Heyvan satışı qanunla qadağan edilərsə
Bu gün Azərbaycanda sahibsiz itlərin sayının çox ya da az olduğunu deyə bilmirik. Bildiyimizə görə, onların statistikasını heç kim aparmayıb və bu barədə ümumiyyətlə məlumat verilmir. İstər Bakıda, istərsə də regionlarda sahibsiz heyvanların çoxluğunu son vaxtlar daha kütləvi hal alan şikayətlərdən müəyyən etmək olar.
Bir neçə gün bundan əvvəl – “Qobu Park 3”ün 9 yaşlı sakinini itlərin parçalaması bu problemi yenidən gündəmə gətirdi. Paytaxt sakinləri istər sosial şəbəkələrdə, istərsə də mediaya açıqlamalarında sahibsiz küçə itlərinin diqqətdən kənarda qaldığını iddia etdilər. Əlaqədar təşkilatlar çıxış yolu kimi, bu dəfə də faciənin baş verdiyi həmin ərazilərdən kütləvi olaraq itləri yığmaq qərarı verdilər. Yenə qurban uşaq oldu, günahkar isə sahibsiz itlər...
Uşaq hüquqlarının müdafiəsi arxa plana keçəndə
Elə son faciənin detallarına varaq. Hadisə saat 17:37-də – artıq havanın qaranlıqlaşmağa başladığı bir vaxtda “Qobu Park 3”ün nəzarətçisi Məhəddin Mirzəliyevin də qeyd etdiyinə görə, uşağın yaşadığı ərazidə baş verməyib. Əvvəla, 3-4-cü sinif şagirdləri oynamaq üçün öz ərazilərində boş yerləri yox, çöl-biyabanı niyə seçmişdilər. O uşaqların əvvəldən də orada tək olmadıqlarını bildirmişdilər. Bəs hadisə şahidlərinin hamısı dindirilibmi? Çünki bəzi iddialara görə iti yeniyetmə uşaqlar azyaşlıların üstünə qısqırdıblar. Komanda eşidən itlər, təbii ki, sahibi olan itlərdir.
Bu münaqişə, mübahisə nəticəsində, yaxud sırf “zarafat”la edilə bilərdi. Bu uşaqların ailələri ilə söhbət aparılmalı, sonra maarifləndirmə tədbiri kimi mətbuatda işıqlandırılmalı idi ki, onu görmədik.
Uşaq haqlarını müdafiə edən əlaqədar təşkilatların bəyanat, yaxud açıqlamaları oldumu? Müvafiq dövlət qurumlarının, ictimai təşkilatların, QHT-lərin ağızlarına sanki su alıb susmaları uşaq hüquqlarının müdafiəsinə biganəlik deyilmi? Uşaqların dəstə halında çöl-biyabanda axşam vaxtı gəzmələrinə izah gətirən olmadı.
Bəs uşağın anası... Bu ərazilərdə həm də zəhərli ilan, əqrəblər uşaqları sanca bilər. Övladını nəzarətsiz buraxan valideyn cəzalandırılmalıdırmı? Əslində, belə bir cəza tətbiq edilsəydi, o zaman baş verən hadisənin motivlərinin araşdırılmasında valideyn də maraqlı olardı. Ananın soyuqqanlılıqla yalnız “küçə itlərinə qarşı tədbir görülsün”, – deməsi onun məsuliyyəti öz üzərindən atması anlamına gəlmirmi?
Elə əvvəllər də Masallıda 4 yaşlı uşağın it dişləməsi nəticəsində ölməsi, Bakıda həmin yaşda digərinin ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilməsindən sonra da sahibsiz itlər hədəf götürüldülər. İlahi, axı bunların cəmi 4 yaşları var. Bu körpələri ehtiyatsızlıqdanmı, yaxud bilərəkdən təhlükəyə atırlar.
Niyə məhz uşaqlar, əsasən də oğlanlar...
İtlər niyə məhz uşaqları, özü də əsasən oğlanları hədəf seçirlər? Elə ötən il Sumqayıtda itin parçaladığı 8 yaşlı oğlanın anası özü də etiraf etdi ki, heyvanın ağzına həmişə ağac soxurmuş. Ananın oğlunun qabdan yeməyi əli ilə yox, ağzı ilə yeməsi ilə bağlı fikirləri də az söz-söhbət yaratmadı. Bəlkə əvvəlcə uşaqlarımıza sahib çıxaq. Küçə itləri sürü ilə gəzirlərsə, yaxud bəzilərinin dediyinə görə, “quduz”durlarsa niyə 1 gündə 5-10 yox, 1 uşağı parçalayırlar. Bu itlər elə 3-4 aydanbir uşaqlara hücum edirlər? Təəssüf ki, küçə itlərinin sayının nəinki azalmaması, hətta daha iri it cinslərinin peyda olması barədə bir kəlmə də danışılmır. Şübhəsiz, bu itlər sakinlər tərəfindən azdırılır, atılır. Heyvanların sahibi tərəfindən küçəyə atılması ilə bağlı ölkəmizdə sərt qanunların olması vacibdir. Dünyanın bir çox ölkələrində ev heyvanlarının küçəyə atılması nəinki qadağandır, hətta cinayət məsuliyyəti, yüksək cərimələr və həbs nəzərdə tutulur.
