Naxçıvanın Qaraxanbəyli kəndində Vətən müharibəsi şəhidi İslam Eyvazovun doğum günü ərəfəsində onun boya-başa çatdığı evin önündə ucaldılan abidəsinin açılış mərasimi keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əvvəlcə Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin media üzrə məsul şəxsi Günay Malikqızı bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri və qazilər daim diqqətdə saxlanılır. Şəhid və qazilərimizin Vətən qarşısındakı xidmətləri dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Onların qəhrəmanlıqları bundan sonra da unudulmayacaq, şəhid ailələri, övladları daim dövlətimizin himayəsi altında olacaqlar.
Qeyd edilib ki, İslam kimi oğullar qəhrəmanlıqları sayəsində hər bir azərbaycanlının qəlbində əbədi olaraq özlərinə abidə ucaldıblar. Azərbaycan xalqı belə igid oğulların və onları dünyaya gətirən anaların sayəsində daim var olacaq.
Sonra qəhrəman şəhidə həsr edilən mahnı səsləndirilib.
“Naxçıvan Qaziləri” İctimai Birliyinin sədr müavini Əli Əlisoy çıxışında qeyd edib: “Vətən savaşına atılan hər kəsin bir amalı var idi - Qələbə qazanmaq. Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə buna nail oldu. Torpaqlarımız uğrunda sağlamlığımızdan, canımızdan keçdik. Biz qazilər şəhidlərimizin şahidləri olaraq onların xatirəsini daim yaşadacağıq”.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun Xüsusi Təyinatlılar hərbi hissəsinin zabiti Rəşad Həbibov şəhid haqqında məlumat verərək bildirib ki, İslam Eyvazov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Cəbrayıl, Füzuli, Xocavənd istiqamətlərində vuruşub. Noyabrın 9-da Xocavənddə şəhidlik zirvəsinə yüksəlib. Şəhid Qaraxanbəyli kənd məzarlığında dəfn olunub. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən şəhid İslam Eyvazov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Tədbirdə şəhid anaları adından Fatma xanım, Gülşad ana, şəhid atası Mais Gülməmmədov, Rizvan Həmzəyev çıxış edərək şəhidlərin qəhrəmanlığından danışıblar.
Şəhidin döyüş yoldaşı Əli Musayev qəhrəmanın döyüş yolundan danışıb. Bildirib ki, son əməliyyata kimi onunla birlikdə olub. İslamın qəhrəmanlığı həmişə onun döyüş yoldaşlarının qəlbində yaşayacaq.
Şəhidin anası Aytən Eyvazova qeyd edib ki, ötən ay Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə şəhid ailələrinin Şuşa şəhərinə gəzintisi təşkil edilib. Həmin gün o da oğlu İslamın şəhidlik şərbəti içdiyi yeri görüb. Torpağı ovuclayıb balasının ətrini duyub. Dövlətimizə minnətdarlığını bildirən şəhid anası qeyd edib ki, onlar bu dövlət var olduqca şəhidlərin əziz xatirəsinin də yaşayacağına əmindirlər.
Sonra İslam Eyvazovun məzunu olduğu 15 nömrəli tam orta məktəbdə onun adını daşıyan sinfin şagirdləri şeirlər səsləndiriblər. Naxçıvan Dövlət Universitetinin tələbələrinin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.
Sonda qəhrəman şəhidin məzarı ziyarət edilib.