Dünya əhalisinin təxminən 20 faizi qohum nikahındadır. Bu, müxtəlif amillərdən irəli gəlir. Bu tendensiya qapalı, iqtisadiyyatı zəif ölkələrdə, daha çox savadsız cəmiyyətlərdə geniş yayılıb.
Bu fikirləri Sosial Tədqiqatlar Mərkəzində qohum nikahlarla bağlı ictimai müzakirə zamanı mərkəzin İdarə Heyətinin sədri, deputat Zahid Oruc bildirdi.
Deputat dedi ki, dünya əhalisinin 20 faizə qədəri qohum evliliklərinin məhsuludur: “Pakistan və Hindistanda bunun faiz göstəricisi daha yüksəkdir. Tarixi faktlara baxsaq, Misir fironlarının hakimiyyətinin dağılmasının əsas səbəblərindən biri qohum evliliyindən doğulan uşaqların fiziki və əqli problemləri olub".
Sədr təkcə kasıbların deyil, varlıların da bu cür hallara yol verdiyini qeyd edib: "Mənim var-dövlətim kimə qalacaq" deyə düşünərək qohum evliliklərinə yol verirlər”.
Deputatın sözlərinə görə, genetiklər daim qohum nikahların nəsillərində hər cür fizioloji anomaliyaların mövcudluğunu sübut edirlər. Risqlərə rəğmən qohum evliliklərinin sabit nikah münasibətləri, ailənin maddi problemlərinin azaldılması, nikahın asanlığı, qadın müstəqilliyinin yaxşılaşdırılması, qayınata, qayınana ilə daha yaxşı uyğunlaşma, daha az məişət zorakılığı, daha az boşanma nisbətləri və gizli imkanların azaldılması kimi sosial və mədəni faydalara malik olduğuna inanılır.
“Ailə kiçik dövlət, dövlət böyük ailədir. Ailə milli varlığın qoruyucusudur. Ailə institutu xüsusi transformasiyaya uğrayır, ona yalnız xaricdən basqı edilmir, eləcə də tarixi ənənələr, dini və digər amillər ailələrin dayanıqlıq və möhkəmliyinə təsir edir. Bu prinsipdən çıxış edərək, yaxın qohumlar arasında nikahın ən mühüm fəsadlarından biri məhz bu nikahların sağlamlıq problemlərinə səbəb olmasıdır. Belə ki, bu tip evliliklər qan qohumluğuna əsaslanır və bu, həmin nikahdan doğulan şəxslərə müəyyən genetik xəstəliklərin ötürülməsi riskini artırır.
Deputat qeyd etdi ki, ən vacib addımlardan biri qohumluq və onun fəsadları haqqında dini müzakirələrin geniş aparılmasıdır: “Çünki nikahın göylərdə kəsilməsi kimi səmavi inanclara əsaslanıb hökmlərin verilməsi məlum durumu yaradıb. İndi baxışlar dəyişməlidir. Qohum evliliklər üçün genetik test yönləndirmə mərkəzləri yaradıla bilər. İnsanlar genetik test nəticələrinin məxfi və etik olduğuna əmin olmalıdırlar. Genetik xəstəliklərlə bağlı araşdırmalar təşviq edilməlidir”.
Rizvan FİKRƏTOĞLU
XQ