Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Novruz şənliyi keçirilib.
Mərasimdə Azərbaycanın Özbəkistandakı səfirliyinin əməkdaşları, ölkənin mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, diasporumuzun üzvləri, universitetlərin professor və müəllimləri, jurnalistlər iştirak ediblər. Əvvəl Novruz tonqalı çatılıb, AMM-nin rəqs ansamblının üzvləri bayram tonqalının ətrafında yallı gediblər.
Bayram tədbirini AMM-nin direktoru Samir Abbasov açaraq iştirakçıları Novruz bayramı münasibətilə təbrik edib. O, Azərbaycan xalqının min illərlə yaşatdığı, milli dəyərlərimizi, yaşam tərzimizi, mədəniyyətimizi, sənətimizi özündə əks etdirən Novruz bayramının ölkəmizdə keçirilməsi və Novruz adətləri haqqında məlumat verib.
Diplomat bildirib ki, Azərbaycanın Ümummilli lideri Heydər Əliyev milli adət-ənənələrə, o cümlədən Novruz bayramına xüsusi önəm verib və bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının milli-mədəni dəyərlərinin qorunması və inkişafı siyasəti uğurla həyata keçirilir.
Özbəkistan–Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, Özbəkistan Ali Məclisinin deputatı Gülbaxor Saidqaniyeva çıxışlarında Türk dünyasında geniş qeyd olunan Novruz bayramının xalqlarımızın qədim tarixi və zəngin ənənələrini nümayiş etdirdiyini bildiriblər.
Sonra Novruz bayramının Azərbaycanda qeyd olunmasına dair videomaterial nümayiş etdirilib. Tədbirin bədii hissəsində Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Kövkəb Əliyeva adına rəqs ansamblı” çıxış edib.
Tədbir iştirakçıları milli yeməklərə, şirniyyata qonaq ediliblər.
Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri
Daşkənd