafını regional komponentsiz təsəvvür etmək mümkün deyil. Ona görə ki, regional inkişaf ölkənin sosial-iqtisadi tərəqqisinin təmin edilməsi, bütün vətəndaşlarının həyat keyfiyyətinin yaxşılaşdırılması və qlobal səviyyədə rəqabət qabiliyyətinin artırılması üçün əsas şərtlərdən biri sayılır. Regionların inkişafı həm də ona görə vacibdir ki, onların resurs, sənaye və kadr potensialı bütün ölkənin sosial-iqtisadi yüksəlişi üçün böyük imkanlar yaradır. Məhz bu amilləri diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev fəaliyyətində regionların dinamik inkişafına balanslı yanaşma nümayiş etdirir və ərazi bütövlüyünün bərpasından sonra dövlət başçısının regionlara səfərləri bu prosesə mahiyyətcə yeni impuls verir.
Sosial-iqtisadi inkişaf konsepsiyası olmadan regionların iqtisadi inkişafı məsələlərini tənzimləmək mümkünsüzdür. Məhz bu reallıqdan çıxış edərək Prezident İlham Əliyev 2003-cü ildən başlayaraq Azərbaycanın yeni iqtisadi siyasət strategiyasını həyata keçirməyə başladı. İndiyədək dövlət proqramları konsepsiyasında həyata keçirilən siyasətin əsas istiqaməti regionların sosial-iqtisadi inkişafına şərait yaradılması və təşviqinin başlıca istiqamət kimi müəyyənləşdirilməsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Emin Bağırov söyləyib.
O qeyd edib ki, bu siyasət tezliklə öz bəhrəsini verdi. Regionlarda quruculuq-abadlıq işləri geniş vüsət aldı, yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri açıldı, əhalinin məşğulluq səviyyəsi yüksəldi. Ötən illərdə bölgələrdə kənd təsərrüfatı sahələri inkişafında yeni mərhələyə qədəm qoydu. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu proqramlar nəticəsində ötən 20 ildə mühüm iqtisadi nailiyyətlər qazanıldı- ölkə iqtisadiyyatı 3,4 dəfə, ÜDM nominal ifadədə 22 dəfə artdı.
Rəqabətqabiliyyətli məhsul istehsalında mühüm rol oynayan aqroparkların və iri kənd təsərrüfatı müəssisələrinin inkişafına, emal sənayesinin az xərclə yüksək keyfiyyətli xammal ilə davamlı təminatına, ərzaq bolluğunun yaradılmasına diqqət yetirilir. Hökumətin qayğısı sayəsində süd emalı zavodlarının fəaliyyəti genişləndi, yeni istehsal sahələri yaradıldı, əhali keyfiyyətli məhsullarla təmin edildi. Regionlarda və ölkə daxilində yeni iş yerlərinin yaradılması sayəsində insanların məşğulluğu, xüsusilə biznes və sahibkarlıq mühitinin formalaşması və inkişafı, eləcə də bu istiqamətdə həyata keçirilən digər tədbirlər bütövlükdə Azərbaycan iqtisadiyyatının fasiləsiz, dinamik və nəhayət, dayanıqlı böyüməsini təsdiqləyir.
Əlbəttə, Prezident İlham Əliyev respublikamızın bütün regionlarının hərtərəfli tərəqqisini xüsusi diqqət mərkəzində saxlayır və bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirir, qarşıya qoyduğu vəzifələrin icrasına şəxsən nəzarət edir, regionların inkişaf konsepsiyasının həyata keçirilməsinin vəziyyəti haqqında hökumətin rüblük, yarımillik və illik xüsusi iclaslarını keçirir. Bu, bir daha təsdiq edir ki, regionların inkişafı dövlət siyasətinin prioritet istiqamətidir. Dövlət başçısı hər dəfə bölgələrə səfər edərkən iqtisadiyyatın müxtəlif sahələrinin dinamik və məhsuldar işləməsi üçün nəzərdə tutulmuş yeni müəssisələr açır, onların fəaliyyətini yoxlayır, rayonların sosial-iqtisadi vəziyyəti ilə yerindəcə tanış olur, müvafiq tapşırıqlar verir.
