Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti və AMEA-nın Gəncə bölməsinin birgə təşkilatçılığı ilə 27 Mart - Elm gününə həsr olumuş konfrans keçirilib. AMEA-nın Gəncə bölməsində keçirilən tədbirdən əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.
Daha sonra AMEA Gəncə bölməsi əməkdaşlarının elmi nailiyyətlərini əks etdirən sərgiyə baxış keçirilib. Dövlət himni səsləndirildikdən sonra Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev Gəncənin tarixən köklü elmi ənənələrə malik olduğunu xatırladıb. O, respublikamızın ikinci şəhərində fundamental tədqiqatlar apara bilən elmi mərkəzin formalaşdırılmasını Ulu Öndər Heydər Əliyevin strateji düşüncəsinin nəticəsi kimi dəyərləndirib, elmimizin səviyyəsinin yüksəldilməsinin ölkə rəhbəri cənab İlham Əliyevin uğurla apardığı siyasətin mühüm tərkib hissəsi olduğunu vurğulayıb. Akademik həmçinin, Gəncə və Qərb bölgəsindəki tədqiqatların istiqamətləri haqda danışıb, elmi tədqiqat ocaqlarının maddi-texniki bazasının yaxşılaşdırılmasının vacibliyinə toxunub.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev Elm günü münasibətilə konfrans iştirakçılarını təbrik edərək deyib ki, respublikamızın, o cümlədən Gəncə şəhərinin elmi potensialı olduqca yüksəkdir, bu mənada, ölkənin tərəqqisində, çiçəklənməsində, habelə cəmiyyətin inkişafında elm adamlarının üzərinə böyük vəzifələr düşür.
Gəncədə fəaliyyət göstərən alim, mütəxəssis və tədqiqatçıların “Gəncənin maarifçi ədəbiyyatşünasları”, “İctimai elmlər üzrə fəaliyyət göstərmiş əslən gəncəli olan görkəmli elm xadimləri”, “Qərb regionunun kimyaçı akademikləri”, “Azərbaycan kimya elminin baniləri”, “Qərb regionunun aqrar və biologiya üzrə tanınmış elm xadimləri” və “Fizika-riyaziyyat elmləri üzrə tanınmış gəncəli alimlər” adlı mövzularda çıxışları dinlənilib.
Elmi və təşkilati fəaliyyəti ilə fərqlənən əməkdaşlara fəxri fərman və təşəkkürnamələr təqdim olunub.
Konfransın davamı olaraq, Gəncə ilə bağlı olan tanınmış akademiklərin - tibb elmimizin görkəmli nümayəndəsi Zülfüqar Məmmədovun, Azərbaycan elektroenergetika elminin banisi Çingiz Cuvarlının və aqrar elmimizin inkişafında öz izi olan Məmmədtağı Cəfərovun şəhərin qədim “Səbzikar” qəbiristanlığındakı məzarları ziyarət olunub.
Hamlet QASIMOV
XQ-nin bölgə müxbiri