Türkiyədə Qarabağa həsr olunmuş konfrans keçirilib

post-img

Türkiyənin Uşak Universitetində Türk Dünyası Araşdırmaları Mərkəzi və Azərbaycan Mədəniyyətini Tanıtma Dərnəyinin birgə təşkilatçılığı ilə “Qarabağ - Xocalı: dünən, bu gün və gələcək” adlı konfrans keçirilib.

Mərasimi giriş sözü ilə açan Uşak Universitetinin rektoru Əkrəm Savaş   bildirib ki, tarixdə baş verənləri unutmamaq üçün bu kimi tədbirlərin xüsusi önəmi var. Türk dünyası olaraq güclü olmalıyıq. Biz güclü olmayanda, bizi məhv etməyə, məğlub etməyə çalışırlar. Xocalıda, Qarabağda yaşadıqlarımızı bu gün Fələstində yaşayırıq. Aylardır qadınlar, uşaqlar və günahsız dinc sakinlər qətlə yetirilir. Ona görə də gənclərimizə  tövsiyə edirəm: tarixi yaxşı öyrənin, keçmişi unutmayın. Bu gün üçün keçmişdə tökülən göz yaşlarını, qanları, əzabları unutmamalıyıq.

Uşak Universiteti Türk Dünyası Araşdırmaları  Mərkəzinin müdiri Kamil Uyğun və Azərbaycan Mədəniyyətini Tanıtma Dərnəyi rəhbərinin  müşaviri Naib Ələkbərov açılış nitqlərində həm Xocalıda, həm də Qarabağda baş verənlərin tarixi əhəmiyyətinə diqqət çəkiblər.

Egey Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunun şöbə müdiri  professor Vəfa Qurban çıxışına Cənubi Qafqaz regionun tarixi və iqtisadi əhəmiyyətini izah etməklə başladı. O, Qarabağ regionun bütün türk dövlətləri üçün vacibliyini qeyd etdi, təqdim etdiyi sənədlər vasitəsi ilə vaxtı ilə bölgədə  erməni əhalisini artırmaq üçün aparılan işlərdən, ermənilərin Xocalıda törətdikləri soyqrımdan danışdı və Azərbaycanın tarixi qələbəsindən sonra Qarabağda aparılan böyük quruçuluq işləri haqqında məlumat verdi.

Qarabağ zəfərinin tarixi əhəmiyyətindən danışan Azərbaycanın  Türkiyədəki səfirliyinin təhsil müşaviri  Nəcibə Nəsibova Xocalı qətliamı haqqında məlumatların  dünyaya çatdırılmasında qardaş Türkiyənin böyük rolu olduğunu vurğuladı. Türkiyənin hər zaman Azərbaycanın  yanında olduğunu bildirən müşavir  türk xalqına və dövlətinə təşəkkür etdi.

Mərasimdə Uşak Universitetinin prorektoru  Kenan Taş, fakültə dekanları, peşə liseyi müdirləri, professor-müəllim heyəti  və tələbələr iştirak edib.

XQ







Sosial həyat