....çoban itləri, pitbull, ovçarkalı küçələr... sahibli, sahibsiz itlər...
Yenə qayıdaq hadisəyə. Qobuluların bineyi-qədimdən maldarlıqla məşğul olduqları üçün saysız-hesabsız çoban itləri də saxladıqları heç kimə sirr deyil. Bu itlərin aqressiv olması şərtdir, çünki onları gözəllik, yaxud əyləncə üçün saxlamırlar. Dağların qoynundakı ərazilərdə, həm sürünü, həm sahibini qoruyur. Sahibləri bu itlərin qısırlaşdırılması, yaxud vaksin olunması ilə bağlı hətta düşünmək belə istəmirlər. Onların populyasiyasının nəzarətdə olmaması da gün kimi aydındır. Belə itlərin ərazidə çox olması səbəbindən, qobulu uşağın bir çobanın iti tərəfindən parçalandığının iddia olunması isə təsadüfi deyil. Həmin itin qısırlaşdırılıb – qısırlaşdırılmaması, aqressivliyi, yaxud vaksinlərinin olunub – olunmaması, əslində araşdırılmalı idi. Çoban isə özünü müdafiə edərək onun heç vaxt heç kimi dişləmədiyini deyir. “Qoyunlarımı hər il küçə itləri parçalayır”, – fikirləri isə heç də inandırıcı görünmür. Çünki adətən kiçik ərazilərdə qoyun sürüsü alabaylar tərəfindən ciddi qorunur və bu güclü heyvanların onlardan xeyli kiçik və zəif itlərə hücum edib, ölümcül yaralaması faktları bəs qədərdir.
Beynəlxalq Heyvanların Mühafizəsi Təşkilatının prezidenti Fərid Mansurov qəzetimizə açıqlamasında əməkdaşlarının həmin ərazidə olduqlarını, müvafiq videolar çəkdiklərini bildirdi:
-Ərazidə sahibsiz itlərin sayı çoxdur. Orada hətta xaltalı Qafqaz çoban itini də görüblər. Ola bilər, sahibi var, yaxud yenicə küçəyə atılıb. Son illər “küçə” itləri sırasına satış və ya digər məqsədlər üçün artırılan, hər hansı səbəbdən küçəyə atılan, həm də kifayət qədər təhlükəli olan müxtəlif iri cins heyvanlar da qoşulub.
Yeri gəlmişkən, bu gün Qobuda, eləcə də Bakıətrafı digər ərazilərdə xaltalı iri cins itlərini hər kəs görə bilər və bu, təəccüblü deyil. Eləcə də, dünyada ən təhlükəli it növlərindən olan, bəzi ölkələrdə artırılması qadağan olunan pitbulların belə Bakının mərkəzində sahibsiz dolanmaları bizim üçün adiləşir. Necə ki, bu günlərdə satılmayan pitbul küçüklərinin küçəyə atıldığının şahidi oldum...
Küçə itlərinin cəsədini yeyən döyüş itləri...
Bir neçə il bundan əvvəl narkotik vurulduğu iddia olunan pitbull cinsindən olan itlərin ölənə qədər döyüşdürülməsi ilə bağlı ürəkdağlayan xəbərlər yayıldı. İddia edilirdi ki, pitbullun öldürdüyü küçə itinin cəsədi doğranılır və cavan döyüş itlərinə yedizdirilir. İt döyüşlərini əks etdirən videogörüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra məsələ Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülmüşdü. Elə indi də it döyüşləri üçün yetişdirilən heyvanlarla bağlı sosial şəbəkələrdə çoxlu xəbərlər yayılır.
