Gəncə:məqsəd kənd təsərrüfatının inkişafına dəstək verməkdir

post-img

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu (BMTBETİ) və Volqoqrad Dövlət Aqrar Universiteti arasında onlayn görüş keçirilib.

Memorandum tərəflər arasında müvafiq istiqamətlər üzrə münasibətlərin qurulması və inkişaf etdirilməsi, elmi-tədqiqat üzrə birgə fəaliyyətin həyata keçirilməsi, təkmilləşdirilməsi və qarşılıqlı maraq doğuran digər istiqamətlərdə əməkdaşlıq çərçivəsinin müəyyənləşdirilməsi məqsədini daşıyır.

Tədbirdə BMTBET-nin direktoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ölkələrimiz arasında dostluq münasibətlərinə toxunub, bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.  Direktor müqavilənin əhəmiyyətini önə çəkərək bildirib ki, əsas məqsəd iki qurum arasında əməkdaşlığı yeni mexanizmlər əsasında qurmaq, inkişaf etdirmək, kadr və təcrübə mübadiləsi aparmaq, o cümlədən birgə layihələrdə iştirak etməklə kənd təsərrüafatının inkişafına dəstək verməkdir. 

Volqoqrad Dövlət Aqrar Universitetinin rektoru Vitaliy Tseplyayev qarşılıqlı əməkdaşlıqdan məmnun olduğunu və imzalanmış müqavilənin vacibliyini vurğulayıb.

Görüşdə həmçinin elm sahələrində ortaq layihələr həyata keçirmək, elmi toplantılar, konfranslar təşkil etmək, birgə elmi-tədqiqatlar aparmaq, kadr hazırlığı məsələləri müzakirə edilib.         

Kadr hazırlığı, elmi tədqiqat sahələrində birgə araşdırmalar, ortaq layihələr həyata keçirmək əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirilib.

Sonda tərəflər arasında onlayn formatda qarşılıqlı müqavilə imzalanıb.

Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri









Sosial həyat