Göygöl Şəhər Heydər Əliyev adına mədəniyyət və istirahət parkında “Göygöl Möcüzələri” adlı Novruza həsr olunmuş bayram şənliyi keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, ulu öndərin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev tədbirdə çıxış edərək deyib ki, müqəddəs Novruz min illərin qan yaddaşından süzülüb gələn əziz bayramlarımızdan biridir. Uzun illər bu bayramın qeyd olunmasına böyük qadağalar qoyulsa da xalqımız onu elə öz evində, öz ocağında böyük hörmət və ehtiramla qeyd edib və Novruzu unutmayıb, yaddan çıxarmayıb. Novruz, bu gün Ulu Öndərin Heydər Əliyevin və Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sayəsində elliklə, dövlət səviyyəsində qeyd edilir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.
Sonra od timsalı, müqəddəslik rəmzi və Novruz atributu olan bayram tonqalı alovlandırılıb. Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə hazırlanmış incəsənət ustadlarının, bədii özfəaliyyət kollektivlərinin, uşaq bağçalarının körpə fidanlarının və məktəb şagirdlərinin rəngarəng mahnı və rəqsləri təqdim olunub. Bayram tədbirində həmçinin xalq sənətkarlığı nümunələri və yazın gəlişini əks etdirən rəsm əsərləri nümayiş olunub. İdmançıların nümunəvi çıxışları, Novruzun personajları olan Bahar qızının təbrik sözləri, Kosa və Keçəlin şirin, məzəli oyunları, yumurta döyüşdürmələri tədbir iştirakçılarına xoş ovqat bəxş edib. Şənlik geniş bayram konserti ilə davam edib.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri,
Göygöl rayonu