Veterinar Taryel Mürsəlov da itlərin döyüş məqsədi ilə yetişdirməyin insanlıq adına ləkə olduğunu dedi:
–Bəzən heyvanları qaranlıq şəraitdə, zəncirdə saxlayır, döyür, işgəncə verirlər. Məqsəd onları döyüşlər üçün yetişdirməkdir. İstədikləri nəticəni almayanda isə, artıq aqressivləşmiş yarıvəhşi itləri küçəyə buraxırlar. Döyüş itləri kimi yetişən heyvanlar arasında isə dövrümüzün ən qanlı “yarış”ları təşkil edilir. Belə döyüşlərin birində hətta it sahibini parçalayıb. Bu cür “yarış”larda xarici ölkə vətəndaşları da fəal iştirak edirlər. Bəzən belə döyüşdə itinin məğlub olması, sahibinin heysiyyatına toxunur və beləliklə, zavallı heyvan küçəyə atılır. Bu hal isə ətrafdakılar üçün labüd təhlükə yaradır. Hətta bağlarda saxlanılan itlərin aqressiv olması üçün bəzən xüsusi təlimə aparırlar ki, sahibindən başqa hər kəsi qapsın. Bu itlər sahibləri tərəfindən küçəyə atılanda cəmiyyətin bəlasına çevrilir. Bizə tez-tez itin qulağı, yaxud quyruğunu kəsdirmək üçün müraciət edirlər. Başa salırıq ki, bunu etmək olmaz, çünki istənilən ciddi müdaxilə zamanı heyvanın gördüyü şiddət onu aqressivləşdirir.
...satılmayanda pay verilir
Mövzunun maraqlı, cəmiyyət üçün isə olduqca təhlükəli bir tərəfi də var. Köhnə “Qarabağ” mehmanxanası deyilən ərazidə yerləşən bazarın həyətində, it qəfəslərinin yanında bir neçə gün bundan əvvəl çox arıq, ayaq üstə güclə dayanan 6-7 aylıq pitbull küçükləri dolaşırdı. Onlardan biri hətta küçəyə çıxmışdı. Özünü zoo mağaza işçisi kimi təqdim edən ortayaşlı bir kişi bu heyvanlar satılmadığı üçün pay verəcəyini dedi. Ümumiyyətlə, həmin ərazidə və digər yerlərdə bazarlarda, zoo mağazalarda dar qəfəslərdə normal hərəkət edə bilməyən, yeməksiz və susuz, nəcislərinə batmış itləri qəfəslərdə görəndə yanından laqeydliklə keçirik. Daimi stress şəraitində əziyyət çəkən heyvanlara qarşı qəddarlığı necə sübut etməli? Satılmayan itlərin taleyi necə olur. Adının çəkilməsini istəməyən satıcı “Xəstə itlər ya öldürülür, ya da azdırılır. Cins olduğu üçün də insanlar küçələrdən sahiblənirlər. Satılmayan dişiləri cütləşdirib bala alırıq, erkəkləri qəpik-quruşa da olsa satır, yaxud pay veririk”, – dedi.
Yeri gəlmişkən, son vaxtlar iri, yaxud təhlükəli cins itlərin (senbernar, ovçarka, doq, boksyor, endelteryer, doberman-pinçer və s.) Bakıda çoxaldığının, bəzən küçələrdə sahibsiz gəzdiklərinin şahidi oluruq.
Taryel Mürsəlov xaricdən, əsasən də Dağıstandan hazırda da cins itlərin ölkəmizə gətirildiyini deyir:
-İnsanlar alır, saxlaya bilməyəndə küçəyə atırlar. Uşaqlar, xüsusən oğlanlar sahibsiz itləri daşla, dəyənəklə vurur, incidirlər. Belə itlər insana təhlükə mənbəyi kimi baxmağa başlayırlar. Hazırda yaşadığım Qaradağın Ələt, Qobustan ərazilərində saysız-hesabsız sahibsiz itlər var. Masazırda “Monza”nın yanında da elə. Bəziləri tərəfindən incidilən itlərin qurbanları digər günahsız insanlar olur. Qaldı ki, Qobuda itin uşağı parçalamasına...Həmin ərazi çöl-biyaban, dərəli, təpəli yerlərdir. İşgəncələrə, hətta təcavüzə məruz qalan, ömürlük şikəst edilən küçə itləri bəzən heyvansevərlər tərəfindən müayinəyə gətirilir. Bunu edənlərin qəddarlığı insanlıq adına ləkədir. Onlar təkcə heyvanlar üçün yox, cəmiyyət üçün də çox təhlükəlidirlər.
İtlərini azdıranlar həbs olunsun
Son illər IDEA Heyvanlara Qayğı Mərkəzi, eləcə də “Toplan” sahibsiz itlərə qayğı mərkəzinin fəaliyyət göstərir. Eləcə də, Bakı və regionlarda bir çox heyvan sığınacaqları açılıb. Bu qurumlar, həm itlərin sterilizasiyası, həm də sahibləndirilməsi üçün böyük iş aparırlar.