Aprelin 9-da Prezident İlham Əliyev bölgələrə növbəti dəfə səfər etdi. Gəncə şəhərinə, Hacıqabul və Qəbələ rayonlarına səfərləri zamanı dövlət başçısı yeni avtomobil yolunun, xəstəxananın, məktəblərin, istehsal və xidmət obyektlərinin açılışında iştirak etdi. Hacıqabul rayonunda vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə əsaslı şəkildə yenidən qurulan yol rayonun 8 yaşayış məntəqəsini birləşdirir. Uzunluğu 39 kilometr olan iki hərəkət zolaqlı avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun inşa edilib. Bundan başqa, Prezident İlham Əliyev Hacıqabul rayonunda “Agro Dairy” MMC-yə məxsus 4200 hektar torpaq sahəsinə Kür çayından nasos stansiyası vasitəsilə suvarma suyunun çatdırılması üzrə suvarma qurğuları kompleksi ilə tanış oldu. Su həyat, inkişaf deməkdir, belə suvarma kompleksinin istifadəyə verilməsi, əlbəttə, Hacıqabul və ətraf rayonların aqrar sahələrinin inkişafına çox müsbət təsir göstərəcək.
Prezident İlham Əliyevin Azərbaycanın ikinci ən böyük şəhərinə - Gəncəyə səfəri də əlamətdar hadisələrlə yadda qaldı. Dövlət başçısı Gəncə şəhərində Ekoloji Park Kompleksinin tikintisi ilə tanış oldu, Gəncə İdman Sarayının açılışında iştirak etdi. Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən inşa edilən Gəncə İdman Sarayı regional idmanın inkişafına öz töhfəsini verəcəyi birmənalıdır. Digər regionlarımzıda olduğu kimi, Gəncə şəhərində də belə idman sarayının istifadəyə verilməsi əhalinin idmana marağının artmasına təkan verməklə yanaşı, həm də onu təsdiqləyir ki, dövlətin idman sahəsinin inkişafına yönəlmiş siyasəti davamlıdır və bu inkişaf xətti bundan sonra da diqqət mərkəzində saxlanılacaq.
Eyni sözləri Gəncə şəhər stadionu barədə də demək olar. Bu şəhərdə idmanı, xüsusilə də futbolu sevirlər. Mövcud şəhər stadionu müasir tələblərə cavab vermirdi və buna görə də Gəncədə yeni stadionun inşasına ehtiyac yaranmışdı. Nizami yurduna səfəri zamanı Prezident İlham Əliyev şəhər idmansevərlərinin həyatında unudulmayacaq prosesə təkan verdi- Gəncə şəhər stadionunun təməlini qoydu. Stadion beynəlxalq standartlara uyğun işıqlandırma, səs, yayım, internet, təhlükəsizlik, giriş-çıxış sistemləri ilə təchiz olunacaq. Bir sözlə, stadionun istifadəyə verilməsi istər yerli, istərsə də beynəlxalq yarışların keçirilməsinə hərtərəfli şərait yaradacaq. Əlbəttə, Azərbaycanın idman infrastrukturu ölkəmizdə irimiqyaslı idman tədbirlərinin keçirilməsinə imkan verir. Gəncədə belə stadionun fəaliyyətə başlaması irimiqyaslı idman tədbirlərinin regionda da keçirilməsinə imkan verəcəyi baxımından əhəmiyyətlidir.
Azərbaycanın sürətlə inkişaf edən rayonlarından biri də Qəbələdir. Prezident İlham Əliyevin bu rayona səfəri də regional inkişaf nöqteyi-nəzərindən bir sıra açılışlarla əlamətdar oldu. Dövlət başçısı “Azərişıq” ASC-nin 110/35/10 kV-luq “Hacıalılı” elektrik yarımstansiyasının və Regional Təlim Mərkəzinin, Qəbələ Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etdi. Təbii ki, yeni infrastruktur layihələrinin istifadəyə verilməsi Qəbələ rayonunun sosial-iqtisadi inkişafına müsbət təsir göstərir, əhaliyə göstərilən xidmətin daha da yüksəlməsinə şərait yaradır.
Emin Bağırov sonda qeyd edib ki, bu tarixi mərhələdə regionların sosial-iqtisadi inkişafı davamlı inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin regionlarına hər səfəri onların inkişafına, vətəndaşların rifah halının yaxşılaşdırılmasına yönəlib. 44 günlük Vətən müharibəsində qələbə qazandıqdan sonra Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri aparmasına baxmayaraq, digər regionlarımız da diqqət mərkəzində saxlanılır. Regionlarda böyük infrastruktur layihələri həyata keçirilir, yollar, sosial obyektlər tikilir. Heç bir layihə təxirə salınmır. Bütün bunlar bir daha onu göstərir ki, dövlət başçısının siyasətinin diqqət mərkəzində vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi və onların rifah halının yaxşılaşdırılması dayanır.