Azərbaycan boksçusu “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

post-img

Azərbaycan boksçusu Nicat Hüseynov “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

 51 kiloqram çəkidə mübarizə aparan ikiqat Avropa çempionumuz bu uğura İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirinin 1/4 finalında Rosko Hillə (ABŞ) qalib gəlməklə nail olub.

Bu görüşədək dünya çempionatının bürünc medalçısı Deepak Deepak (Hindistan), mundialın finalçısı, Avropa çempionu Sahil Alahverdovi (Gürcüstan) və qitə ikincisi Rudolf Qarboyan üzərində inamlı qələbə qazanan N.Hüseynov bu dəfə də rinqdən qalib ayrılıb.

Dünya çempionatının gümüş medalçısı olan amerikalı rəqibini 3:2 hesabı ilə məğlub edən yığma üzvü yarımfinala yüksəlməklə lisenziyaya sahib olub.

Nəticədə boks yığmamızın "Paris-2024"ə qazandığı vəsiqələrin sayı 3-ə yüksəlib. N.Hüseynovdan öncə III Avropa Oyunlarında Murad Allahverdiyev (80 kiloqram) və Məhəmməd Abdullayev (+92 kiloqram) Olimpiadada iştirakını rəsmiləşdirib.

Qeyd edək ki, İtaliyada Sərxan Əliyev də 1/4 final döyüşünə çıxacaq.



İdman