Özbəkistanda dövlət səviyyəsində Novruz şənliyi keçirilib

post-img

Martın 21-də Daşkənddəki “Humo Arena” idman kompleksində Novruz bayramı münasibətilə dövlət səviyyəsində böyük şənlik keçirilib.

Bayram tədbirində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, hökumətin, Ali Məclisin və Senatın üzvləri, elm, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak ediblər.

Dövlət başçısı Novruz bayramı münasibətilə özbək xalqını, ölkədə yaşayan digər xalqların nümayəndələrini təbrik edib, Novruzun əhəmiyyətindən danışıb, hamıya firavanlıq arzulayıb. Dövlət başçısı son illərdə iqtisadiyyat, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, idman, kənd təsərrüfatı və digər sahələrdəki uğurlardan danışıb. Prezident bildirib ki, bu bayram türkdilli xalqların və Novruz arealında olan digər xalqların əziz milli bayramıdır. Qədimdən Novruz sülh, humanizm, əmin-amanlıq rəmzi kimi tanınır.

Sonra Özbəkistan incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunub, Novruza həsr edilmiş tamaşalar göstərilib.

Martın 21-də Daşkəndin 20-dən çox parkında, Özbəkistanın bütün vilayət və rayonlarında Novruz münasibətilə şənliklər, xalq gəzintiləri keçirilib.

Şənlikdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və paytaxtdakı diasporumuzun üzvləri də iştirak edib. 

Novruz şənlikləri ayın sonunadək davam edəcək. 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Daşkənd       





Sosial həyat