Sumqayıtlı Arzu Gülmalıyeva heyvanları götürüb böyüyəndə küçəyə atan məsuliyyətsiz insanlarla bağlı qanunlara ehtiyac olduğunu dedi:
-Hazırda sığınacağımızda 70-dən çox heyvan var. Maddi bazamız olmaya-olmaya 5-6 qadın bu çətin işləri öhdəmizə götürmüşük. Qısırlanma işində isə 19 nəfər kömək edir. Bu heyvanları Yaşmadakı sığınacağımıza xəstə, şikəst, yaralı vəziyyətdə gətirmişik. Yol uzaq, dərmanlar, baytar xidmətləri baha. Heyvanlar üçün xərclənən aylıq 1200-1300 manatı aşır. Həyatımız sahibsiz heyvanlarla çox çətin olsa da, onları ata bilmirik. Üstəlik, evdə heyvanlarım, məhəllədə it və pişiklər ac-susuz yolumuzu gözləyir.
Küçə itləri gündən-günə artır. Onları məhv etmək məqsədilə zəhərləyənləri, güllələyənləri gördükcə ürəyimiz ağrıyır. Axı biz təbiəti sevən, onunla iç-içə yaşayan millətik. Uşaqları itlər parçalayırsa, bu, müxtəlif səbəbdən ola bilər. Bəlkə elə sahibli itlərdir. Həyətlərdə, bağlarda uşaqlar itlərlə davtranış qaydalarını bilmirlər. Hər belə dəhşətli hadisədən sonra itlərin məhv edilməsi düzgün deyil. Mən razıyam, müsəlman ölkəsidir, bəziləri itləri murdar sayır. O zaman həyətlərində də saxlamasınlar. İtlə qəddar rəftar edilirsə, aqressivləşəcək. Onu sevmirlərsə, istədikləri an küçəyə atacaqlar. Ev heyvanlarını küçəyə atan insanlar həbs edilməlidir.
Hanı birkalı itlər?
“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli mühafizə, sterilizasiya, mikroçipləmə ilə bağlı kompleks tədbirlərin həyata keçirilməli olduğunu bildirdi:
-Uzaq ölkələri misal çəkməyəcəyəm. Elə qardaş Türkiyəni, qonşu Gürcüstanı göz önünə gətirək. Sahibsiz itlər azdırmı? Yox, bəlkə ölkəmizdə olduğundan da çoxdur. Amma hər tində, küçədə, parklarda qulağı birkalı 100-lərcə it görmək olar. Hanı bizim birkalı itlərimiz? Onların statistikasını kim aparır? Küçələrdən sürü ilə gəzən itlər, az qala hər gün torbalara salınaraq yığılır. Belədirsə, qısırlaşdırılıb buraxılan itlərin sayı indi minlərcə olmalı idi. Küçə itləri, eləcə də, pişiklərin kompleks şəkildə çipləndirilməsi, mühafizəsi həyata keçirilməlidir. Bir sıra ölkələrdə bununla bağlı gözəl təcrübə var. Biz ekoloqlar həyəcan siqnalı çalırıq. Yaşıllıqların çoxu yoxa çıxıb. Bütün pişikləri, itləri, quşları, onlardan da təhlükəli olan ilan və həşəratları öldürə, məhv edə bilmərik. Yaşıllıqlar, həşarat, quşlar, heyvanlar – ekosistemimiz, həyatımızdır.
Azərbaycan 2007-ci ildən Avropa Konvensiyasının üzvü kimi bir sıra öhdəliklər sırasında, ev heyvanlarının rifahının təminini də üzərinə götürüb. Bu, artıq dövlət siyasətidir və burada konkret dövlət proqramının olması vacibdir.
Elman Cəfərlinin fikirlərinə onu da əlavə etmək istəyirik ki, yalnız dövlət səviyyəsində kompleks tədbirlərlə, bu həlli vacib məsələnin öhdəsindən gələ bilərik. Sahibsiz heyvanlarla bağlı vəziyyətin kritik həddə çatması, kütləvi şəkildə onların yığılması, nəticə etibarı ilə qulağı birkalı itlərin görünməməsi söhbət etdiyim heyvansevərləri xeyli düşündürür. Çünki küçədə, məhəllədə yedizdirilən sahibsiz itlər bir neçə aydan sonra şikayətlər əsasında yığışdırılır, yerində yeniləri peyda olur. “Qobu-Park 3”də baş vermiş faciə cəmiyyəti sanki iki hissəyə böldü. Bəziləri heyvanları qınadılar, heyvansevərlər isə dilsiz-ağızsız canlıları qınayan insanları günahlandırdılar. Amma elə hamının gəldiyi ümumi fikir isə belə oldu:
–Xaricdən heyvanların satış məqsədilə gətirilməsi, ev heyvanlarının küçəyə atılması, eyni zamanda, satışını qadağan edən qanunlar qəbul edilsin. Dövlət səviyyəsində daha genişmiqyaslı kompleks tədbirlərin görülməsi üçün addımlar atılsın. O zaman balaca dostlarımız da rahat yaşayacaq, uşaqlarımızla faciələrin da qarşısı alınar.
Leyla QURBANOVA
XQ